"Azərbaycançılıq ideologiyasının təbliği bizi ərazi bütövlüyümüz uğrunda savaşa səfərbər edir" A- / A+
Azərbaycan xalqının milli inkişaf yolunun formalaşmasında azərbaycançılıq ideologiyasının önəmili rolu var. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi" layihəsini icra edir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Atatürk Mərkəzinin şöbə müdiri, Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü, şair-publisist Əkbər Qoşalının "News12.az"a müsahibəsini təqdim edirik.

-Azərbaycan xalqının milli inkişaf yolunun formalaşmasında azərbaycançılıq ideologiyasının önəmi nədən ibarətdir?
-Sualınızda keçən “milli inkişaf yolu” sözünüz çox xoşuma gəldi. Əlbəttə, hər xalqın, hər ölkənin, coğrafiyanın özünəmxsus gerçəklikləri var. Məsələn, Önqafqazda hazırda üç respublika var, ancaq, demək olar, hər birinin yolu diametral fərqliliklərə malikdir. Baxmayaraq ki, eyni coğrafiyada yerləşirik, baxmayaraq ki, eyni imperiyanın tərkibindən çıxmışıq, baxmayarq ki, uzun illər boyu, mətbəxdən, musiqidən, rəqsdən, ədəbiyyatdan, sosial-iqtisadi həyatdan tutmuş, kirvəliyə, qarışıq nigahlaradək… çox qaynayıb-qarışmalarımız, alış-verişlərimiz olub… Olsun ki, bu qaynaşmaların bir çoxu özündə çiyliklər də saxlayıb; həllolmamış hissələr də olub; bəzən verdiyimiz olub, almamışıq, almışıq, verməmişik və s. Məsələn, bizim qızların erməni, gürcü oğlanları ilə evlənmə fazi, demək olar, sıfır səviyyəsində olubsa, erməni-gürcü qızları ilə bizim oğlanların evlənmələri (yaxud sadəlöhvcəsinə evləndirilmələri), bəlli bir rəqəmlə göstərilən fazilərdə olub. Əlbəttə, mən bir qələm adamı olaraq, azad sevginin, hiylə qatışmamış məhəbbətin, eşqin – bir sözlə, Ürəyin əleyhində tək kəlmə belə deyə bilmərəm və əgər keçmişdəki evlənmələrdə doğrudan-doğruya, qarşılıqlı şəkildə Ürək iştirak edibsə, onları istisna edirəm; mənim sözüm ülvi duyğular üzərindəki oyunlardan, sui-istifadələrdən gedir; mənim sözüm Kim Kardaşyanı da “məzlum erməni xalqının soyqırımı” kimi yüz ili aşqın qondarma bir iş üçün səfərbər edən zehniyyətin işləklərindən gedir… Ona görə də, xalqımızın milli inkişaf yolunun formalaşmasından, ideologiyadan, azərbaycançılıqdan, onun önəmindən danışarkən, hərtərəfli düşünüb-daşınmaq, dərin ağıl, geniş üfüqlər gəlir ağlıma.
Baxın, hardan-hara gəldik? – Yəni, milli inkişaf yolu – təyini adından bəlli – milli olmağa möhtacdır və də, Yol olmağa, əsl inkişafa xidmət etməyə bağlıdır. Burada, Anadolular demiş, “A”dan “Z”-yə bütün əməli çalışma sahələri irdələnməyə tabe tutulmalıdır. Təsəvvür edin, yazılmamış qanunlarımız olmasaydı, millətin “özündəşeyləri” olmasaydı, zamanında şüurlara işləmiş törəmiz olmasaydı əgər, bu çətin coğrafiyada, çətin dönəmlərdə, işğallar zamanında… necə davranar, necə salamat qalardıq? 