Fəxrəddin Muradov: "Mənim böyük eşqim Azərbaycandır" A- / A+
Fəxrəddin Zülfüqar oğlu Muradov1967-ci il yanvarın 6-da Yevlaxda anadan olub. Türkiyədə yaşayan soydaşımızdır. Riyaziyyatçı, atom fizikası üzrə dəyərli mütəxəssisimizdir. Evlidir, iki övladı var.

Birləşəlim özümüzdən
***
Ey türk oğlu, ey müsəlman!
Dünya zalım, dövran yaman.
Yeni düzən qurur zaman
Ay parladı, sirr tükəndi
Həp yanımda dur, əfəndim!

Ayrı saldı yollar bizi,
Həsrət qoydu illər bizi,
Dədəm Qorqud anlar bizi,
Ulu ozan dər ki kəndi:
Həp yanında dur, əfəndim!

Birləşəlim özümüzdən,
Millət gəlsin izimizdən,
Dönməyəlim sözümüzdən
Hür yaşamaq zor, əfəndim.
Həp yanında dur, əfəndim!

Savaş bizə hükmü-farzdır,
Ömür qısa, zaman azdır,
Qızıl qanla tarix yazdır,
Bayrağım olsun kəfənim,
Həp yanında dur, əfəndim!

Zalımlara güvənilməz.
Güc görməsə qan kəsilməz,
Bağışlarsaq zülm bitməz,
Məzlumlardan sor, əfəndim!
Həp yanımda dur, əfəndim!

Qaç zəfərə ulu millət,
Bizimlədir haqq-ədalət
Ya ölərik, ya hürriyyət...
Yeni dövran qur, əfəndim!
Həp yanımda dur, əfəndim!


Mənim böyük eşqim Azərbaycandır
***
Sevdalı bağlardan etmişsə nübar,
O sevən aşiqin böyük eşqi var.
Baxın nə gözəldir sevdiyim nigar,
Qoynu cənnət-məkan nazlı canandır,
Mənim böyük eşqim Azərbaycandır.

Qartal başlı divdir, Xəzərə hakim,
Bu günə,  sabaha, əzələ hakim.
Həm doqquz iqlimli gözələ hakim,
Sevgi ilə ucalan bir xanimandır,
Mənim böyük eşqim Azərbaycandır

Günəş gündüz çıxır, nurlu, çıraqban,
Göy mavi, qırmızı, yamyaşıl əlvan,
Hilal ay ulduzlu bayrağa qurban,
Bu tutku nə gözəl bir həyəcandır,
Mənim böyük eşqim Azərbaycandır.

Şairin cənnəti bilən aşiqdir,
Ruhu göy, tanrıdan gələn aşiqdir,
Vətənçün yaşayan, ölən aşiqdir.
İsmində tutduğu can bizə candır
Mənim böyük eşqim Azərbaycandır.


Aşka Biat Ettim!
***
Eşqə biət etdim, ya Rəbb!
Şükr eyləyən dil mənimdir.
Mən yandım ki, işıq olam,
Atəş sənin, kül mənimdir.

Erkən solan çiçəklərdən,
Torpaq anlar gerçəklərdən,
Hürilərdən, mələklərdən,
Xəbər gəlsə, al, mənimdir.

Göydə sayar günü ay da,
Kimə zərər, kimə fayda?
Hükmü-fərman, budur qayda,
Bağça sənin, gül mənimdir.

Haqqı bilən edər güman,
Canan için fədadır can,
İbrətmidir, yoxsa ehsan?
Arı sənin, bal mənimdir.


Hər zərrənə şərik oldum,
Sirr dağına gedər oldum,
Leylalara gərək oldum,
Məcnun mənəm, çöl mənimdir.

Qara işıq qarasında,
Məlhəm tutmaz yarasında,
Tanrı İblis arasında,
Çalın-çapraz yol mənimdir.

Yara bağlı, qəmli sinə,
Düşdüm insan zəmisinə,
Almadı Nuh gəmisinə,
Dəli axan sel mənimdir

Yarı məndə, yarı gətir,
Həsrətimi qoru, gətir.
Qalx, İsrafil, suru gətir,
Qiyaməti çal, mənimdir.

