"Azərbaycançılıq qüdrətlənmə konsepsiyasıdır" A- / A+
Təranə Paşayeva: "Azərbaycançılıq azad vətəndaş cəmiyyətinin inkişafına, dövlət quruluşunun güclənməsinə fövqəladə stimul yaradır"

Xalqımızın milli kimliyi hesab olunan azərbaycançılıq həm də vətəndaş təşəbbüskarlığıdır. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında araşdırmaları davam edir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayevanın KANAL 5-ə müsahibəsini təqdim edirik.

- Təranə xanım, sizcə, azərbaycançılıq ideyasının mahiyyəti nədən ibarətdir?
-Nəzəri termin olaraq “Azərbaycançılıq” sözünün mütamadi işlənməsi son 30-40 illə bağlı olsa da ideoloji xətt kimi o, XIX - əsrin ikinci yarısı və XX yüzilliyin əvvəllərində formalaşıb yaranmağa başlamışdır. Azərbaycan xalqının tarixində, onun iqtisadi, siyasi, mədəni inkişafında müstəsna rolu olan bir çox şəxsiyyətlər hər zaman bizim qürur mənbəyimiz olmuşdur. Abasqulu Ağa Bakıxanov, Mirzə Kazımbəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Hacı Zeynalabdin Tağıyev, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli... və neçə-neçə digər aydınlarımız öz fəaliyyətləri ilə azərbaycançılıq ideyasının yalnız şüar, çağırış deyil, məhz tarixi ləyaqətə çevrilməsi, bu günün və sabahın hərəkətverici qüvvəsi kimi çıxış etməsi üçün istər vətəndaş, istər qüdrətli sənətkar, istərsə də xalq və ictimaiyyət xadimi olaraq misilsiz xidmət göstərmişlər.
Mən tarixçi deyiləm. Amma bizim milli varlığımızı ifadə edən elə mövzular var ki, fundamental xarakter daşıyan həmin o mövzular barədə məktəblidən tutmuş qocaman insanlara qədər hər kəs bəlli biliklərə sahib olmalı, bu barədə hər yerdə yorulub usanmadan danışmalıdır. Azərbaycançılıq da məhz mövzular mövzusudur.

-Xalqımız azərbaycançılığı necə yaşadıb bu günlərə gətirib çıxarıb?
-Azərbaycançılıq, sözün leksik mənasından da göründüyü kimi müstəqillik ideyasıdır. Elə bir müstəsna ideologiya ki, o, Azərbaycanın Konsititusiyasına əsaslanır.
Azərbaycançılıq ideyası belə bir yüksək dəyərə ilkin başlanğıcda ən xırda bir işartı kimi alışdığı anda sahib olmuşdur, desək əlbəttə, yanılarıq. Əksinə Azərbaycançılıq təqribən 150 ilə yaxın bir zaman aralığında tarixi təkamül etmiş, ürəkdən-ürəyə, düşüncədən-düşüncəyə keçərək sarsılmaz bir qüvvəyə çevrilmişdir. Bu ideyanın daşıyıcıları lap ilk vaxtlardan xalqımızın ən layiqli övladları olmuşlar. Onlar ideyanı, ideya onları yaşatmışdır. Əgər tarixən və müxtəlif fəaliyyət sahələrində çalışan dəyərli şəxsiyyətlərin adını saymağa başlasaq on minlərlə ad-soyad xatırlamalı olarıq.
Müsahibənin əvvəlində istinad olaraq “30-40 il” zaman göstəricisini qeyd etmişdim. Azərbaycançılıq ideyası, mənim oxuyub-bildiyim dərəcədə sovet dövründə də öz təsir gücünü azaltmamış, xalqımız dünyanı qəzəbə dolduran bir sistem içində özünün milli varlığını qoruyub saxlamışdır.
Azərbaycançılıq ideyasının çiçəklənmə mərhələləri son onilliklərdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Birmənalı qaydada bu belədir. Ümummilli lider azərbayçançılıq ideyasını belə xarakterizə edib: “Müasir Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdı. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
 Xalq tərəfindən dəstəklənən Azərbaycançılıq dövlətimizin başçısı, hörmətli prezidentimiz İlham Əliyev tərəfindən də daim müdafiə olunur, ən ümdə dəyər kimi təqdim edilir, müqəddəs ictimai, siyasi, mədəni ənənə kimi qorunur.
Azərbaycançılıq ideyasının əsasında duran leytmotiv xətt vətənimizi, dövlətimizi hər cəhətdən qüdrətləndirmək, onun uğurlara gedən yolunu daha rahat etmək, ölkəmizin ərazilərinin toxunulmazlığı və bölünməzliyinə qeyri şərtsiz təminat yaratmaqdan ibarətdir.
Azərbaycançılıq ideologiyası millətçiliyə yox, vətəndaşlığa üstünlük verir. Bəzən bu məsələni başqa cür yozanlar da tapılır. Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycan Respublikasında əhalinin 90 faizi Azərbaycan türkləri olsa da burada ləzgi, talış, rus, tat, erməni etnik toplumları da yaşayır. Mənfur ermənini çıxmaq şərti ilə biz digər etnik qrupların hər biri ilə qardaşcasına yaşayırıq.Ümumiyyətlə ötən əsrin 90-cı illərinə qədər kiminsə türk, kiminsə ləzgi, talış, tat olması səbəbindən hansısa bir ayrıseçkilik heç ağıla da gəlməzdi. Bəzən çirkin siyasi ambisiyalar bu və ya digər etnik topluma malik az miqdarda insanları xam xəyala sala da bilər. Ancaq azərbaycançılıq ideyası milli mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına konstitusiya və mövcud qanunvericilik əsasında bütün hüquqlara təminat yaradır, ideoloji özül rolunu oynayır.

