Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Bayraq Günü və Şuşanın işğaldan azad edilməsi münasibəti ilə bayram tədbiri keçirilib.Tədbirdə Daşkənddə yaşayan soydaşlarımız, qardaş özbək xalqının nümayəndələri, azərbaycanlı şagirdlər iştirak edib.Əvvəl Ulu Öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə çiçək dəstələri qoyulub.
Tədbiri açan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dövlət rəmzimiz, müstəqilliyimizin simvolu olan üçrəngli bayrağımız, onun keçdiyi şərəfli yol barədə danışıb.
Samir Abbasov sevinclə vurğulayıb ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra dövlət başçısı İlham Əliyev Şəhidlər xiyabanında Şuşanın Ermənistanın işğalçılarından azad olunması ilə bağlı Azərbaycan xalqına müraciət edib.
S. Abbasov Azərbaycan Prezidentinin xalqa müraciətindən bu sitatı çatdırıb: ”İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”
Sonra qurbanlar kəsilib, bildirilib ki, qurban payı Daşkənddə yaşayan imkansız ailələrə paylanacaq. Azərbaycan Mədəniyyət Mərkəzinin binasının üzərində Azərbaycanın üçrəngli möhtəşəm bayrağı dalğalandırılıb.
Şənlik bir neçə saat davam edib.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciəti başa çatdıqdan bir müddət sonra Özbəkistanın Daşkənd şəhərində yaşayan bir qrup azərbaycanlı səfirliyimizin, Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısına gələrək “Qarabağ Azərbaycandır” adlı aksiya keçiriblər.
İştirakçılar əmin olduqlarını bildiriblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə torpaqlarımız tam olaraq azad olunacaq.
Sonra aksiya iştirakçılar şəhərin küçələrində Azərbaycan və Özbəkistan bayraqları ilə bəzədilmiş maşınlarla aksiyanı davam etdiriblər.
Aksiya “Qarabağ Azərbaycandır” şüarları ilə başa çatıb.
Tarix: 9-11-2020, 12:02
Digər xəbərlər
-
“Ekoturizmin internetdə təbliği yolları” adlı kitabça çap edilib
-
Ekoturizmin sosial və internet mediada təbliğinə aid ekspert təkliflərini əhatə edən yazılar dərc edilib
-
Ruhiyyə Məmmədova: “Qələbəyə görə minnətdarlıq hissini bərəkətlə bölüşürük”
-
Daşkənddə Azərbaycanın qələbəsi ilə bağlı bayram tədbiri keçirilib