Qul Fəxrəddin, ağlı zail,
Sevdalıya salmış meyil,
Bu dünyada qismət deyil,
Axirətdə, bil, mənimdir...

Qısqanma
***
Bəxtimə ay doğsa, günəş batacaq,
Buludlar yerlərə pərdə tutacaq,
Yay çəkib qəlbimə oxlar atacaq,
Sevgidə həsrət var, həsrətdə ölüm,
Məni mələklərə qısqanma, gülüm.

Payızdan tez gəldi ömrümün qışı,
Alnımda illərin həsrət naxışı,
Köçəri buludlar, soyuq yağışı,
Doldurmuş gözünə sonalı gölüm,
Məni mələklərə qısqanma, gülüm.

Aqiləm, cahiləm, naşıyam bilməm,
Günahım ağırdır daşıya bilməm.
Mən gözəl görməsəm, yaşaya bilməm
Solar qızıl gülüm, solar sünbülüm
Məni mələklərə qısqanma, gülüm.

Qəlbimə od düşə, yanam, odlanam,
Dağlara, daşlara gedib bağlanam,
Özün ki bilirsən, fağır oğlanam,
İçim viranədir, bəxtəvər çölüm,
Məni mələklərə qısqanma, gülüm.

Oxşamır könlümü nə bahar, nə yaz,
Eldən uzaq getsəm, tanıyan olmaz,
Boyum da qısadır, saçlarım bəyaz,
Dağılmış ocağam, sovrulmuş külüm,
Məni mələklərə qısqanma, gülüm.

Olsa da ruhumda vicdan ləkəsi
Günahkar Fəxrəddin nələr çəkəsi?
Cənnətdə gözləyir yetmiş ikisi,
Bağçalar gül açmış, ötür bülbülüm,
Məni mələklərə qısqanma, gülüm.


Mən sənsiz ölmüşəm (Əzizim)
***
Bu isti yay gecəsi əlim üşüyür necə,
Bir baxdım qaranlığa, gördüm üşüyür gecə,
Qaranlıqdan uzaq dur, gətir yandır şamları,
Xəyalıma işıq tut ayrılıq axşamları.

Bir gün ayrılıb getsəm, istərəm ulduz olam,
Aydan Günəşdən uzaq, tək-tənha, yalnız olam,
Orda yerimi sən bil, başqa işıq olmasın,
Sevməsin məni kimsə, kimsə aşıq olmasın.

İşığıma nəğmə qoş, həsrət dolu nəğmələr,
Dönə-dönə şöləmə yanmasın pərvanələr,
Sevgi dolu gecələr, ulduzlu göylər bizim,
Xəyalımı buraxma, yuxumda qal, əzizim.

Mürgülü gözlərinlə yuxulara qat məni,
Yuxuda sənsiz qalsam, yuxudan oyat məni,
Bir gün ayrılıb getsəm qiyaməti qoparma,
Bu rəngli yuxumuzu qaranlığa aparma.


Bir gün ayrılıb getsəm, vəfasızları söymə,
Yaxalayıb gizlicə mələklərimi döymə,
Bu dünya bir yuxudur, hər yatan oyanacaq,
Məndə qəflət yuxusu Allaha qalmış ancaq.

Çıx Allah hüzuruna, söylə, əcəl gəlməsin,
Mən sənsiz ölmüşəm, yar, bunu kimsə bilməsin,
Bu isti yay gecəsi əlim üşüyür necə.
Bir baxdım qaranlığa, gördüm üşüyür gecə...


Mən kiməm?
***
Qalx ayağa, bəzən, gözəl!
Haqq zülmünə dözən gözəl,
Məndə ümid gəzən gözəl,
Mən Allahın kimiyəm ki?

Sən bir huri, sən bir sənəm,
Hər gələnə vermə önəm,
Bəndəlikdən çıxan mənəm,
Mən Allahın kimiyəm ki?


Acımasız olur gerçək,
Yalana qardaşdır kələk,
Qohumdular iblis, mələk,
Mən Allahın kimiyəm ki?

Kimə qismət, kimə nəsib,
Ətəyini əldən kəsib,
Mələklər də məndən küsüb,
Mən Allahın kimiyəm ki?

