“Çexiyada hər zaman bayramlarımızda musiqi töhfəmlə çıxış etməyi özümə borc bilirəm” A- / A+

Canel Nəcəfli: “Bəzi tələbə yoldaşlarım mənim təbliğimdən sonra valideynlərindən icazə alıb Azərbaycana səfərlər etməyi planlaşdırırlar”

Xaricdə təhsil alan gənclərimizin ölkəmiz adına qazandıqları uğurlar və təbliğat işlər də azərbaycançılıq nümunəsidir. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında araşdırmaları davam edir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir.
Layihə çərçivəsində Bakı Musiqi Akademiyasının qiyabi təhsil üzrə, Çexiya (Plzen) Konservatoriyasının isə əyani təhsil üzrə II kurs tələbəsi Canel Nəcəflinin KANAL 5-ə müsahibəsini təqdim edirik.
Xatırladaq ki, genetik vətəni Şuşa olan Nəcəfli Canel İlham qızı 2002-ci ildə Bakı şəhərində anadan olub. O, hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alan istedadlı gənc musiqiçilərdən biridir. Hələ uşaq yaşlarından musiqiyə böyük maraq göstərmişdir. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil aldığı dövrdən müxtəlif kollektiv, konsert və beynəlxalq müsabiqələrdə cıxış etmişdir.
Canel Nəcəfli 2015-ci ildə Polşada keçirilən “Karavan Kulturi” adlı Beynəlxalq Müsabiqə-Festivalda iştirak edərək I yerə, 2016-cı il Cexiyada keçirilən “Josef Micka” adına festival-müsabiqədə Prokofyevin “Zoluşka” əsərinə görə Fəxri Diploma, 2016-cı ildə  “Rodniki duşi” adlı Respublika müsabiqəsində I yerə, 2016-cı ildə Bakı şəhərində keçirilən “Futures Stars” adlı Beynəlxalq müsabiqədə I yerə layiq görülüb.
Canel Nəcəfli 2016-cı ilin may ayında V.Spivakov Fondunun təşkil etdiyi “Moskva dostları qarşılayır” Beynəlxalq Festivalın iştikarçısı olub. 2017-cı ildə Bakı şəhərində keçirilən “Testene Art Baku” Beynəlxalq müsabiqəsində iştirak edərək I yerə layiq görülüb. 2018-ci ilin 28 Mart-1 Aprel tarixlərində Brüsseldə keçirilən “Grumiaux” (keçmiş “Bravo”) Beynəlxalq müsabiqədə çıxış edib və III yerə nail olmuşdur və məhz bu diplom ona BMA-da müsabiqədənkənar təhsil almağa şans verdi. Onu da qeyd edək ki, Canel 2019-cu tədris ilində musiqi üzrə müsabiqədənkənar ali təhsil ocağına qəbul olunmuş yeganə tələbə oldu.
Canel Nəcəfli 2018-ci ilin aprel ayında Bakı şəhərində keçirilən ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III Respublika müsabiqəsində iştirak edərək I yeri qazanmışdır.
2019-cu ilin fevral ayında Bakı şəhərində keçirilən Azad Əliyev adına violinçilərin I Beynəlxalq Müsabiqəsində I yerə layiq görülüb. 2020-ci il 17-24 fevral tarixlərində Bakı şəhərində keçirilən III Beynəlxalq “World Harmony” Müsabiqəsində I yerə layiq görülüb.
Xalq artisti, professor Murad Adıgözəlzadənin rəhbərliyi və koordinatoru musiqişünas Ayla xanım Zəkəriyyə tərəfindən ərsəyə gəlmiş “Gənclərə dəstək” layihəsi çərçivəsində keçirilmiş konsertlərdə, o cümlədən 2018-ci ildə  X Qəbələ Beynəlxalq Festivalında, həmçinin Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalında solo çıxışları olmuşdur.
Bu günlərdə isə gənc skripkaçımız Canel Nəcəfli ABŞ-da keçirilmiş Boulder Bach Festival adlı mötəbər klassik musiqi yarışmasında 39 ölkədən qatılmış 273 nəfərdən və University kateqoriyasında olan 49 nəfər arasında mükafatlandırılmış 10 nəfərdən biri oldu, Audience Favorite seçildi (münsif və dinləyici rəğbətini qazandı) və 2021-ci ildə həmin festivalda canlı çıxış etmək üçün ABŞ-a dəvət aldı. Fəxr olunası məqamlardan biri də odur ki, ABŞ kimi derjavada 39 ölkədən bir neçə ölkənin nümayəndələri seçilib və bu ölkələr arasında bizim də ölkəmizin, Azərbaycanımızın adı çəkilib.
Canel Nəcəfli istedadlı musiqiçi olaraq gələcəkdə də Azərbaycanın adını müxtəlif beynəlxalq müsabiqə və forumlarda yüksəklərə qaldıra biləcək gənclərimizdəndir.
-Canel xanım, siz bir gənc olaraq  azərbaycançılığı necə başa düşürsüz?

