“Ekoturizm potensialımızın sosial və internet mediada təbliği çox aşağı səviyyədədir” A- / A+


Ekoturizm mütəxəssisi Anar Abbasov: “Bu sahədə çətinlikləri aradan qaldırmaq və ciddi inkişafa nail olmaq üçün dövlət dəstəyinə ehtiyac var”

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Azərbaycanın ekoturizm potensialının sosial və internet mediada təbliği” layihəsini icra etməyə başlayıb. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda turizmin ümumi inkişafı kontekstində ölkə ekoturizminin rentabelli olmasına xidmət edəcək yeni ideyaların ortaya çıxmasına, ekoturizm təşəbbüslərinin artmasına, ekoturizm potensialımızın dünyada təbliğinə töhfə verməkdir. Layihə çərçivəsində ekoturizmin sosial və internet mediada təbliğinə aid yazılar, ekspertlərlə müsahibələrin hazırlanması və “Yenimedia.info” saytında yerləşdirilməsi nəzərdə tutulub. Bu sıradan dördüncü yazını –  ekoturizm mütəxəssisi Anar Abbasovla layihə çərçivəsində eksklüziv müsahibəni təqdim edirik.

  • Öncə özünüzü təqdim edin və fəaliyyət sahənizlə, turizm sahəsində təcrübənizlə bağlı məlumat verin
  • Təşəkkür edirəm bu imkanı yaratdığınız üçün. Adım Anar Abbasovdur. Artıq 3 ilə yaxındır ki, təbiət turizmi sahəsində fəaliyyət göstərirəm. Ancaq bu, mənim tək fəaliyyət sahəm deyil. Paralel olaraq satınalma və logistika sahəsində də işləyirəm. Hər ikisi sevdiyim sahələrdir. Vaxt olaraq təbiət turizminə daha az zaman sərf etdiyim üçün hər ikisini paralel apara bilirəm. Yəqin sizə maraqlı olar ki, mən bu sahəyə necə gəldim. Ümumiyyətlə, təbiət və dağçılıq sahəsinə marağım lap uşaq vaxtlarından olub. Özüm Azərbaycanın dağlıq bölgələrindən olan Şəkidə anadan olub böyümüşəm. Hələ uşaq vaxtlarında da bəzən dostlarla dağa qalxardıq. Professional şəkildə dağçılıq və təbiət yürüşləri ilə məşğul olmağa isə təxminən 6 il öncə başlamışam. Bu müddət ərzində həm təbiətdə bir çox marşrut üzrə gəzintilər etmişəm, həm də ölkə daxilində və xaricində zirvələrə qalxmışam. 3 il öncə qərar verdim ki, bu sahədə həm də biznes fəaliyyətimi qurum. Yəni həm sevdiyim işi görüm, həm də gəlir əldə edim. Beləliklə, Nukha Outdoor Club (hazırda Nukha Tour) olaraq faəliyyətə başladıq. İndiyə qədər Azərbaycanın bir çox bölgələrinə, milli parklar, ucqar kəndlər və digər gözəl mənzərəli ərazilərinə turlar təşkil etmişik.

Təbiət turizmi sahəsində fəaliyyət göstərən başqa qruplar da var. Hansı ki, bəziləri bizdən bir neçə il qabaq fəaliyyətə başlayıblar, bəziləri də bizdən sonra. Ümumilikdə isə biz daxil olmaqla, bütün bu qrupların sayəsində Azərbaycanda təbiət turizmi müəyyən səviyyədə inkişaf etmişdir. Təşkil etdiyimiz turlar sayəsində insanların bu aktiv istirahət növünə marağı artmışdır.

– Azərbaycanın ekoturizm potensialını necə dəyərləndirirsiniz?