Gözəl gözlüm, baxma belə,
Yandı bağrım, döndü külə,
Çarmıxdadır İsa hələ,
Mən Allahın kimiyəm ki?

Şahdamardan bizə baxar,
Bu sevgidən günah çıxar,
Cəhənnəmdə atəş yaxar,
Mən Allahın kimiyəm ki?


Həvva məni sevdi əzəl,
Sonra dedi Adəm gözəl,
Dişlək alma oldu məzə,
Mən Allahın kimiyəm ki?
Mən Allahın kimiyəm ki?


Gəl
***
Sənə ulduzlarla salam göndərdim,
Qərib salamımı alırsansa, gəl.
Sinəmdə sevgidən tanrı evi var,
Viranə məsciddə qalırsansa, gəl.

Kölgədən günəşə barışıq kimi,
Meyvəsiz ağacam yaraşıq kimi,
Gəl dolan boynuma sarmaşıq kimi,
Xəzan yarpaqlarım olursansa, gəl.

Gəl, qərib ellərə bir səfər eylə,
Zülmət gecələri al səhər eylə,
Nə bilim, özün bil, birtəhər eylə,
Bu dərdə bir çarə bulursansa, gəl.


Gündüzün günəşi aydan incimiş,
Hesab soranımız saydan incimiş,
Qurumuş irmaqlar çaydan incimiş,
Yaş olub gözümə dolursansa, gəl.

Niyə qürurlandın, niyə fəxr etdin,
Düşmən aşıb keçmiş Vətən sərhəddin,
Bir gün qərib eldə ölsə Fəxrəddin,
Cənazə namazın qılırsansa, gəl.


Haqq gəzirəm
***
Mən haqqın zərrəsiyəm, zərrədə ümman gəzirəm,
Ölümdən öncə ölüm, məşəri-üryan gəzirəm,
Dünyanı qurmaq üçün “ol”dan öncə “sev” demiş Haqq,
Sevgidir sözdən əzəl, sevgili canan gəzirəm.

Haqqıdır hər gözəlin ağlımı başdan alması,
Tanrının hökmü budur, cənnəti-rizvan gəzirəm,
Qanad açmış ruhumun quşları qonmuş çiyninə,
Könlümə taxt quracaq hükmüdar-sultan gəzirəm.


Sözüm olsun sənə, yar, son nəfəsim eşq olacaq,
Sevdasız könüllərin dərdinə dərman gəzirəm,
Ruhumun dostu gəlib külümdən atəş yaxacaq,
Gülü gülzar edəcək bülbülə nalan gəzirəm.

Günahı gömün yerə, tövbələr  merac eləsin,
Məni göylər tanıyır, yerlərə iman gəzirəm,
Qürbətdə ölsə qərib, məzarı da dar qazılar,
Elindən uzaq gedib qürbəti-viran gəzirəm.

Düşmənlər cəm olsa da, sərhədlər, sədlər düşəcək,
Tanrının hökmü ilə haqqımız Turan gəzirəm,
Canımı beh almışam ruhumu yüksəltmək üçün,
Gördüyüm ticarətə qalmışam heyran, gəzirəm.

Sinəmiz bağlı qəfəs, kim nə bilir çəkdiyimi?
Haqqı-talaya əyan bir dəli tufan gəzirəm,
Fəxrəddinsevərlərə söylə, qədərdir günahım,
Qopmuşdur budağından, mən gülə güldan gəzirəm...


Xeyir və Şər
***
Yellər əsir, çərxi-fələk yellənir,
Çaylar daşır, şəffaf sular lillənir,
Yurd yerində ocaq daşı küllənir,
Yaxşı köçür, yaman qalır dünyada.

Təndirlərdə sıyıq  gedir kündələr,
Hey yesə də doymur böyük bəndələr,
Daha yonmur kötükləri rəndələr,
Ağac sınır, palan qalır dünyada.

Atam oğlu, dilin giley-güzarda,
İnkir-minkir məəttəl qalır məzarda,
Şərəf, qeyrət satılandan bazarda,
Tanrı evi viran qalır dünyada.

