“Jewish Press”: Antisemitizmin və neonasizmin populyarlaşdırılması Ermənistanın dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib A- / A+
Ermənistanın paytaxtı Yerevanda “Yaşamaq və unutmamaq” Holokost memorialının ermənilər tərəfindən vandalizmə və təhqirə məruz qalması barədə bu yaxınlarda xəbər yayıldı. Erməni antisemitlər abidə üzərində ivrit dilində olan yazıları pozmuşdular.AZƏRTAC xəbər verir ki, bu barədə nüfuzlu “Jewish Press” informasiya agentliyində israilli siyasi analitik Rahel Avraam yazır.
Ümumdünya Yəhudi Konqresi antisemit vandalizmi pisləyərək bəyan edib: “Yerevanda (Ermənistan) Holokost memorialının mənfur antisemit qraffiti ilə təhqir edilməsini görmək dəhşətdir”.
Ravvin Zamir İsayev də özünün “Twitter” səhifəsində bu sözləri yazıb: “Biabırçılıq! Yerevanda Holokost qurbanlarına qoyulan abidə növbəti dəfə təhqir edilib. Ermənilər Holokost memorialının təhqir edilməsinə İsrailin Azərbaycana silah satması faktı ilə necə bəraət qazandıra bilərlər? Bu, kiməsə abidəni təhqir etmək hüququ verirmi?”
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və İsraildə Azərbaycan Evinin rəhbəri Arye Qut vurğulayıb ki, faşizm və neonasizm uzun müddət Ermənistanda dövlət ideologiyası olub. O əlavə edib ki, Yerevanda Holokost memorialının vandalizmə məruz qalması birinci dəfə deyil: “Antisemitizmin və neonasizmin populyarlaşdırılması Ermənistanın dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib. Daha hiddətləndirici fakt odur ki, faşist ideologiyası “njdeizm” adı altında Ermənistanın təhsil müəssisələrinin proqramına daxil edilib və yeni nəsillər bu “dəyərlər” ruhunda tərbiyə edilir”.
Arye Qut qeyd edib ki, beş il bundan əvvəl Ermənistanda nasistlərin əlaltısı Qaregin Njdenin şərəfinə abidə də ucaldılıb. İsrailli ekspert deyib: “Suveren xalq, əlbəttə ki, öz milli qəhrəmanı kimi ürəyi istədiyi, arzuladığı hər kəsin xatirəsini əbədiləşdirmək hüququna malikdir. Lakin Holokost zamanı cinayətlər törədən nasistin bəzi xalqların hörmət və etimad bəslədiyi qəhrəmana çevrilməsini görəndə biz susmamalıyıq. Yəhudi xalqı İkinci Dünya müharibəsi dövründə 20 min erməni legioneri tərəfindən yəhudilərə qarşı törədilən qəddarlıq aktını heç vaxt unutmayacaq. Njdenin başçılıq etdiyi erməni legionunun məqsədi evlərə soxularaq yəhudiləri və eləcə də nasist orduya “yararsız” olan digər insanları məhv etmək idi”.
Faşist erməni legionunun “fəaliyyəti” nəticəsində Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, həmçinin Qərbi Krımın digər rayonları tamamilə yəhudilərdən təmizlənib. İsraildə Azərbaycan Evinin icraçı direktoru deyib: “Buna görə də biz müasir Ermənistanın açıq-aydın faşist və antisemit “xadim”lərin milli qəhrəman dərəcəsinə çatdırmasına laqeyd və etinasız yanaşmamalıyıq”.
Arye Qut əlavə edib: “Erməni faşisti və antisemitinin xatirəsinin əbədiləşdirilməsi rüsvayçılıq və Holokost xatirəsinə təhqirdir. Mənim babam nasistlər üzündən Ukraynada bütün ailə üzvlərini itirib. Onun sağ qalmasının yeganə səbəbi Sovet Ordusu sıralarında vəhşi nasistlərə qarşı döyüşə getməsi idi. Ailəsini müdafiə etmək lazım gələndə onların yanında deyildi. Erməni vandalizmi şəxsən məndə dözülməz ürək ağrıları əmələ gətirir”.
