YADIMA SƏNİ SALANDA... A- / A+

 
Bir zamanlar çox məşhur bir mahnı vardı,radioda,televiziyada tez-tez bu mahnını səsləndirərdilər.Mahnının sözlərində aşiq sevgilisini əsən yellərdən,rüzgarlardan soraqlayıb,xəbər alırdı:

Əsən yellər,əsən yellər,
sevgilimdən mənə xəbər.
Solanda narın çiçəklər,
Gül yanağım solmasınmı....

Məktəbimizdə fizika müəllimimiz həm də gözəl tar çalırdı,tədbirlərdə ifa edəndə hamımız onun tarının simlərinidən qopan yanıqlı nəğmələri dinləməkdən həzz alardıq.
O,sonralar çalmağı,oxumağı bacaran istedadlı uşaqları bir yerə yığıb özfəaliyyət dərnəyi yaratdı.Bizim sinfimizdən iki nəfəri, Aliyə adlı sinif yoldaşımla məni də həmin dərnəyə dəvət etmişdi.

Bayram tədbirlərinə bir ay qalmış məşqlərə başlayırdıq,dərsdən sonra çalan oxuyan uşaqların səsi məktəbi başına götürərdi.
Yeni yazılmış,televiziyada,radioda çox səslənən mahnı olanda hamımız onu oxumaq istəyərdik,” repertuar” üstündə qırğına çıxdığımız vaxtlar çox olmuşdu.
Növbəti tədbirə hazırlaşırdıq, ansamblın rəhbəri üzünü bizə tutub kimin hansı mahnını oxuyacağıyla maraqlananda hamıdan qabaq mən dilləndim:
“ mən, əsən yellər” i oxuyacağam. Sakit,utancaq təbiətli Aliyə ondan heç gözləmədiyim inadkarlıqla:
  • Bu mahnını mən oxuyacam,səndən əvvəl mən danışmışdım,müəllimlə razılaşmışıq bu barədə.
Üzümü sinəsinə sıxdığı tarını kökləyən müəllimə çevirdim,o Aliyənin dediklərini təsdiq elədi:
- O mahnını Aliyə oxuyacaq, onun səsinə daha uyğundur,həm də səndən əvvəl o demişdi.
Özümü bu mahnını oxumağa hazırladığımdan,başqası haqqında heç düşünmək də istəmirdim,evdə bütün günü səsimi başıma atıb evdəkilərin də baş ,qulağını aparmışdım.İndi mahnımı məndən alırdılar deyə,acıq edib məşqdən getdim. O gündən yaxın rəfiqəm olan Aliyədən incidim,ondan kənar gəzirdim,özü məni nə qədər danışdarmağa ,mehribanlıq etməyə çalışsa da, onula barışmırdım. Mənim bu qədər inad etdiyimi görüb bir dəfə :
- Sara,mən başqa mahnı oxuyaram onu sən oxu,amma mənimlə danış.

Ansamblın rəhbəri də mənim tərslik etdiyimi görüb həmin mahnını Aliyədən alıb mənə verəcəyini deyəndə,yumşaldım :” istəmirəm daha,qoy Aliyə oxusun,mən başqa birini oxuyaram”
Bayram tədbirində hamı sırayla səhnəyə çıxıb hazırladığı mahnını,ya da seiri ifa edərək səhnəni tərk edirdi.Mənim çıxışım Aliyədən əvvəliydi,həvəssiz növbəmi yola verib zaldakı tamaşaçı uşaqların yanında yerimi tutdum.Aparıcı Aliyəni səhnəyə dəvət edib mikrofonu ona uzatdı.
Aliyənin tən ortadan ayrılıb hörülərək kürəyinə atdığı qoşa hörükləri,çəhrayıya çalan bənizinə xüsusi gözəllik verən qapqara ,yanağını döyən uzun kiprikli iri gözləri,geyindiyi ağ önlüklü məktəbli forması ona çox yaraşırdı.Onun gözləri həmişə məni cəlb edirdi,iri,qapqara gözləri bir az içəriyə batdığından mənə köşək gözlərini xatırladırdı.Çəhrayıya çalan üzü mərmər kimi təmiziydi,Aliyə məktəbimizin gözüydü,mülayim təbiətinə,mehribanlığına görə hamımız onu çox istəyirdik.

O,oxumağa başlayanda zalda səs- küy kəsildi.Yanıqlı,ürəyəyatımlı səsiylə boynunu azca yana əyib gözlərini yumaraq içdən,sanki oxuduğu bu qəmli mahnının sözlərini yaşayırmış kimi zaldakıları,onu müşaiyət edənləri unudaraq oxuyurdu:

Dağları duman alanda,
Gözüm yollarda qalanda,
Yadıma səni salanda,
Gözüm yaşla dolmasınmı...