Mərd adamlar mərdliyindən usandı,
Mərdi qovan, namərd olan insandı,
Bu dünyadan köçüb getmək asandı,
Saçlarını yolan qalır dünyada.

Fəxrəddinin dərdi dağdan ağırdı,
Bu dünyadan o dünyanı çağırdı,
İblis, şeytan insanlardan fağırdı,
Haqlı ölür, yalan qalır dünyada.


Rəbbimlə söhbət
***
Artıq olacaqlar oldu, gedirəm,
Səbrimin kasası doldu, gedirəm,
Ömür də, ölüm də yoldur, gedirəm,
Ya rəbbim, sən Allah yol göstər mənə.

Birisi yol gedər, yoldan ötəndir,
Eli, obası var, dərdləri təndir,
Mənə dedilər ki, ora Vətəndir,
Ya rəbbim, sən Allah yol göstər mənə.

Dönəm torpağına, daşına dönəm,
Qaldırmaz ürəyim Vətən boyda qəm,
Belə, cəhənnəmə qalsın cəhənnəm,
Özgələr də baxır birtəhər mənə,
Ya rəbbim, sən Allah yol göstər mənə.

Fəqir-füqəranın durumu gərgin,
Yaltaq-yalağası, köpəyi zəngin,
Millət yarı qaçqın, yarı didərgin,
Kimsələr deməsin bəxtəvər mənə,
Ya rəbbim, sən Allah yol göstər mənə.

Mən qərib eldəyəm yolum haçadır,
Gözləri yollarda anam qocadır,
Sən ordan görürsən, yerin ucadır,
Ya rəbbim, sən Allah yol göstər mənə.

Ovçudan qaçıram, ov izindəyəm,
Düşmən qarğışında, dost sözündəyəm,
Hələ ki torpağın tərs üzündəyəm,
Ya rəbbim, sən Allah yol göstər mənə.

Artıq olacaqlar oldu, gedirəm,
Səbrimin kasası doldu, gedirəm,
Ömür də , ölüm də yoldur, gedirəm,
Ya rəbbim, sən Allah yol göstər mənə.


Möhlət
***
Ev olsun, bağ olsun, ya örüş olsun,
Üzümdə ya kədər, ya gülüş olsun,
Yaman istəmirəm bu görüş olsun,
Üşüyər, üşüyər tənha çiçəyim,
Gəl mənə möhlət ver, əcəl mələyim.

Ölüm var ucaldar şəhidlər kimi,
Ölüm var mərdanə igidlər kimi,
Mən ki istəmirəm seyidlər kimi,
Nəzir-niyazaları deyil gərəyim,
Gəl mənə möhlət ver, əcəl mələyim.

Bu sözü anlayıb-bilməyə nə var?
Mizan-tərəzidə bölməyə nə var?
Düşmanlar əlində ölməyə nə var?
Dostun gülləsindən qanlı kürəyim,
Gəl mənə möhlət ver, əcəl mələyim.

De ki əzrayılam, danış, din, mənəm,
Məhəmməd ümməti, haqqı-din mənəm,
Yarı yolda qalan Fəxrəddin mənəm,
Sevgi həqiqətim, həsrət gerçəyim,
Gəl mənə möhlət ver, əcəl mələyim.
*** ***

HƏSRƏT
Dayanıb sahildə ay işığında,
Sevginin rəsmini çəksəm dənizə,
Qərq olub sularda gedərmi həsrət?
İlahi ədalət çıxarmı üzə?

Qarışır rənglərə gecənin rəngi,
Ulduzlar saxlayır dəngəni, dəngi,
Rüzgarın nəfəsi, suyun ahəngi,
Axı nə anladır, nə deyir bizə?

Nə dildə danışır torpaq, su, çiçək?
Baharmı doğrudur, payızmı gerçək?
Qırıq könülləri dinləsəm tək-tək
Səssizlik naləsi gələrmi sözə?


Dayanıb sahildə ay işığında,
Sevginin rəsmini çəksəm dənizə.
Qərq olub sularda gedərmi həsrət?
İlahi ədalət çıxarmı üzə?








шаблоны для dle 11.2
Tarix: 17-11-2020, 20:21







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?