"Milli kimliyin ideyası və rolu Azərbaycanı ləyaqətlə təmsil etməkdir" A- / A+
Kəmalə Ceylinova: "Azərbaycançılıq deyəndə onun bir üzündə vətənpərvərlik, digər üzündə isə milli şüur və əqidə bütövlüyü dayanır"
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında araşdırmaları davam edir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir.
Layihə çərçivəsində Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, "Beynəlxalq Azərbaycan Xanımları Klubu"nun rəhbəri Kəmalə Ceylinovanın KANAL 5-ə müsahibəsini təqdim edirik.

-Öncə özünüz haqda danışmağınızı istərdik...
-Mən Ceylinova Kəmalə 21 ildir ki, Nederland krallığının Nijmegen şəhərində yaşayıram.  4 uşaq anasıyam. Azərbaycanda Beynəlxalq Universitetinin Pedaqogika psixologiyası fakültəsini bitirmişəm. Amma burada hazırda yaşlı və əlillər klinikasında tibb bacısı olaraq işləyirəm. Bildiyiniz kimi, bir azərbaycanlı olaraq  yaşadığım ölkədə  bacardığım qədər ölkəmizi yerli ictimaiyyətə tanıdır və təbliğ edirəm. Hazırda Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, "Beynəlxalq Azərbaycan Xanımları Klubu"nun rəhbəriyəm. Bu təşkilat Nederland qanunları ilə rəsmi qeydiyyatdan keçmiş bir təşkilatdır. Dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən savadlı, işgüzar, istedadlı və ürəyində Azərbaycan sevgisi olan Azərbaycan əsilli qadınların klubudur.
 Dünyanın müxtəlif ölkələrində yaşamağımıza baxmayaraq, bizim bərabər bir çox vətənpərvərlik mövzusunda layihələrimiz, xeyriyyə layihələrimiz, hər ayda iki dəfə maarifləndirici, çox maraqlı mövzularda, maraqlı insanlarla vebinarlarımız olur. Bizim xanımlar qrupu böyük bir informasiya platformasına çevirilib. Bir anda bir xəbəri 30 ölkəyə çatdırırıq. Sizə qurbətdə yaşayan və ürəyi hər an Azərbaycanla döyünən bir vətənpərvər insan olaraq deyirəm ki, bizim üçün vətənpərvərlik tərbiyəsi, hər şeydən əvvəl, Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır.

-Azərbaycançılıq ideyası dünya azərbaycanlılarının təşkilatlanması üçün nə dərəcədə ideoloji təməldir?
-Hər bir xalqın özünəməxsus ənənələri, tarixi mədəniyyəti, milli dəyərləri və xüsusiyyətləri var. Azərbaycançılıq ideyası və ideologiyası xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindən olub, xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji birlik xalqın, millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır. Dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi və təşkilatlanması   xalqımızın və Vətənimizin qarşısında göstərə biləcəyimiz tarixi xidmətlərindən biridir. Bu faktorlar bütövlükdə azərbaycançılıq ideyasının təbliğ olunmasını təşkil edir. Ən əsası odur ki, Azərbaycanın milli ideologiyası həmrəylik təməli əsnasında bütövləşsin və birləşsin.

- Azərbaycançılıq ideyasının təbliğ olunması ilə dünya azərbaycanlılarının həmrəyliyinə necə nail olmaq mümkündür?
-Azərbaycanı özünə vətən sayan, bütün xalqların milli etnik dini və sosial hüquqlarının bərabərliyi ölkədə və xaricdə yaşayan millətlərin birləşmə faktorlardır. Hesab edirəm ki, azərbaycançlıq ideyasının təbliği iki istiqamətdə, yəni həm ölkə daxilində, həm də xaricdə aparılmalıdir. Çünki, yalnız milli ideya bütün dünya azərbaycanlılarını bir bayraq altında cəmləşdirə bilər. Mən vətənimi sevirəm. Mən fəxr edirəm ki, azərbaycanlıyam!!!

-Xaricdəki azərbaycanlı uşaqların vətən sevgisinin artmasında azərbaycançılıq ideyasının nə kimi rolu var?
-Biz valideynlər Azərbaycandan xaricdə yaşasaq belə, milli dəyərlərimizi ailədə yüksək vətənpərvərliklə uşaqlarımıza ötürməyə calışırıq. Azərbaycançılıq deyəndə onun bir üzündə vətənpərvərlik, digər üzündə isə milli şüur və əqidə bütövlüyü dayanır. Xaricdəki azərbaycanlı uşaqların vətən sevgisi də bundan ibarətdir. Milli kimliyin ideyası və rolu Azərbaycanı ləyaqətlə təmsil etməkdir.

Ədil Ədilzadə
шаблоны для dle 11.2
Tarix: 13-09-2020, 00:04







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?