Mahnı bitəndə zala bir anlıq sükut çökdü,Aliyənin cingiltili,yanıqlı səslə ifa etdiyi mahnı bizi sehrləmişdi,qəfil qopan alqış sədaları divarları titrətdi.Onu ən çox alqışlayanlardan biri də mən idim.
Səhnədən düşüb mənə yaxınlaşdı,qarşımda dayanmışdı,mən hələ də onunla danışmırdım.İndi hiss elədim ki,onunçün nə qədər darıxmışam,onu nə qədər sevdiyimi də indi anladım.Yox,onu nə qucaqlayıb bağrıma basdım,nə də gözəl yanaqlarından öpdüm.Günahsız,məsum baxışlarıyla məndən üzr istəyirmiş kimi baxan gözlərinə baxıb sadəcə gülümsədim.Biz onunla belə barışdıq.
O gündən sonra Aliyəylə dostluğumuz daha da möhkəmləndi,o məndən heç nəyi gizlətmirdi,sirrini,sözünü yalnız mənə etibar edirdi.
Sonuncu tədbirdəki möhtəşəm ifadan sonra Aliyə hamımızın gözündə başqalamışdı,məktəbimizin ulduzuna çevrilmişdi.Son zamanlar onda bir dəyişiklik hiss edirdim,çox şən olmuşdu,gözlərində bir parıltı,sevinc hiss olunurdu.
Bir dəfə dərsdən çıxıb evə gedəndə çantasından dörd qatlanmış bir kağız çıxarıb mənə göstərdi.Bu,bizimlə bir sinifdə oxuyan Sulduz adlı oğlanın ona yazdığı sevgi məktubuydu.O gündən Aliyə ona yazılan məktubları mənimlə birlikdə oxuyurdu.Bir dəfə mənə” istəyirəm bunlar səndə qalsın,evə apara bilmirəm, çantamda da saxlaya bilmirəm,birdən kiminsə əlinə düşər,bir yerdə gizlət,sonra imkan olanda verərsən özümə” Mən onu başa düşürdüm,evlərinin sonbeşiyiydi,qardaş ,bacıları özündən yaşda çox böyük idilər,yəqin onlardan çəkinirdi.Məktubları ondan alıb atamın kitabxanasında qalın cildli kitabların lap arxasında gizlətdim.

Orta məktəbin son sinfində oxuyurduq.Bir aydan sonra son zəngimiz olacaqdı.Son zəng şənliyinə hazırlaşırdıq, məşqlərimiz başlamışdı.Hamı Aliyənin yenə də həmin mahnını oxumasını istəyirdi,bu mahnı onun vizit kartı olmuşdu.
May ayının əvvəlləri,yazın gözəl vaxtıydı.Məktəbimizin həyətində sinif otaqlarının qarşısındakı ləklərdə əkilmiş qızılgüllərin ətri,şövqlə oxuyan quşların səsi bizi həyətə çağırırdı, belə havada dərsdə oturmaq bir az canımızı sıxırdı.Zəng vurulan kimi həyətə axışdıq, iki bir, üç bir toplaşıb deyib gülür,zarafatlaşır,on dəqiqəlik tənəffüsün dadını çıxarırdıq.
Aliyəylə uşaqlardan bir az aralıda yenə pıçıldaşırdıq, Sulduzun ona yeni yazdığı məktubundan danışırdı mənə.Yanaqları allanmışdı,gözləri xoşbəxtlik saçırdı,rəfiqəmin. O ,həyəcanlıydı,çiyinlərindən sinəsinə düşən hörüklərinin uclarını açıb gah barmaqlarıyla darayır,gah da onları yenidən hörürdü. Çəhrayı rəngli yanaqlarına,köşək gözlərinə baxaraq onu dinləyirdim.
Birdən onun burnundan dodaqlarının üstünə doğru qan sızdığını gördüm,özü də bunu hiss edib,əlini burnuna tutdu.Qan getdikcə çoxalırdı,barmaqlarının arasından damcılayan qan ağ önlüyünün üstündə qızmızı ləkələr salırdı.Biz nə olduğunu anlayana qədər bayaqdan damcılarla axan qan fəvvarə verdi,indi qızın burnundan qarşısı kəsildikdən sonra birdən açılan çay kimi köpüklənib fışqırmağa başladı.Mən ömrümdə insan burnundan bu qədər qan axdığını görməmişdim,kəsilmiş başın yerindın axan qan gölünə bənzəyirdi.Mən qışqırıb ətrafdakıları köməyə çağıranda Aliyə kökündın qopmuş ağac kimi yerə yıxıldı.Qız qanlar içində yerdə çırpınırdı...
O,indiyə qədər heç vaxt xəstələnməmişdi,biz soyuqdəymə,zökəmlə tez,tez xəstələnsək də Aliyənin necə deyərlər burnu da qanamamışdı.Amma indi o qanamayan burundan axan qanı kəsmək olmurdu.

