"Məni məndən alan dünyam"-Şeirlər A- / A+

 
News12.az saytı tanınmış şair Səxavət Türkanlının şerlərini oxuculara təqdim edir:

Məni məndən alan dünyam,
Məni mənə qaytar görüm.
Dizlərimə təpər gəlsə,
Kimsə mənə çatar görüm.

Arzularım təmtəraqlı,
Cəh-cəh vurur bülbül kimi.
Yorğunluqdan əyilmişəm,
Dənlə dolu sünbül kimi.

Dərddən zəmi alan dünyam,
Yenə sevda dəmi gəlib.
Yer göstərir gül balalar
Deyirlər ki, əmi gəlib.


Od götürən bəbəklərim,
Görən niyə sozalıbdı?
Yana-yana sönən eşqim,
Kösöv kimi qaralıbdı.

Öz yerində sayan dünyam,
Vaxt yetişib getmək üçün.
Sən almısan hər nəyim var,
Gümanlarım bitmək üçün.

Məni tora salan dünyam,
Əzabına dözəcəyəm.
Bir gün qalxıb yer təkindən
Ruha dönüb, gəzəcəyəm.

Səxavəti atan dünyam,
Qana-tərə batan dünyam.
Məni mənə qaytar görüm,
Kimsə mənə çatar görüm.

Giley

Dolanbac oynayır cəhrə mənimlə,
İp dolanır, eşilmir ki, eşilmir.
Bir qubar var ürəyimin başında
İrinləyir, deşilmir ki, deşilmir.

Ağrısına tab qalmayıb sinəmdə,
Həyatıma bir aydınlıq saçılmır.
Təbiblər də daha çatmır köməyə,
Dərd sandığım kilidlənib, açılmır.

Gün hayandan çıxıb, görə bilmirəm,
Düşmənim də xəbər alır halımı.
Bal arısı nazlanaraq üzümə
Vızıldayıb, hələm sorur balımı.
Uşaq ikən çox bəsləndim beşikdə
Sularım o beşiyi yırğalar,
Dərd çəkməyən sakit durmaz eşikdə
Zəhlə tökən qurbağa tək quruldar.

Bu həyatın çox sirrindən halıyam,
Halal-haram tərəzinin gözündə
Bəlkə, elə o dünyanın malıyam,
Bunun üçün yaşayıram, bu gündə.

Gileylənib yaraları qopardım,
Ağlayanın zırhazırı kəsilmir.
Bu qubarım bir bəladır qaçılmaz,
Cəhrənin də cırhacırı kəsilmir.




Ey fələk
Kim tutub dünyanı qalacaq, axı,
İllərə nə var ki, ötüb keçəcək.
Ey fələk, dolandır, dolama çarxı,
Göyərən göyərib, bitən bitəcək.

Ay canım, az qalır qızıl payıza,
Məni tək qoymağa nə tez tələsdin ?
Ərk edə bilmirəm oğula, qıza,
Əgər getməsəydin, sən mənə bəsdin.

Qayıtsın geriyə ömrümün yazı,
Yenə çiçəklənsin arzu, diləyim.
Ürəkdə yaşasın özündən razı,
Səhər günəşi tək mən gülümsəyim.

Həyatda bir kəsə borcum qalmasın,
Sönən bəxt ulduzum şölələnsin qoy.
Qadamı başqa bir gözəl almasın,
Tale qismətimə nur ələnsin qoy.

Səsinə səs verim quşlarsayağı,
Qonsun güldən-gülə ağ kəpənəklər.
Heç nə görünməsin bizə bayağı,
Qol açıb uzansın yaşıl tənəklər.

Narın qum üstündə dincələk bir az,
Ləpələr öpüşsün sahil boyunca.
Kəlağayı buludlar eyləsin pərvaz,
Dənizin gözlərinə baxım doyunca.

Dünyadan köçməyə nə tez tələsdin,
Əlində yarımçıq qaldı işlərin.
Getdin, birdəfəlik salamı kəsdin,
Kəsildi evimdən şən gülüşlərin.

Ey fələk, dolandır , dolama çarxı,
Möcüzə yaranar, dünya dəyişər.
Kim tutub dünyanı qalacaq, axı?
Qurdla qiyamətə qalmaz bir nəfər.

Səxavət Türkanlı 
шаблоны для dle 11.2
Tarix: 1-06-2019, 10:41



Digər xəbərlər




      TAM XƏBƏR
      Facebook
      Foto

      “Bura Vətəndir”-İşğal altında olan Şuşadan ƏN SON görüntülər

      Son xəbərlər
      Sorğu

      Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?