-Azərbaycançılıq ideyasında tolerantlıq necə təcəssüm olunub?
-Bəli, Azərbaycan tolerant ölkədir. Müxtəlif etnik quruplara aid insanların birgə, eyni hüquqları bölüşərək yaşaması üçün heç bir maneə yoxdur. Bununla yanaşı, azərbaycançılıq ideyası tam səmimi, doğma bir təəssüblə imkan yaradır ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların, planetin hər yerində məskən salan soydaşlarımızın hamısının bir vətəni var – Azərbaycan! Ümumbəşəri dəyərlərə sayğının daşıyıcısı olmaqla soydaşlara qucaq açmağımız o taylı-bu taylı Azərbaycanın daim artan, inkişafda olan nailiyyətidir. Məhz azərbaycançılıq işığında hər kəs anlayır ki, tarixin məlum ədalətsiz gedişatında Azərbaycanın ərazisi parçalanıb, eyni etnik kökə malik əhalisi başqa-başqa dövlətlərin vətəndaşları olsalar da Azərbaycan vahid, bölünməz xalqın adıdır!

-Azərbaycan gənclərinin milli şüurunun formalaşmasında, vətənpərvərlik ruhunun yüksəlməsində  azərbaycançılıq ideyasının nə kimi önəmi var?
-Azərbaycançılıq azad vətəndaş cəmiyyətinin inkişafına, dövlət quruluşunun güclənməsinə fövqəladə stimul yaradır. Azərbaycançılıq milli və bəşərini vəhdət halına gətirir.
Avropaya inteqrasiya azərbaycançılıq konsepsiyasının aparıcı istiqamətlərindən hesab olunur. Təhlilçilər haqlı olaraq söyləyirlər ki, başlıca dayaq nöqtəsi vətəndaşlıq olan azərbaycançılıq ideyası genişlənib şaxələndikcə həm bizim ölkədə, həm də dünyada bütün azərbaycanlıların həmrəylik düşüncəsi də artır və hərəkətverici qüvvəyə çevrilir.
Azərbaycançılıq həm də vətəndaş məsuliyyətini artırır. İnsan bu vətən daxilində vətəndaşlıq haqlarını bilib mənimsəməklə yanaşı anlayır ki, azərbaycanlı olmaq məsuliyyətdir.
Yaxşıdır ki, hazırda ölkəmizdə gənclərin əsil vətəndaş, vətənpərvər nəsil kimi yetişməsi üçün azərbaycançılıq ideyasından geniş istifadə olunur. Artıq bu mövzu təhsil müəssisələrində proqram səviyyəsində nəzərdən keçirilir. Mən bir neçə rayonlarda şahidi olmuşam, mədəniyyət, təhsil müəssisələrində məxsusi Azərbaycanşünaslıq bölmələri yaradılmışdır. Bu çox vacibdir. Düşünürəm ki, vətən ideyaları insanlara körpə yaşlardan aşılanmalıdır. Azərbaycançılıq mövzusunda sənədli, bədii filmlər, kitablar deyə bilmərəm ki, heç yoxdur, var, amma bu yetərli deyil. Pandemiyaya qədər çox gözəl bir ənənə yaranmışdı; məktəbliləri xüsusi marşrutlarla bölgələrə, tarixi şəhərlərə aparırdılar. Yəqin ki, vəziyyət düzələn kimi “Ölkəmizi tanıyaq” layihəsi yenə də davam etdiriləcək.
