"Gənclərimizin fəaliyyətində azərbaycançılıq ideologiyasının çox böyük önəmi var" A- / A+
Nihat Xəlilzadə: "Cənubi Koreyaya gəldiyim gündən hər gün eşitdiyim “uri”, yəni “biz” sözü var ki, bu da ideologiyanın güclənməsi üçün Koreya dilində hər gün istifadə olunur"

Azərbaycançılıq ideyasının xaricdə tanıtım və təbliği soydaşlarımız üçün əsas milli vəzifələrdən biridir. Maraqlıdır ki, digər xalqlar öz milli ideologiyalarını necə təbliğ edirlər? Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında araşdırmalarını davam etdirir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Cənubi Koreyada Seul İcra Hakimiyyətində Xarici Vətəndaşların Konsulluğunun prezidenti Nihat Xəlilzadənin "News12.az"a müsahibəsini təqdim edirik.
Xatırladaq ki, Xəlilzadə Nihat Lazım oğlu 1992-ci ildə Masallı rayonunda anadan olub. 10 ildən artıqdır ki, Cənubi Koreyada yaşayır. Nihat Xəlilzadə Cənubi Koreyada, eyni zamanda Qanqnam Bələdiyyəsində Qlobal Mərkəzin direktoru, bundan əlavə Ədliyyə Nazirliyində İmmiqrantların Məsləhətçisidir. BUTA Azərbaycan-Koreya Dostluq Assosiasiyasının aktiv üzvü olan Nihat Xəlilzadə Cənubi Koreyada dövlət məmuru olan ilk azərbaycanlıdır.