-Hər bir dövlətin artibutları var. Onları sevmək, onlara rəğbət göstərmək, hörmətlə yanaşmaq hər bir vətəndaşın müqəddəs borcudur. Mən ilk dəfə 2007-ci ildə 5 yaşımda olarkən anamla Türkiyəyə səfər etdikdə bizə hörmət əlaməti olaraq Türkiyə bayrağı olan paraşütdə gəzdirdilər. Səyahət etdiyimiz yaxtada Türkiyə bayrağı dalğalanırdı, qaldığımız mehmanxananın həm həyətində, həm girişində, həm qeydiyyat aparılan yerdə (resepşnda), yemək yediyimiz yerlərdə də Türkiyə bayrağı dalğalanırdı. Anama dedim ki, niyə bəs bizim ölkədə hər yerdə bayrağımız dalğalanmır? Azərbaycana çatan kimi bir neçə bayraq aldırdım. İndiyə kimi hansı xarici səfərlərə getmişəmsə, bayrağımızı sevə-sevə özümlə aparmışam. Bakı şəhərində ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, sevimli Prezidentimiz İlham Əliyev tərəfindən Bakı şəhərinin ən görkəmli məkanı Dənizkənarı Parkda dünyada ən uca bayraqlar sırasında olan Bayraq meydanının yaradılması, onun Milli Bayram kimi qeyd edilməsi çox sevindirici, əlamətdar hadisələrdəndir. Həmçinin onu da qeyd etmək istərdim ki, musiqisi Üzeyir bəy Hacıbəyliyə, sözləri isə bitirdiyim Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin küçəsinin adını daşıyan çox gənc yaşlarında repressiyanın qurbanı olmuş görkəmli şairimiz Əhməd Cavada məxsus olan, vicudu titrədən, qururla və fərəhlə dinlədiyimiz, səsləndirdiyimiz və eşidəndə özümüzün də ayaq üstə oxuduğumuz gözəl, təkrarsız himnimiz vardır. Ümumiyətlə, əsl azərbaycanlı olmaq, həqiqətən də sözlə ifadə olunmayacaq dərəcədə çox qürurvericidir. Bizim ölkəmizlə fəxr olunası çox məqamlar vardır. Əlbəttə, vətəni, dili sevmək, milli mənsubiyyəti qoruyub saxlamaq həm ailədə verilən tərbiyədən, həm məktəb-müəllim təbliğatından çox asılıdır. Məncə bu hiss illər getdikcə daha da dərinləşir, daha da mükəmməlləşir.
-Azərbaycançılıq ideyası gəncləri nə dərəcədə vətənə bağlayır?

-Yuxarıda qeyd etdiyim kimi, bayrağa, himnə, dilimizə sevgi ən vacib məqamlardandır. Biz musiqiçilər idmançılar kimi bayrağımızın beynəlxalq arenada, müsabiqələrdə dalğalanmasından çox böyük qürur hissi keçiririk. Və məhz bu kimi hisslər harda olmağımızdan asılı olmayaraq bizi vətənə bağlayır, ürəyimizin vətənlə döyünməsi hissini yaradır, aşılayır, uzaqda olsaq da üçrəngli bayrağımızın dalğalandığını görəndə bütün Azərbaycanın istisini, dəstəyini hiss edirik. Əlbəttə, xaricdə çalışıram tələbə dostlarıma, hətta müəllimlərimə hər hansı bir sözün, frazanın Azərbaycan dilində necə tələffüz edildiyini öyrədim, dilimiz, vətənimizin gözəlliyi, yeməklərimiz, təbiətimiz, ölkə rəhbərliyinin xarici siyasəti, vətənimizi dünya şöhrətli etməkdən ötrü atdığı addımlar barədə bacardığım təbliğatları aparmağa çalışıram. Həmçinin milli bayramlarımızı yenə də harada olmağımızdan asılı olmayaraq sevə-sevə qeyd etməyimiz məncə hər bir gənc azərbaycanlının borcudur. Mən də bir musiqiçi kimi hər zaman bayramlarımızda musiqi töhfəmlə çıxış etməyi özümə borc bilirəm.  
-Çexiyada azərbaycançılığı necə qoruyur və təbliğ edirsiz?

-Mən Çexiyada 1 ilə yaxın oxumağıma baxmayaraq, tələbə yoldaşlarıma, bəzən də müəllimlərimə vaxtaşırı olaraq ölkəmiz, canımız Azərbaycanımız haqqında bir çox məlumatlar verirəm. Həmçinin onlara ölkəmizin təbiəti, gəzməli yerləri, yeməkləri haqqında çox danışmışam. Hal-hazırda konservatoriyada 2-ci kurs tələbələri arasında Azərbaycandan yeganə xarici tələbəyəm və əlbəttə, istərəm ki, həm biliyim, savadım, bacarığım, tərbiyəmlə Azərbaycanın adını hər zaman yüksək tutum, həm də vətənimin təbliğini layiqincə aparım. Çünki Azərbaycan haqda nə qədər dolğun, doğru, dürüst məlumatlı olsalar, bir o qədər bizə maraq artacaqdır. Təsəvvür edin ki, bəzən bizim görkəmli bəstəkarların əsərlərini və ya xalq musiqilərini özüm üçün ifa edəndə, hər kəs yaxınlaşıb nə musiqisi olduğunu soruşur, mən də onlara notları tapıb verirəm və ya ifa etdiyim əsərləri notlaşdırıb onlara təqdim edirəm ki, bu da həqiqətən də insana başqa bir zövq yaşadır. Axı doğurdan da bizim musiqimiz çox gözəldir! Hətta bəzi tələbə yoldaşlarım mənim təbliğimdən sonra valideynlərindən icazə alıb Azərbaycana səfərlər etməyi də planlaşdırırlar. Buna görə çox böyük qürur hissi keçirirəm.

Ədil Ədilzadəшаблоны для dle 11.2
Tarix: 18-09-2020, 16:09







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?