“Rus, ingilis və s. dünya dillərində yazan, videolar hazırlayan bloqqerlərin diqqətini Azərbaycana info-turlar və s. üsullarla yönəltmək olar”
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Azərbaycanın ekoturizm potensialının sosial və internet mediada təbliği” layihəsini icra edir. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda turizmin ümumi inkişafı kontekstində ölkə ekoturizminin rentabelli olmasına xidmət edəcək yeni ideyaların ortaya çıxmasına, ekoturizm təşəbbüslərinin artmasına, ekoturizm potensialımızın dünyada təbliğinə töhfə verməkdir. Layihə çərçivəsində ekoturizmin sosial və internet mediada təbliğinə aid yazılar, ekspertlərlə müsahibələr hazırlanır və “Yenimedia.info” saytında yerləşdirilir. Bu sıradan növbəti yazını – “Moskvanın Azərbaycan icması” regional ictimai təşkilatının rəhbəri, fəal diaspor üzvü Şamil Tağıyevlə müsahibəni təqdim edirik.
– Azərbaycanın ekoturizm potensialını necə dəyərləndirirsiniz?
– Özüm hər il Azərbaycanın müxtəlif guşələrini gəzirəm, çox möcüzəvi və gözəl təbiətə malikdir bizim döğma vətənimiz. Buna görə də ildən-ilə xarici turistlərin də Azərbaycan turizminə və ekoturizminə marağı artmadadır. Böyük potensiala malik olan təbiətimiz, ekoturistik yerlərimiz var. Bununla belə, demək lazımdır ki, Azərbaycanda ekoturizm sektoru hələ ki özbaşına inkişaf edir. Müvafiq qurumlar bu sektorun inkişafı üçün Sistemli şəkildə çalışmırlar. Bilirsiniz ki, son dövrlərdə Azərbaycana çoxlu sayda ekobloqqerlər səyahət edirlər, ekoturistik yerləri, milli mətbəximizi, təbiətimizi adət və ənənəmizi sosial şəbəkələrdə müxtəlif dillərdə təbliğ edirlər. Bu videobloqqerləri biz də izləyirik və doğrusu, onların bu sektorda vurğuladıqları çatımazlıqlarla mən də razıyam. Məsələn, yol kənarı kamp zonalarının olmaması, infrastrukturun zəif olması və s. Ümidvaram ki, bu sahədə də böyük işlər görüləcək ki, hər il xaricdən gələn turistlərin sayı daha da artsın. Bu sırada əsas sahələərdən biri də etnoturizimdir. Bu sahəyə də diqqət ayrılmalı olduğunu düşünürəm.
– Azərbaycanın ekoturizm potensialı sosial və internet mediada, ümumiyyətlə, digital müstəvidə lazımınca təbliğ və təqdim edilirmi?
– Yuxarıda vurğuladığım kimi, ən böyük təbliği videobloqqerlər edirlər. Elə bloqqer var ki, millionlarla izləyicisi var. Həmin bloqqerin çəkdiyi video əsasında, onun infrastuktura verdiyi qiymətin nəticəsində minlərlə izləyicidə həmin ölkələrə maraq yaranır. Bunun üçündə adını çəkdiyim problemlər həll olunmalıdı, ilk növbədə. Daha sonra isə tanınmış xarici bloqqerlərin mütəmadi olaraq Azərbaycana info-turlarını təşkil etmək lazımdır. Rus, ingilis və s. dünya dillərində yazan, videolar hazırlayan bloqqerlərin diqqətini Azərbaycana info-turlar və s. üsullarla yönəltmək olar. Dediyim kimi, ekoturizm sahəsində mövcud məsələləri həll edəndən sonra bu məsələyə böyük diqqət yetirmək lazımdır.