İsrailin Diaspor Nazirliyinin 2020-ci il üzrə yenicə dərc olunmuş illik hesabatında İkinci Qarabağ müharibəsindən sonra antisemitizmin təhlükəli dərəcədə artması qeyd edilib. Hesabatda deyilir: “Rəsmi hücumlar genişlənərək dini zəmində hücumlara çevrilib, iddia edirlər ki, yəhudi xalqı guya tarixən erməni xalqına qarşı cinayətlər törədib. Qarabağda müharibə ekstremist insidentlərə, antisemitizmin yeni ciddi təzahürlərinə və İsrail Dövləti üzərinə şiddətli hücumlara gətirib çıxarıb”.
Arye Qut vurğulayır: “Erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri vəhşiliklər nəticəsində 613 nəfər öldürülüb, 487 nəfər şikəst edilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 150 uşaq bir valideynini itirib. Bundan başqa, 1275 günahsız insan əsir götürülüb, 150 nəfərin sonrakı taleyindən indiyədək xəbər yoxdur. Dinc sakinləri yaxın məsafədən güllələyib, başlarının dərisini soyub və diri-diri yandırıblar. Qadınlar, uşaqlar və qocalar ağlasığmaz işgəncələrə, təhqirlərə və həqarətə məruz qalıblar. Xocalının dinc sakinlərinin məhv edilməsinin yalnız bir “səbəbi” vardı – onlar hamısı azərbaycanlılar idi. Bu, bəşəriyyətə qarşı əsl cinayətdir.
Ermənistanın sabiq prezidenti – 29 il bundan əvvəl Xocalıda törədilən soyqırımı aktının təşkilatçılarından biri olan Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaala deyib: “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc əhaliyə heç vaxt əl qaldıra bilməzlər. Biz buna son qoymalı idik. Biz bu stereotipi qırdıq və nəticəsi belə oldu”.
“Nasist hərbi canilərin, xüsusən də öz cinayətləri ilə öyünənlərin beynəlxalq birlik tərəfindən qəbul edilməsini təsəvvür etmək mümkün deyil. Məgər Xocalı hadisələrinin günahkarları beynəlxalq məhkəməyə cəlb edilməli və faşistlər kimi cəza çəkməli deyilmi?
Azərbaycanda isə əksinə, dini dözümlülük, plüralizm və multikulturalizm rəsmi dövlət siyasətidir. İsrailin Diaspor Nazirliyinin antisemitizm barədə 2020-ci il üçün məruzəsində pandemiyanın dünyanın hər yerində antisemitizmi gücləndirməsinə baxmayaraq, Azərbaycanda son il ərzində heç bir antisemit insidenti baş vermədiyi qeyd olunur. Əksinə, İkinci Qarabağ müharibəsində qazanılan Qələbədən sonra azərbaycanlılar İsrail bayraqlarını əllərində fəxrlə yelləyirdilər”, - deyə ekspert vurğulayır.
Sonda Arye Qut yazır: “Müasir Ermənistanın siyasəti – gec işə düşən bombaya oxşayır: belə ideologiya ilə böyüyən gənclər faşizm və neonasizm şüarlarına müvafiq olaraq yaşamağa davam edəcəklər. Ermənistanın dövlət siyasəti İkinci Dünya müharibəsi zamanı faşizmə qarşı mübarizədə həlak olan milyonlarla insana ifrat dərəcədə hörmətsizlik nümayiş etdirir. Bu gün bu faktdır ki, İsrail Dövlətinə Ermənistan Respublikası kimi tərəfdaş və ya müttəfiq qətiyyən lazım deyil”.шаблоны для dle 11.2
Tarix: 18-02-2021, 09:29







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?