102 il öncə milli dövlətçiliyimizin pərvəriş tapması, qəflət yuxusuna qapılmağımızın qarşısını aldı; Cümhuriyyətdən öncə də, sonra da, dərin düşünən beyinlər, fədakar aydınlar Ali Azərbaycan Amalına xidmət etməsəydi, bəlkə də, indi müstəqil dövlətimiz yox idi... Ona görə də, milli ideologiya milli varlığın, milli duruşun sütunudur – işıq sütunudur, olmazsa, olmazımızdır. – Bunu bizə tarix deyir, bugünümüz güzgü kimi göstərir, gələcəyimizsə tələb edir.
Azərbaycançılığın ən sərrast formula dövlət bayrağımızda mükəmməl əks olunub: türkçülüyümüz, çağdaşlığımız, islamlığımız və ay-ulduzlu müqəddəs dövləti birliyimiz!
Biz ideologiyadan danışarkən məkanı, zamanı da unutmamlıyıq, təbii.
Hər birimiz fərqində olmalıyıq ki, yanıbaşımızda – həm tarixi torpaqlarımızda, həm də, BMT tərəfindən tanınmış ərazimizdə, habelə dünyanın dörd yanında virtual yaxud fiziki, təşkilati-texniki şəkli ilə qarşımızda necə bir mütəşəkkil ziyanlı, anti-bəşəri zehniyyət çıxır – qiyafə dəyişə-dəyişə bugünə gəlib çıxmış, idbar “erməni xəstəliyi”… bizim ideoloji sərvaxtlığımızı, yetkinliyimizi daha təxirəsalınmaz qılır.
Baxın, “Ermənistan dövləti” adlanan, ancaq faktiki olaraq xarici güclərin maddi və siyasi asılılığında olan bir qurama rejim var qarşımızda. – Böyük qonşunun forpostu olan, sabah-birisigün forpsostluğunu qəbul edəcək yeni böyük dövlətlər axtarmağa həvəsli və öyrəncəli olan, ancaq bu halında belə, ərazilərini işğalla genişləndirmə xətti tutan bir “dövlət”dir qarşımızdakı. Fikir verin, Ermənistanın öz işğalçılıq siyasətini son illər yeni libasa bürüdüyünü görürük – qabaqlar, şəxsən öz əli qana batmış Köçəryan, Sərkisyan diktaturası fonunda işğalçılıq, terrorizm qarşımızdaydısa, bugün o diktatura və işğalçılıq “demokrat Paşinyan qiyafəsi” ilə çıxır qarşımıza.– Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, hamısı Azərbayacana münasibətdə eyni nöqtəyə vurur. – Ən azı “Daşnaksütün”ün yarandığı 1890-cı ildən bu yana, arada Şaumyanla bir başqa qəddar məzmunla “zənginləşən”, ayrı-ayrı vaxtlarda millətçi, sosial-demokrat, kommunist, liberal-demokrat, radikal, demokrat, faşist və s… libaslara bürünə -bürünə, sürünə-sürünə… amma həmişə də vahid məqsəd ətrafında birləşə-birləşə başımıza bəlalar saçıblar.
Bizlər onların çata biləcəyi ən yuxarı yerdən aşağı salınması əzmində, iradəsində, bilincin və ideologyyasında olmalıyıq. Biz haqlıyıq, biz artıq həqiqətləri bilirik, biz artıq güclüyük, peşəkar ordumuz var və ordumuz öz gücünü ən yaxın tarixdə isbat edib. Qarşımızdakı hansı libası geyir-geysin, hansı havanı oynayır oynasın, biz öz haqlı mövqeyimizdən, torpaqların azad edilməsi işindən bir addım geri ata bilmərik. Rəhmətlik Cabir Novruz deyirdi,
“Millət əzər, əzilər də,
Kaş, millətdə ruh yaşasın!
Əyri qəddi düzələr də,
Kaş, millətdə ruh yaşasın!

