“Dünya azərbaycanlılarını dövlətimizin və ordumuzun yanında olmağa çağırıram” A- / A+

Rafail Hacıbalayev: “Qazaxıstanın Kostanay vilayətində yaşayan soydaşlarımız azərbaycançılıq ideologiyasına sadiq insanlardır”

Sentyabrın 27-dən Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda Vətən müharibəsi dünya azərbaycanlılarını bir yumruq halına gətirib. Bu baxımdan Qazaxıstanda yaşayan soydaşlarımız da birlik nümayiş etdirir, həmçinin Vətən üçün maddi və mənəvi dəstəklərini əsirgəmirlər. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında araşdırmaları davam edir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Qazaxıstandakı Birlik Cəmiyyətinin sədri Rafail Hacıbalayev KANAL 5-ə öz fikirlərini bölüşüb.  Öncə qeyd edək ki, Hacıbalayev Rafail Sədaddin oğlu 1964-cü ildə Şəki şəhərində anadan olub. 1981-ci ildə Şəki şəhər 11 saylı orta məktəbi bitirib. Elə həmin il o zamankı Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1985-ci ildə ali təhsilini başa vurub. 1985-87-ci illərdə hərbi xidmətdə olub. Sonra Şəki İpək İstehsalat Birliyində işləyib. Daha sonra Cəfərabad Sovxoz Fəhlə Kooperativində çalışıb. Əmək fəaliyyəti dövründə bir neçə özəl şirkətdə rəhbər vəzifələrdə işləyib. 1998-ci ildən Qazaxıstanda yaşayır. Orada taxıl məhsullarının istehsalı, saxlanılması və emal edilməsi ilə məşğul olan bir neçə şirkətin rəhbəri olub. Hazırda taxıl məhsulları ixracatı ilə məşğul olan şirkətin rəhbəridir. 15 ildən artıqdır ki, aktiv diaspor fəaliyyəti ilə məşğul olur.
Qazaxıstanda hakim Nur-Otan partiyasının üzvüdür. Bir müddət hakim partiyanın hazırda yaşadığı Kostanay şəhəri üzrə Siyasi Şurasının üzvü olub. Qazaxıstan Xalqları Assambleyasının yubileyi medalı ilə təltif olunub. Ailəlidir, iki oğlu var.
“Hər zaman xalqımızın, dövlətimizin, Ali Baş Komandanın yanındayıq”
Rafail Hacıbalayev deyib ki, Kostanay vilayətində 5 minə yaxın soydaşımız yaşayır: “Birlik Cəmiyyəti olaraq diaspor fəaliyyətimizdə əsas yerdə azərbaycançılıq ideyasının formalaşması və inkişaf etdirilməsi durur. Azərbaycançılıq ideyasının önəmi xaricdə yaşayan azərbaycanılar üçün böyük əhəmiyyət kəsb edir. Ona görə ki, hansı ölkədə doğulub böyüməklərindən asılı olmayaraq azərbaycanlılar ana Vətənimizə sıx bağlı insanlardır. Burada bir neçə nəsil yaşayan azərbaycanlılar var. Onlar müxtəlif regionlardan bura gəliblər və ya ata-babaları sürgün olunublar. Bizim hamımızı birləşdirən bir amal var-bizim ana Vətənimiz, Azərbaycan dövləti və xalqı. Bunun arxasında dinimiz, dilimiz, adətlərimiz, ənənələrimiz, Azərbaycana olan bağlılığımız gəlir. Ona görə də azərbaycançılıq ideologiyası Azərbaycan müstəqillik qazandıqdan sonra yüksələn bir xətt üzrə inkişaf edir. Kənar təsirlərdən azad olub. Şükür Allaha ki, müstəqil dövlətimiz var və bu dövlətin mənafeyindən çıxış edərək özümüzə uyğun, bizi yüksək zirvələrə çatdıra biləsi ideologiyamız var. Bütün dünya azərbaycanlıları harada yaşamasından asılı olmayaraq azərbaycançılıq ideyası ətrafında birləşməlidir, formalaşmalıdır. Bunun üçün də bizi birləşdirən faktorlar vətənimiz, dövlətimiz və bundan irəli gələn digər amillərdir. Biz, Qazaxıstanın Kostanay vilayətində yaşayan azərbaycanlılar azərbaycançılıq ideologiyasına sadiq insanlarıq”.
Rafail Hacıbalayev bildirib ki, son zamanlar ölkəmizdə gedən proseslərə Qazaxıstandakı soydaşlarımızın reaksiyası, müharibə şəraitində olan Vətənimizə münasibəti hər gün, hər yerdə özünü büruzə: “Biz burada yaşayan azərbaycanlılar olaraq hər zaman xalqımızın, dövlətimizin, Ali Baş Komandanın yanındayıq. Bu haqda bəyanat qəbul edərək aidiyyəti qurumlara göndərmişik. Bir neçə gündür ordumuza maddi dəstək üçün aksiya keçiririk. Bu yaxınlarda yığılan məbləğ lazımi ünvana çatdırılacaq. Burada bir sıra politoloq, jurnalistlərlə görüşlər keçirmişik. Azərbaycan həqiqətlərini yerli media və sosial şəbəkələrdə yayırıq. Bizim haqq səsimizi eşidənlərin sayı günü-gündən artır. Azərbaycan xalqı bölünməz, məğrur xalqdır. Mən hamını azərbaycançılıq ideyasının və Azərbaycanın ətrafında birləşməyə və bu prizmadan işimizi apararaq dünya azərbaycanlılarını bir olmağa, qardaş olmağa və dövlətimizin, xalqımızın, ordumuzun  yanında olmağa çağırıram”.
“Azərbaycançılıq bizi birləşdirən əsas məfhumdur”
Azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının birliyində böyük rolu olduğunu deyən Rafail Hacıbalayev vurğulayıb ki, bu, bizi birləşdirən əsas məfhumdur: “Qazaxıstanda yaşayan soydaşlarımızın, demək olar ki, bütün dünya azərbaycanlıları ilə sıx əlaqələri var. Biz öz işimizdə, əməlimizdə bu münasibətlərdən geniş istifadə edirik. Dünya azərbaycanlılarını birləşdirən sosial şəbəkələrdə, saytlarda, müəyyən qurumlarda ünsiyyətimiz, təbliğatımız davam edir. Biz, demək olar ki, dünyanın hər bir yerində müzakirələr aparırıq, birliyimizin daha da artması, ana Vətənimizə daha çox fayda verməyimiz üçün müzakirələr aparırıq, müəyyən proqramlar qəbul edirik və gündəlik işimizdə bundan istifadə edirik”.
O, azərbaycançılıq ideyasını soydaşlarımza, o cümlədən oradakı 130 yaxın xalqa təbliğ etmək üçün bütün vasitələrdən istifadə etdiklərini deyib: “Gənclərin dilimzi, adətlərimzi, tariximizi bilmələri üçün hər bölgədə “Bazar günü” məktəbləri fəaliyyət göstərir. Hər vilayətdə “Dostluq ev” var. Burada bizim diasporumuzun da cəmiyyətləri təmsil olunur. Orada bizim milli ideologiyamızın ətrafında birləşə bilməyimiz üçün bütün imkanlar yaradılıb. Burada gənclərimiz çox vətənpərvər ruhda böyüyürlər. Hesab edirik ki, gələcək nəsil bizim diaspor işimizi daha da yüksək səviyyədə davam etdirəcək”.    

Ədil Ədilzadə    шаблоны для dle 11.2
Tarix: 15-10-2020, 21:42







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?