– Azərbaycanın ekoturizm potensialının yüksək olduğunu düşünürəm. Düzdür, bunu, məsələn, Türkiyə kimi bir ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq Azərbaycanın təbiət turizmi sahəsində yetərincə yüksək potensiala sahib olduğunu və bu potensialın çox az bir hissəsindən istifadə edildiyini düşünürəm. Bildiyiniz kimi, Azərbaycan zəngin coğrafi mühitə malikdir. Burada dəniz səviyyəsindən başlayıb, düzənlik ərazilərdən 4000 metrdən yuxarı zirvələrə qədər fərqli ekosistem mövcuddur. Zəngin meşələrimiz, göllərimiz, çaylarımız, şəlalələrimiz və s. var. Təsadüfi deyil ki, ölkəmizdə 10 milli park, 11 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığı mövcuddur. İlin müxtəlif fəsillərində yerli və xarici turistlərin aktiv istirahəti üçün bir çox imkanlar var. Xüsusilə, ölkəmizin şimal, şimal-qərb, qərb və cənub hissələrindəki zəngin ekosistem turizm potensialı üçün parlaq gələcək vəd edir. Bununla yanaşı, turistlərin sayına baxsaq, görərik ki, ekoturizmə həm yerli, həm da xarici turistlər arasında maraq artmaqdadır. Xarici turistlərin bu sahədə təcrübəsi daha çox olduğu üçün onların gəzintilərə cəlb edilməsi daha rahat olur. Ümumiyyətlə isə ölkədə şəhər turizmi ilə müqayisədə ekoturizmin hələ dar bir sahədə qaldığını görə bilərik. Bu da ənənəvi istirahət növünün hələ insanlar arasında daha məşhur olduğunu göstərir. Ekoturizm potensialının artırılması üçün Dövlət Turizm Agentliyinin son illərdə həyata keçirmək istədiyi fəaliyyətlər var. Bunları alqışlamaqla bərabər, görülən işlərin hələ yetərli səviyyədə olmadığını düşünürəm.

Ölkəmizin təbiət potensialı kifayət qədər zəngin olsa da, müasir dövrün tələblərinə, xüsusilə də turizmin tələblərinə cavab verməkdə bir çox çətinlikləri də var. Belə ki, ilk sırada mən nəqliyyat və yol infrastrukturunu qeyd edərdim. Bəzi istiqamətlərdə yeni yollar çəkilməsi ilə yanaşı, hələ də bir çox bölgələrə gedən yollar müasir tələblərə cavab vermir. Bu bir çox turizm potensialına sahib ərazilərə getməyi ya mümkünsüz hala gətirir, ya da çox çətinləşdirir. Çətinliklər arasında maddiyyatı da qeyd edə bilərəm. Belə ki, bir çox ərazilərdə normal avtomobil yolları olmadığı üçün yolsuzluq avtomobillərindən istifadə olunur. Bu isə həm zaman olaraq itkiyə səbəb olur, həm də çəkilən xərcləri artırır. Digər tərəfdən, xidmət sektorunda çox böyük çətinliklərimiz var. Belə ki, restoran, kafe sahəsində fəaliyyət çox aşağı səviyyədədir. Həm şərait olaraq həm də servisin keyfiyyəti olaraq yetərli xidmətlərə sahib deyilik. Bu da bəzi ərazilərdə gəzintilər zamanı bizə çətinliklər yaradır. Təbiət turizmi elədir ki, biz çox hallarda ucqar kəndlərin ərazisindən keçirik və təbii olaraq yemək və çay fasiləsi üçün həmin ərazilərdə, kənd evlərində və s. qonaqlayırıq. Buralarda isə heç də hər zaman uyğun şərait tapa bilmirik, qonaqları qarşılayıb normal xidmət göstərəcək yerli insanların sayı o qədər də çox deyil. Gecələmək üçün imkanlar isə daha da aşağı səviyyədədir.

Digər bir çətinlik təbiət marşrutları sahəsindədir. Belə ki, bir çox marşrutlarda yetərli səviyyədə nişanlanma mövcud deyil. Son bir il ərzində turizm agentliyinin dəstəyi ilə bizim dostlar bir neçə marşrut üzrə nişanlanmanı həyata keçiriblər amma bu hələ çox az saydadır. Bir çox marşrut həm nişanlanmaya həm də dünya səviyyəsində eko turizm marşrutunun tələblərinə cavab vermir. Əlavə olaraq bir çox bölgələrdə sərhəd xidmətinin postları sərhəd ərazilərindən xeyli qabaqda qurulduğu üçün öz sərhədlərimiz daxilində qalan ərazilərə getmək ya mümkün deyil, ya da prosedur olaraq çətinləşib. Yəni icazə almaq və s. xüsusilə də 1 günlük turların keçirilməsini xeyli çətinləşdirir.

  • Azərbaycanın ekoturizm potensialı sosial və internet mediada, ümumiyyətlə, digital müstəvidə lazımınca təbliğ və təqdim edilirmi?