-Azərbaycan gənclərinin fəaliyyətində azərbaycançılıq ideologiyasının nə kimi önəmi var?
-Düşünürəm ki, gənclərimizin gələcək fəaliyyətində azərbaycançılıq ideologiyasının çox böyük önəmi var. Bildiyimiz kimi, Azərbaycanın coğrafi və iqtisadi mövqeyi qonşu dövlətlər tərəfindən qısqanılmaqdadır və bu, tarix boyuda özünü göstərmişdir. Azərbaycana qarşı aparılan siyasətlər bu gün də davam etməkdədir və azərbaycanlıların bir- birindən uzaqlaşdırılması düşmənlərımizin arzusudur. Bunu vurğulamaq istərdim ki, Azərbaycan əsrlər boyu multikulturalizmin məskəni olmuşdur və və hal-hazırda da müxtəlif etnik quruplar Azərbaycan torpağında Azərbaycan Respublikası vətəndaşı kimi yaşamaqdadır. Bu etnik qurupların hər biri Azərbaycan Respublikasında Azərbaycan vətəndaşı olaraq eyni hüquqlara malikdir. Müxtəlif etnik quruplar ayrı-ayrılıqda kiçik görünə bilər, amma azərbaycanlılar olaraq bizim sayımız dünyada 50 milyondan çoxdur. Azərbaycançılıq ideologiyası dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporunun istiqamətini müəyyənləşdirmək üçün əsas ideologiya olaraq formalaşmalıdır. Buna misal olaraq uzun müddət yaşadığım Cənubi Koreya Respublikasının tarixinə baxmaq bəs edər. Dünyanın hər yerində "koreyalı" dedikdə canlanan imic eynidir və dünyada "təkmillətli" ölkə dedikdə ilk ağla gələndir. Halbuki Cənubi Koreya tarixini oxuyanlar yaxşı bilir ki, Cənubi Koreya tarix boyu təkmillətli ölkə olmayıb və Cənubi Koreyada da zamanında koreyaçılıq ideologiyası bugünkü Cənubi Koreyaya çox böyük təsirini göstərmişdir. Tarixdə Cənubi Koreyada müxtəlif etnik quruplar yaşasa belə, bu gün Cənubi Koreya vətəndaşları özlərini koreyalı kimi görür və hansı ölkədə olmasından asılı olmayaraq koreyaçılıq ideologiyasına xidmət edir. Bunu dünyanın hər bir ölkəsində olan Cənubi Koreyanın nəhəng şirkətlərində vəzifə tutan şəxslərdən bilmək olur. Cənubi Koreyaya gəldiyim gündən hər gün eşitdiyim “uri”, yəni “biz” sözü var ki, bu da ideologiyanın güclənməsi üçün Koreya dilində hər gün istifadə olunur. Bizim ailə, bizim dostumuz, bizim ölkəmiz, bizim xalqımız və s. Düşünürəm ki, Cənubi Koreyaya böyük nəticələr gətirən bu ideologiya Azərbaycana da çoxlu xeyir verə bilər. Harda yaşamasından asılı olmayaraq azərbaycanlılar əgər azərbaycançılıq ideologiyası istiqamətində getsələr, inanıram ki, yaxın 10 il ərzində bu, Azərbaycana çox, amma çox müsbət istiqamətdə təsirini göstərə bilər.
-Azərbaycançılıq ideyası gəncləri nə dərəcədə bir araya toplaya bilər?
-Son günlərdə baş verən hadisələr də göstərdi ki, dünyadakı bütün Azərbaycan əsilli gənclər Azərbaycan üçün hər şeyi etməyə hazırdır. Lakin dünyada olan fəaliyyətləri izlədikcə başa düşdüm ki gənclərimiz yalnız müharibə şəraitində yox, gündəlik həyatda da birliklərini nümayiş etdirməlidir.  
Ölkə olaraq bizim birliyimiz mütləqdir və birliyin təməlində azərbaycançılıq durmalıdır. Cəmiyyətdə nüfuza sahib azərbaycanlılar həmişə gənclərimizə dəstək olmalı və bununla həmin gənclərin yeni nəsillərə dəstək olması üçün səbəbkar olmalıdır ki, azərbaycançılıq ideologiyası yaşasın və gənclərimizin birliyini möhkəmləndirsin. Bu gün bizim gənclərimiz üçün gördüyümüz kiçik işlər onların həyatını dəyişərsə, bu, məhz azərbaycançılıq ideologiyasını yaşadıb, davam etdirəcək. Sovet dövrünün insanlarının çoxu vurğulayır ki, xaricdə öz ölkənin insanlarından uzaq gəz. Məncə bu sırf sovet ideologiyasını yaşatmaq və bizim birlik olmağımıza qarşı aparılan bir siyasət idi. Biz bu gün müstəqil ölkənin vətəndaşlarıyıq və gələcək nəsillərə bu mesajı ötürməliyik ki, nə olur olsun Azərbaycan sizin arxanızda olacaq və azərbaycançılıq ideologiyası sizə daha çox yol göstərəcək. Azərbaycançılıq gənclərimizin sabaha inamı üçün ən zəruri ideologiyadır və hər hansı bir vəziyyətdə birliyimizin mütləq səbəbi olacaq.
-Azərbaycançılıq ideologiyasının təbliğ olunmasına nə dərəcədə ehtiyac var?
-Mən bir Azərbaycan vətəndaşı, vətəndən uzaqda yaşayan bir valideyn kimi bu sualı cavablandırmaq istərdim. Artıq illərdir vətəndən uzaqdayıq. Xaricdə anadan olmuş, böyüyən və Azərbaycana çox gələ bilməsə belə, Azərbaycanı sevən gələcək nəsillərə ehtiyac hər zaman var. Azərbaycan xaqlı vətənpərvər xalq olub və belə də olacaq. Azərbaycanda yaşayıb yaşamamasından asılı olmayaraq Azərbaycanı sevib, Azərbaycan naminə gənclərimizin birgə fəaliyyəti üçün azərbaycançılıq ideologiyası fikrimcə mütləqdir. İnsan vətəndən uzaqda qaldıqca vətən həsrəti daha da artır. Xaricdə uzun müddət yaşadıqdan sonra insan əvvəllər şikayətləndiyi həyat olsun, bəyənmədiyi yemək olsun, əlindən bezdiyi qonşusu olsun, hamısı üçün burnunun ucu göynüyür. Ölkədən xaricə gedənlərin əksəriyyəti gənc nəsildir və sabahın valideynləri olaraq bu ideologiyanı onlar yaşatmalıdır ki, gələcək nəsillər də harada yaşamasından asılı olmayaraq əsillərini unutmasınlar.

Ədil Ədilzadəшаблоны для dle 11.2
Tarix: 11-08-2020, 19:56







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?