…Düşməni qul etmək olar,
Min əsr yol getmək olar.
Dünyanı titrətmək olar,
Kaş, millətdə ruh yaşasın”!
Qarın aclığını yeməklə, göz aclığını torpaqla, dil-ağız quruluğunu su ilə doyurmaq, yatırmaq mümkünkən, ruh aclığını ruhi ehtiyacları qarşılamaqla vermək olar, təbii… Ruhumuz Şuşaya acdır, İrəvana acdır, Göyçəyə acdır… Əgər kimdəsə, bu aclıq hiss olunmursa, onun ideoloji ayara ehtiyacı var… İdeoloji yükümlülük hər birimizdə olmalıdır – məmurunda, gənc fəallarda, dilomatlarda, partiya mənsublarında… Deyək ki, bir yazar ideyalı yazmırsa, yazdığı nəyə yarar? 

-Haqlısız. Bəs, belə olan halda, Sizcə, Azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının birliyində nə kimi rolu var?
- Nə haqq etdiyimiz torpaqlarımız 86,6 min. kv.km. deyil, nə xalqımız 10 min nəfər deyil; nə də, yalnız bir bölgədə, yaxın qonşularda məskunlaşmamışıq. – Dünyanın dörd tərəfində 50 milyon təşkil edən bir xalqıq; onların çox önəmli hissəsi dədə-baba torpaqlarında yaşayır. Əlbəttə, dünya azərbaycanlılarının mədəni-mənəvi birliyi mühümdür. Təsadüfi deyil ki, 18 il öncə Ümummilli lider müvafiq dövlət komitəsi yaratmışdı. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsi adı ilə fəaliyyətini davam etdirən bu qurumun varlığı, özəlliklə, son iki ildəki çalışmaları, açılımları diqqətəlayiqdir. Üstəlik, müvafiq fəaliyyət üçün konsepsiya var, yeni yaradılmış Diaspora Dəstək Fondu var; qiymətli diaspor təşkilatlarımız, dəyərli diaspor liderlərimiz var. Bilirsiz, bu qədər VARlar, imkanlar ideolji cəhətdən cilalanınca, süslənincə (silahlanınca!), böyük güc deməkdir. Təsəvvür edin, Uzaq Şərqdə yaxud Arxangelskdəki iki həmvətənimiz, oralardakı tək məsciddə namaz qılarkən, “sünni yoxsa, şiə üsülu”-üslubu üstündə münaqişə yaşaya bilirsə, deməli, görüləcək işimiz çoxdan çoxdur. Uzaq ellərdə enerjimiz daha fərqli şeylərə yönəlməli, Azərbaycan amalı bizi birləşdirməliykən, biz dini ritualda belə ayrılıq yolunu tutmamalıyıq, tuta bilməməliyik (Üstəlik, paytaxt Bakıda “vəhdət namazı” artıq gələnək halını almışkən)..!  

-Əkbər müəllim, bu planda, Sizcə, Azərbaycançılıq ideologiyasının təbliğ olunmasına nə dərəcədə ehtiyac var?
-Ən azı, ən azı, o dərəcədə ehtiyac var ki, o dərəcə bizim ərazi bütövlüyümüz uğrunda müqəddəs, həlledici savaşa səfərbər eləsin! O dərəcədə ehtiyac var ki, ərazi bütövlüyümüzdən sonra, tarixi haqlarımız, tarixi torpaqlarımız uğrunda toparlana bilək. Elə olmalı ki, 102 ilöncə, İrəvan müqabilində, nə Qarabağa, nə digər Azərbaycan torpaqlarına heç vaxt iddia etməmək öhdəliyi götürən işğalçı zehniyyət və fakturalı “qonşular”ımız, birmənalı, geridönməz şəkildə bir daha, həqiqətən də, torpaq iddiasında buluna bilməsin!
Bizim itirmək limitimiz yoxdur – əgər belə bir adıyaman “limit” olubsa da, o daşınca dolub və bizim daha ətəkdən daş tökən yox, daşları ətəyə yığan vaxtımızdır. – Bunu təmin edən ideologiya yaşayacaq. Daş sözü heç kimi qorxudub, çəkindirməsin; biz özünümüdafiə hüququna malikik; biz ən azı, ən azı, Ermənistanda milli muxtariyyat haqqına malikik; əslində, Ermənistan “tapu”suz dövlətdir – hansısa arxivdə, “qızıl fond”da elə bir keçərli tarixi bəlgə yoxdur ki, Ermənistan onu bayraq edə bilsin. – Əgər 1918-ci ilin İrəvan olayını xatırladan olsa, vacibdir sadəcə onu deyək ki, Azərbaycan Milli Şurasının 1918-ci il mayında İrəvanla bağlı toplantısında kvorum olmayıb…
Əlbəttə, bizim ideologiyamız, dövlət strategiyamız, digər vacib işlərimiz yalnız Ermənistan odaklı ola bilməz; dərdi-sərimiz yalnız Ermənistan deyil. – Çünki Ermənistan özü Ermənistan deyilsə – “forpsot”sa, bizim üfüqümüz daha geniş, düşüncəmiz daha dərin, qərarlarımız daha ağıllı olmalıdır; sadəcə olaraq, ha tərəfə dönsək də, tarixi haqlarımız, bugünkü dirilişimiz, gələcəyə böyük baxışımız, hələlik “Ermənistan” adlandırılan şəri yerində oturtmaqdan keçir. – Ona görə, bu söhbət boyunca da, tez-tez Ermənistana vurğu yapmalı olduq…
İşğala son verdikdən, işğalçılar öz dərsini aldıqdan sonra, Qələbə Günəşi hamımızı isidəcək, görməyən gözlər görər, eşitməyən qulaqlar duyar olacaq. O günə bugündən salam olsun!  Dövlətimiz zaval görməsin!
Bayrağımıza əbədi ucalıq diləyirəm!
шаблоны для dle 11.2
Tarix: 16-07-2020, 16:17







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?