Mən sizə deyim ki, əqidəli, vətənpərvər insanlar həm də psixoloji baxımdan mətin, qətiyyətli olurlar. Bu cür insanların davranışları məqsədyönlüdür. Onların həyatını vətən sevgisi işıqlandırır. Təsadüfi deyil ki, yetkin, elimli, ziyalı azərbaycanlılar bütün dünyada hörmət və ehtiramla qarşılanırlar. Mən belə zəngin qəlbə malik soydaşlarımızı böyük azərbaycanlılar, nümunə şəxsiyyətlər adlandırardım. Ulu öndər Heydər Əliyev nahaq demirdi ki, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” Bu sözlərdə milyonlarla yeni nəsil insanı səfərbər edib gücləndirmək sehri var. Xüsusilə bu sözlər ulu öndərin öz dilindən səslənəndə!

-Təşkilat olaraq azərbaycançılığı necə təbliğ edirsiz?
-Oxuculara məlumdur ki, əhaliyə psixoloji yardım göstərən bir təşkilatın təmsilçisiyik. İnsanlarla Bərdə, Gəncə, Tovuz, Şəmkir, Lənkəran, Astara, Masallı, Quba, Xaçmaz, eləcə də Bakıda və digər şəhər və rayonlarda görüşlərimiz zamanı söyləyirik ki, heç bir kəsin fərdi qaydada ruhi dincliyi alınmaz, əgər toplum neqativ içindədirsə...
Fəaliyyət göstərdiyimiz illərdə davamlı olaraq icra etdiyimiz bir layihəni xüsusi qeyd etmək istəyirəm. Bu “Müasir Azərbaycan qadını” layihəsi idi. Bu ad altında keçirilən layihədə çoxsaylı qadın iştirak etmişdi. Əsas ideya məhz qadınlarımızın vətən qarşısında borcunu dərindən anlaması, cəmiyyət quruculuğunda vətəndaş mövqeyinin önə çıxması, qadınların özünə inamının yüksəldilməsindən ibarət idi. Bununla yanaşı, təşkilatımızda ölkənin görkəmli elm, mədəniyyət xadimləri ilə görüşlərin, kitab təqdimatlarının keçirilməsi zamanı azərbaycançılıq mövzusuna ətraflı nəzər salmış, görəcəyimiz işlər müəyyən edilmişdir.
Sözümün sonunda, bir daha vurğulayıram ki, Azərbaycan ideyası, vətənə sevgi, onu yağı düşməndən təmizləyib torpaqlarımızın ərazi bütövlüyünün bərpasına nail olmaq üçün indiki mərhələdə azərbaycançılıq qədər ciddi, məqsədyönlü təsir vasitəsi düşünmək mümkün deyil. Bunu hər bir vətəndaş iş yerində, evdə, ictimaiyyət arasında, övlad tərbiyəsi zamanı bir an belə unutmamalıdır.
Müsahibəni hörmətli Prezidentimiz İlham Əliyevin bu dəyərli fikirləri ilə yekunlaşdırmaq istəyirəm: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim ideoloji dayağımızdır”.

Ədil Ədilzadəшаблоны для dle 11.2
Tarix: 16-09-2020, 19:50







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?