Fərmandan sonra bankların kredit siyasətində yumşalma gözlənilir - vətəndaşlara müjdə A- / A+


İqtisadçı ekspert: “Məntiqlə bu proseslər fonunda banklar faiz dərəcələrini də aşağı salmalıdır”

Azərbaycan prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  fərmanı iqtisadçı ekspertlər, o cümlədən geniş ictimaiyyət tərəfindən müsbət qarşılandı. Kredit borcundan əziyyət çəkən insanlar bu fərmanla yükdən azad oldular. Eyni zamanda iqtisadçı ekspertlərin sözlərinə görə, bu prosesdən banklar da qazancla çıxdılar və onların durumları getdikcə düzələn xətt üzrə inkişaf edəcək.

Azərbaycanda  insanları narahat edən məsələlərdən biri də ölkədə bank faizlərinin yüksək olmasıdır. Digər ölkələrlə müqayisədə Azərbaycanda fəaliyyət göstərən bankların faizləri bir neçə dəfə yüksəkdir. Bəs mövcud proseslər fonunda bankların kredit siyasətlərində hansı dəyişiklik olacaq?

“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bildirdi ki, fərmanın bankların fəaliyyətinə təsiri müsbət olacaq və bu məntiqlə kredit siyasətində də dəyişiklik olmalıdır:

“Banklar kifayət qədər ciddi dəstək alacaqlar. Ümumilikdə götürəndə təqribən 1 milyard 44 milyona yaxın banklara dəstək paketi olacaq. Bu vəsait banklara hissə-hissə ödəniləcək və bankların maliyyə vəziyyətləri getdikcə yaxşılaşacaq. Çünki problemli kreditlərlə bağlı məbləğin çox böyük bir hissəsi vətəndaşlara deyil, banklara köçürüləcək ki, onlar vətəndaşların borclarını silsinlər. Bu baxımdan deyə bilərik ki, bankların maliyyə vəziyyəti indiki haldan xeyli yaxşı olacaq. Mərkəzi Bankın uçot dərəcəsi də aşağı düşüb. Belə ki, əvvəllər 15 faiz olan uçot dərəcəsi, artıq 9 faizdir. Deməli, bankların da faiz dərəcələrini aşağı salmaları üçün imkanlar yaranır. Məntiqlə də bu addım baş verməlidir. Lakin bankların bundan sonra belə bir addım atıb-atmayacaqlarını söyləmək çətindir. Çünki banklar da anlamalıdır ki, faizlərin aşağı olması, dövriyyənin sürətinin artması əslində onların özlərinə xeyirdir. Belə olduqda, həm də problemli kredit məsələsi yavaş-yavaş gündəmdən çıxacaq. Həm dövlətin dəstəyi, həm də faiz aşağı olarsa, vətəndaşların ödəmə qabiliyyəti artacaq. Banklar aşağı faizlə kredit verərlərsə, dövriyyənin hesabına indikindən daha çox pul qazana bilərlər. Bu baxımdan bankların özləri də məsələdə aktiv olmalı, bu haqda düşünməlidirlər. Banklara əlavə stimul kimi, yaxud da rəqabətli mühitin artırılması üçün ola bilər ki, gələcəkdə yeni qərarlar olsun. Məsələn, bəzi beynəlxalq şəbəkələr var ki, Azərbaycanda işləməyi istəyirlər. Dövlət tərəfindən onların bazara girmələrinə icazə verilərsə, rəqabətli mühit artar. Bu zaman isə  banklar rəqabətə davam gətirmələri üçün faiz dərəcələrini də aşağı çəkə bilərlər”.

Natiq CÉfÉrli ile ilgili görsel sonucu

İqtisadçı onu da dedi ki, hələ ki, bank sistemindəki durğunluğun tamamilə aradan qalxdığını söyləmək olmaz:“Azərbaycanda ən böyük problemlərdən biri biznes kreditləşməsidir. Çünki biznes kreditləşməsinin sağlam olması əlavə iş, gəlir yerləri, vergi ödənişləri deməkdir. Burada problemlər hələ də var. Çünki uzunmüddətli və aşağı faizli kreditlərə çıxış imkanları mövcud deyil. İstər aqrar sektorda, istərsə də iqtisadiyyatın real sektorunun digər seqmentlərində vəziyyət oxşardır. Maksimum 2-3 illik kredit verilir və biznes kreditlərinin faizləri təqribən 18 faiz civarındadır. Bu faizlə və müddətlə iş görmək olmur. Biznes quran şəxs bu qısa zamanda böyük investisiyalar qoya bilmir və eyni zamanda bu müddətdə həm özünün qazanması, həm də paralel olaraq vergi və faizləri ödəməsi mümkün olmur. Ona görə də bank sektorunun durğunluqdan çıxması, ölkə iqtisadiyyatına xeyir verməsi, çarxların dönməsində aktiv rol oynaması üçün tək istehlak kreditlərinin deyil, biznes kreditləri məsələsinin də kökündən həllinə ehtiyac var. Belə olarsa, bank sektorunun biznesə dəstəyinin artması, durğunluqdan çıxmasına kömək edə bilər”.

Ekspertə görə, devalvasiya ərəfəsində bağlanan bankların təkrar açılması mümkün deyil: “Bankların artıq ləğvetmə komissiyası da fəaliyyətdədir. Bağlanan bankların bir qisim əmlakları da satılaraq borclara yönəldilib. Həmin bankların indiki halda yenidən açılması faizi çox aşağıdır. Əksinə, düşünürəm ki, təmərküzləşmə prosesi sürətlənəcək. Yəni bir neçə kiçik bankın birləşməsi baş verə bilər. Bu, baş verərsə, bank sektorunda rəqabətli mühit də aktivləşər. Hazırda istehlak kreditlərinin şərtləri də heç qənaətbəxş deyil. Dünya üzrə götürsək, istehlak kreditləri içərisində ən populyar olanı, avtomobil kreditləridir. Amerikada bu, iki faizdən yuxarı deyil. Avropada isə hətta 1.5 faizlə kredit verən ölkələr var. Qonşu ölkələrdə də faizlər Azərbaycanda olduğu kimi yüksək deyil. Yəni istehlak kreditlərinin özləri kifayət qədər ciddi problemlidir. Əslində müştəri ilə istehsalçı arasında bankların çox yüksək faizlə əlaqələndirici olması, vəziyyəti çətinləşdirir. İstehsalçı istəyər ki, daha çox mal satsın. Lakin məhz bankların şərtlərinin çox ağır olması həm vətəndaşlara yük yaradır, həm də istehsalçıların dövriyyəsini aşağı salır”.

шаблоны для dle 11.2
Tarix: 4-03-2019, 10:04



Digər xəbərlər




      TAM XƏBƏR
      Facebook
      Foto

      “Bura Vətəndir”-İşğal altında olan Şuşadan ƏN SON görüntülər

      Son xəbərlər
      Sorğu

      Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?