Dühası haqq yolumuzu işıqlandıran dahi A- / A+

Bəşər tarixində istedadı və ağlı, gücü və cəsarəti, siyasi iradəsi və müdrikliyi ilə mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malik dahi şəxsiyyətlər çox olmamışdır. Bu nadir insanlar sırasında siyasi müdrikliyi mənəvi kamilliyi ilə öz şəxsiyyətində birləşdirmiş, adı qızıl hərflərlə müasir dünya tarixinə ümummilli lider kimi həkk olmuş, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.Dahi şəxsiyyət, görkəmli siyasi xadim, böyük İnsan Heydər Əliyev haqqında, onun Azərbaycanın hərtərəfli inkişafında misilsiz xidmətləri, xalqımıza və dövlətimizə verdiyi töhfələr barədə nə qədər söhbət açsaq, nə qədər bölüşsək də, fikir və düşüncələrimiz tükənən deyil. Ümummilli liderin nəhəng, zəngin və çoxşaxəli siyasi fəaliyyətində Azərbaycanın vətəndaş rifahına təminat verən sosial dövlət modelinin formalaşması xüsusilə önəmlidir. Sosial rifah amili Ulu öndərin dövlətçilik fəlsəfəsinin əsasını təşkil etməklə ölkəmizdə sosial müdafiə sisteminin formalaşmasını təmin etmiş, Azərbaycanın milli iqtisadiyyatının inkişafında əhalinin sosial maraqlarının təminatı prinsipi onun ölkəyə rəhbərlik etdiyi dövrdə daim ön planda olmuşdur.1993-cü ilin iyun ayında Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışı ilə Azərbaycanda dövlət quruculuğu prosesləri ilə yanaşı, sosial müdafiə siyasətinin də formalaşması və həyata keçirilməsi istiqamətində mühüm addımların atılmasına başlanıldı. “Sosial yönümlü bazar iqtisadiyyatı bizim iqtisadiyyatımızın əsas prinsipi olmalıdır” deyə bəyan edən Ulu öndərin qəbul etdiyi qərarlar onun sosial dövlət ideyasının Azərbaycanın inkişafında aparıcı amil kimi müəyyən edilməsini təsdiqlədi.
Heydər Əliyevin qəbul etdiyi qərarlar nəticəsində sosial cəhətdən həssas kateqoriyaların, o cümlədən yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi, ahıllara və tənhalara yardım edilməsi kimi istiqamətlərdə ilk və mühüm addımlar atıldı. “Biz sosial cəhətdən köməyə ehtiyacı olan insanların sosial təminatını gündən-günə yaxşılaşdırmağa çalışmalıyıq”, deyə qeyd edən Ulu öndərin təşəbbüsü və tapşırığı ilə sosial cəhətdən həssas qruplarla bağlı sosial müdafiə tədbirlərinin əhatə dairəsi xeyli genişləndirildi. Heydər Əliyevin müəllifi olduğu uğurlu sosial-iqtisadi inkişaf strategiyası, yoxsulluğun azaldılmasına və iqtisadi inkişafın təmin edilməsinə istiqamətlənən dövlət proqramları ölkəmizdə yaşlı əhalinin sosial rifahının yüksəldilməsində mühüm irəlilləyişlərə şərait yaratmış oldu.
Azərbaycan tarixinin 1993-2003-cü illəri əhatə edən şərəfli dövründə güclü sosial siyasətin formalaşdırılmasına və gücləndirilməsinə, pensiya və müavinətlərin 8 dəfə artırılmasına nail olundu, pensiya təminatı sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurularaq təkmilləşdirilməsi üçün islahatlara başlanması təmin edildi.
Heydər Əliyevin müstəqilliyini bərpa etmiş dövlətə rəhbərlik etdiyi dövrdə ahıl vətəndaşların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, sosial və digər həyati tələbatlarının ödənilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ulu öndər tərəfindən 1994-cü ildə “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” Fərmanın, Fərmandan irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsi üçün “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” növbəti sənədin, 2001-ci ildə “Ahıllara sosial xidmət haqqında” Qanunun, pensiya təminatının yaxşılaşdırılmasına xidmət edən bir sıra vacib normativ hüquqi aktların imzalanması buna bariz nümunədir.