Aliyə son zəngimizə gələ bilmədi, valideynləri onu paytaxtdakı xəstəxanaların birində müalicə elətdirirdilər.Sonradan eşitdim ki,Aliyədə çox nadir rast gəlinən irsi qan xəstəliyi aşkar olunub.Bir aydan sonra xəstəliyi müalicəyə tabe olmadığından onu xəstəxanadan evə buraxdılar,bir də heç vaxt ayağa qalxa bilməyəcəkdi, iflic idi,ömürlük çarpayıya məhkum olmuşdu.
Onun yanına getmək istəsəm də,gedə bilmirdim,onu xəstə,ümidsiz,çarəsiz vəziyyətdə görməyə qorxurdum,görmək istəmirdim.
Bir gün özümü toplayıb onu görməyə getdim.Evlərimiz bir birindən xeyli aralıydı,yol uzunu möcüzə görəcəyimə özümü inandırırdım,ürəyimdə yalvarırdım” kaş mən içəri girəndə ayağa qalxa biləydi,eşitdiklərim yalan olaydı,ilahi”
Pəncərənin qarşısındakı dəmir çarpayıda uzanıb qapıya baxırdı.Mənim sevimli rəfiqəmin çəhrayı yanaqları solmuşdu,sevdiyim gözəl köşək gözləri çuxura düşmüşdü,o qədər arıqlamışdı ki,yumru,dolu üzünun sümükləri qalmışdı.
Məni görəndə üzünə kədərqarışıq təbəssüm qondu,uzandığı yerdən dikəlməyə çalışaraq:-Ah,nə yaxşı gəldin,elə indi səni düşünürdüm.Onunla görüşüb yanında oturdum.Sinif yoldaşlarımızı,müəllimlərimizi,son zəngimizin necə keçdiyini bir bir məndən soruşdu.Sonra dərindən nəfəs alıb:-Yadındadı,o mahnıya görə məndən küsmüşdün,mənimlə neçə vaxt danışmadın.Hərdən fikirləşirəm ki,o mahnı mənim taleyimə təsir etdi,bax mənim günüm o gördüyün pəncərəyə baxıb əsən yellərdən,hər gəlib gedəndən soraq, bir xəbər gözləməklə keçir.Qapıdan kimsə girəndə sevinirəm,çıxıb gedən kimi yenə kiminsə gələcəyini gözləməklə keçir günlərim. Ona təsəlli vermək istədim,danışmağıma imkan vermədi:-Yox,heç nə demə,bu xəstəlik sağalan xəstəlik deyil,bir daha ayağa durmayacağımı bilirəm,amma bir şeyə şükür edərək yaşayıram: bu xəstəliklə doğulan gündən yaşayanlar var,Tanrı mənə on yeddi il vaxt verdi,oxumağı öyrəndim,indi kitab oxumaqla təsəlli tapıram,günümü başa vururam,on il məktəbə gedə bildim sizin kimi dostlarım oldu,elə bunlar da mənə bəsdir.Anam əziyyətimi çəkir,ona yazığım gəlir, hər gün bir az qocalır,istəmirəm ki,illərlə mənə qulluq edib əziyyət çəksin.Allaha hər gün yalvarıram ki,məni tez aparsın yanına,anam əziyyət çəkməsin.Bu mənim onunla son görüşüm oldu.Bakıda universitetə qəbul olmuşdum,dərslərim çox çətin idi,vaxtın necə keçdiyini hiss etmirdim,başım elə qarışırdı ki,hamını,hər şeyi unutmuşdum.Bir də kəndə yaz tətilində qayıda bildim.Anamdan Aliyəni xəbər alanda bir az susub,sonra hüznlü səslə:” Şəhərdə heç kimin yoxdu təkiydin,dərslərin də çətiniydi ürəyinə salıb xiffət edərsən deyə sənə demədik .” Aliyə üç ay bundan əvvəl bu dünyanı tərk edib,özü istədiyii kimi Tanrının dərgahına köçmüşdü.
Onunla üz- üzə dayanmışdım,kədərli,intizarlı,yol çəkən gözləriylə mənə baxırdı qara mərmərdən.Bəlkə də sevdiyini soruşmaq istəyirdi,məndə onun əmanəti qalmışdı,kim bilir son anında onları xatırlamışdı bəlkə.
“ O mahnını məndən aldın məni oxumağa qoymadın,mən oxusaydım bu soyuq daşdan bəlkə mən boylanacaqdım yollara,bu kədərli tale bəlkə məni yaxalayacaqdı,bəlkə də sən özünü qurban vermisən kim bilir.Sən günahsız mələksən,əzizim,bax əmanətini gətirdim,onu burda qoyub gedirəm,daha yollara baxma,uyu,öz cənnətində.”
Məktubları məzarının yanında “ dəfn etdim”, mənə elə gəldi ki,bir az bundan qabaq kədərlə baxan qara,köşək gözləri indi gülümsəyir,cingiltili,yanıqlı səsiylə yenə o mahnısını oxuyaraq mənimlə vidalaşır:

Gözüm yollarda qalanda,
Yadıma səni salanda,
Gözüm yaşla dolmasınmı....


SARA İBRAHİM
шаблоны для dle 11.2
Tarix: 14-03-2019, 11:59







TAM XƏBƏR
Facebook
Foto

Şuşadan ƏN SON görüntülər-

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?