Azərbaycanın ekoturizm potensialı son illərdə sosial media vasitəsilə və digital müstəvilərdə təbliğ edilməyə başlanılıb. Bunun üçün Dövlət Turizm Agentliyinin müəyyən fəaliyyətini müşahidə etmişəm. Ancaq hələ bunun çox aşağı səviyyədə olduğunu düşünürəm. Yəni həm ölkə üzrə yetərincə imkanlardan istifadə edilməyib, həm də ayrı-ayrı şəxslərin bu sahədə olan fəaliyyəti yetərincə dəstəklənməyib. Müşahidə etdiyim qədər bəzi fotoqraflar son illərdə ekoturizmi tanıtmaq məqsədilə çox yaxşı işlər ortaya qoyublar. Ancaq maddi olaraq yetərli dəstək ala bilmədikləri üçün onların potensiallarından tam istifadə edə bilmədiklərini düşünürəm. Eyni zamanda ekoturizmin xaricdə təbliğatı üçün görülən işlər də çox aşağı səviyyədədir. Ümumiyyətlə, şəxsən mən belə bir fəaliyyəti müşahidə etməmişəm. Xarici sərgilərə dəvət edilən agentliklər adətən şəhər turizmində, otelçilik və aviaturlar sahəsində olanlardır.

Özümüzlə əlaqədar onu deyim ki, kiçik sahibkarlıq subyekti olaraq biz Azərbaycanda ilk dəfə ekoturlar sahəsində vebsayt yaratdıq və yenə ilk dəfə onlayn ödəmə sistemini tətbiq etdik (www.nukhatour.com). Belə ki, artıq gəzintilərə qatılmaq istəyən insanlar öncədən sayt vasitəsilə ödəniş edərək turlara qeydiyyatdan keçə bilərlər. Bu, bizim təbiət turizminə ən son texnoloji yenilikləri gətirmək istəyimizdən irəli gəlir. Saytımız həm də ingilis dilində olduğu üçün xarici turistlərin istifadəsini asanlaşdırır. Saytımızda ekoturizm sahəsində müxtəlif çeşiddə xidmətlər təklif edirik. Yenicə fəaliyyətə başlayacaq (www.outdoorstore.az) saytımızda isə ekoturizm sahəsində malların satışını da həyata keçirəcəyik ki, bu, bizim təklif etdiyimiz xidmətlərin daha hərtərəfli olmasını təmin edir. Hazırda bu xidməti Nukha Tour saytında ayrıca bir bölmədə göstəririk. Düşünürəm ki, rəqəmsallaşma baxımından həyata keçirdiyimiz fəaliyyətlər xüsusi önəm kəsb edir.

  • Bu sahədə çatışmazlıqları aradan qaldırmaq üçün hansı təklifləriniz ola bilər?

Düşünürəm ki, ekoturizm sahəsində çətinlikləri aradan qaldırmaq və ciddi inkişafa nail olmaq üçün dövlət dəstəyinə ehtiyac var. Bu sahə o qədər geniş bir sahə olmadığı üçün ekoturizm şirkətlərinin təkbaşına yetərincə işləri görə bilməyəcəyini düşünürəm. Ancaq yetərli dövlət dəstəyi alacağı halda, ekotur şirkətləri olaraq öz dəstəyimizi də göstərərək birlikdə bu sahənin inkişafı üçün çox iş görə bilərik. Dövlət Turizm Agentliyi son illərdə müxtəlif təşəbbüslər irəli sürüb və bu sahədə olan şirkətlərlə görüşlər təşkil edib. Amma hələ ki, istənilən səviyyədə irəliləyiş yoxdur. Pandemiya başladıqdan sonra isə ümumiyyətlə, Dövlət Turizm Agentliyi ilə ekoturizm şirkətləri arasında kommunikasiya yox səviyyəsinə düşüb. Düşünürəm ki, bir çox kiçik sahibkarlıq subyektləri kimi, ekoturizm agentlikləri də həm maddi həm mənəvi olaraq dəstəklənməlidir. Çünki bu sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri xüsusi təbiət və dağçılıq bacarıqlarına sahib insanlardır. Bu sahədə yeni mütəxəssisləri formalaşdırmaq dövlət üçün daha xərcli ola bilər. Ancaq mövcud kadrlardan istifadə etməklə onlara müəyyən dəstəyi verərək bu sahədə çox böyük irəliləyişlərə sahib olmaq mümkündür.

 

шаблоны для dle 11.2
Tarix: 5-08-2020, 16:27







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?