Ümummilli lider Heydər Əliyev tərəfindən ahıl insanlara, onların sosial müdafiəsinə daim xüsusi diqqət və qayğının göstəricisi kimi, hələ 1993-cü ildən ölkəmizdə hər il 1 oktyabr tarixində Beynəlxalq Ahıllar günü yüksək səviyyədə qeyd olunur.
Ulu öndərin yaşlı insanlara qayğılı münasibəti həmin il Beynəlxalq Ahıllar günü münasibətilə müraciətində öz əksini tapmışdı: “Ağsaqqal və ağbirçəyə hörmət bizim mənəvi-əxlaqi keyfiyyətimizdir. Babalarımızın tarixin süzgəcindən keçən belə bir müdrik kəlamı var: "Qibləsiz yerdə otur, böyüksüz yerdə oturma”. Yaşadığımız çətin dövrdə hamımızın ağsaqqal-ağbirçək məsləhətinə və nəsihətinə ehtiyacımız var. Onlar öz nüfuzlarından ümummilli məqsədlərimiz üçün istifadə etməli, gənc nəslə əsl həqiqətləri deməkdən çəkinməməlidirlər. Nəsillər arasında sağlam varislik prinsipinin formalaşması və ona əməl olunması respublikamızda əmin-amanlığın, siyasi sabitliyin möhkəmlənməsini təmin edən vacib amillərdəndir”.
Ulu öndərin 8 aprel 1998-ci ildə Qurban bayramı ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və əmək əlilləri pansionatına (Qocalar evində) səfəri, burada tam dövlət təminatında yaşayan ahıllarla görüşü, onlarla səmimi söhbəti xüsusilə yaddaqalan olmuşdur.
Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Onların sosial müdafiəsinin gücləndirilməsi, ahıllara və tənhalara böyük diqqət və qayğı “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyən ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Ulu öndərin bizə miras qoyduğu strategiya və ideyalar bu gün onun layiqli davamçısı tərəfindən uğurla davam etdirilir. İstər pensiya yaşına çatmış şəxslərin, istər ahıl və tənha insanların sosial problemlərinin həlli ilə bağlı ölkə Prezidenti hər zaman irəliyə aparacaq qətiyyətli addımlar atmışdır.
Diqqətçəkən addımlardan biri 2006-cı ildə “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” haqqında Sərəncam imzalaması olmuşdur. Bu rəsmi sənədlə ahıl vətəndaşların hüquqları artırılmış, onların ölkənin sosial-iqtisadi həyatında iştirakı təmin edilmiş, bu kateqoriyadan olan vətəndaşların sosial-mədəni tələblərinin ödənilməsi, sağlamlıqlarının qorunması və sosial müdafiəsinin təmin edilməsi, həmçinin, bu işdə ictimai bölmənin fəaliyyətinin artırılması istiqamətində ciddi tədbirlər görülmüşdür.
Ömrünü Azərbaycanın inkişafı və tərəqqisi uğrunda mübarizəyə həsr edib azərbaycanlı olması ilə daim fəxr edən Ulu öndərimiz Heydər Əliyevin bizi cismən tərk etdiyi gündən 17 il keçsə də, bu dahi şəxsiyyətin əziz xatirəsi, ona olan yüksək ehtiram daim qəlbimizdə yaşayır, parlaq dühası haqq yolumuza işıq saçır.
Bu işıq əbədidir... Azərbaycanın dövlət müstəqilliyi əbədi olduğu kimi.  

Ruhiyyə Məmmədova,
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri        шаблоны для dle 11.2
Tarix: 9-12-2020, 23:16







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?