Yaşamağa dəyər... A- / A+

 
Nənəsi doğulanda adını Tamerlan qoymaq istəmişdi,amma anası Taleh adından xoşu gəldiyini deyib,onun taleyinə bu adı yazdı.
Kənddə anamgillə qonşuydular,onu körpəliyindən tanıyırdım.Doğulanda çox sağlam olmasına baxmayaraq,sonralar tez- tez xəstələnirdi.Evdə,həyət, bacadakı bütün işlər anasının üstünə töküldüyündən, ona ərindən boşanıb bir uşaqla atası evinə qayıdan bibisi baxırdı. Bibisi,ata evinə boşanıb qayıdan utancaq,diligödək bibilərdən deyildi,ata evinə qayıdan gündən evin bütün ixtiyarını gəlindən alıb,özü hökmranlıq edirdi.Talehin taleyi elə körpəliyindən gətirməmişdi,bibi həkimlərin heç nə bilmədiyini,özünün yüz həkimə bərabər olduğunu deyib “həkimliyini” Talehin üstündə sınaqdan keçirirdi.

Bir dəfə yayda kəndə anamgilə dəyməyə getmişdim,qapıbir qonşu olduğumuzdan nəyə görəsə onlara keçmişdim.Taleh möhkəm xəstələnmişdi,qızdırmadan yanır,dil boğaza qoymadan öskürürdü.Bibi böyüklər üçün nəzərdə tutulmuş yüksək dozalı antibiotiki uşağın bədəninnə yeritmək istəyirdi.Bütöv bir ampulanı həll edib içinə çəkdiyi şprislə uşağa yaxınlaşanda mən etiraz etdim:- Sən neynirsən,bu qədər dərmanı körpə uşağa birdəfəyə vurmaqmı olar,bunu heç böyüklərə bu qədər vurmurlar.
Bibi iynənin içindəki havanı alayarımçıq havaya püskürdüb anasının qucağında iynə vurulmağa hazır,ağzıüstə dizlərinə sıxdığı uşağın yanına sancdı.Sonra üzündə qalibanə bir ifadə,təşəxxüslə mənə:- mən bilirəm nə qədər vurulmalıdı,birinci dəfə deyil ki,öz uşağımı iynəylə,dərmanla böyütməmişəm?

Talehin on yaşı olmamış səhhətində ciddi problemlər yaranmağa başlamışdı,Həkimlər böyrəklərinin daşla dolduğunu deyib təcili əməliyyata götürmüşdülər.Onun böyrəklərindən çıxan daşlar yüzlərlə əməliyyat eləmiş yaşlı professoru heyrətləndirmişdi.Hətta onun böyrəyindən çıxan buynuzlu kərtənkələyə oxşar daşları o qəbul otağının girişindəki şüşə stendin içinə qoymuşdu.Mən o daşları xəstəxanaya,Talehin yanına gedəndə görmüşdüm.
Talehin böyrəyindəki daşları təmizləyəndən sonra da vəziyyət dəyişmədi,onun böyrəkləri üç ay keçməmiş yenidən əvvəlkindən də çox daş “ istehsal” edirdi. Ata- anası Bakıyla rayonun arasında qalmışdılar,olan qalanlarını satıb,sovub uşağın müalicəsinə sərf etmişdilər.Uşaqsa günü gündən geri gedirdi.On yeddi yaşı olanda Talehin böyrəklərinin iksi də fəaliyyətini dayandırdı,dəfələrlə edilən əməliyyatlar,müalicələr heç bir nəticə vermədi. İndi o,bundan sonrakı həyatını böyrəklərin fəaliyyətini süni,qismən tənzimləyən “dializ” lə yaşayacaqdı ,xəstəxananın yarımqaranlıq dəhlizlərində növbəsini gözləyərək, həkimlərin ona verdiyi bir həftəlik ömür payıyla keçirəcəkdi.Anası ona öz böyrəyinin birini bağışlamaq istəsə də sonradan onun özünün ağır xəstə olduğu ortaya çıxdı,ananın özünü əməliyyat etməli oldular,onun boğazında zəhərli şiş aşkar edilmişdi,bu vəziyyətdə onun böyrəyi oğluna köçürülə bilməzdi.

Talehə donor,sponsor tapmaq üçün hər yerə baş vursaq da,heç nə alınmırdı,donor olanda sponsor olmurdu,sponsor olanda donor tapılmırdı.
Ümidləri hər yerdən üzülən ailə talelərilə barışıb kəndə qayıtdılar, Talehin taleyi həll olunmuşdu,o,on yeddi yaşında tibbi aparatlara möhtac olmuşdu,həyatını onlardan asılı yaşayacaqdı.Ona donor axtaranda tez tez anasıgilə zəng etməli olurdum.Anası çox vaxt həyət,bacada olduğundan telefona cavab vermirdi,onu tez tapmaq üçün Talehin nömrəsini mənə vermişdi,o vaxtdan onun nömrəsi mənim telefonumun yaddaşındaydı.Bir dəfə kənddə anasıyla görüşəndə gözü yaşarmış halda mənə:- Sara,Talehə ümid verən,yaşadan sənin sözlərindi,səndən yaşamaq gücü alır elə bil ki,Allah səndən razı olsun. Onun sözlərindən heç nə başa düşmədim,sual dolu gözlərimi dərdli anaya dikdim.Ananın yaşarmış gözləri güldü,üzü işıqlandı bir anda :- sənin statusundakı sözləri oxuyub onlarla təsəlli tapır,həmişə deyir ki,Sara bibi sanki məni düşünüb yazır bunları.Mənə indi aydın oldu,demək yazdıqlarımı oxuyurmuş,düzü mən ora nəsə yazanda heç onu düşünməmişdim.O gündən sonra mən Taleh üçün yazmağa başladım,hər dəfə onun adını mənim yazdıqlarımı oxuyanların arasında görəndə sevinirdim,yaşamağa,həyata sevgiylə,ümidlə dolu sözlər fikirləşib tapırdım.

Bir dəfə özü çox qəmli bir yazı yazmışdı,təxminən beləydi,hər şey boş mənasızmış,ölümsə gerçək.Ona mesaj yazdım:“ həyat gözəldir,yaşamağa dəyər, hər anını doya -doya yaşa, sabah başına nə gələcəyini heç kim bilmir,bu günlə yaşa,gör ətrafında nə qədər gözəlliklər var,səmaya bax,günəşə, açan çiçəklərə ,ulduzlara bax,gör nə qədər gözəldilər,gözdən zəlil olanları düşün onlar heç vaxt bu gözəllikləri görə bilmirlər,amma Allah bizə bunu bəxş edib”Mənə handan -hana bir söz yazdı: “ Ehh,Sara bibi...”

Çox narahat idim,yəqin ki o ümidsizləşmişdi,depressiyadaydı.Anasına zəng vurdum.Taleh dializə getməkdən imtina etmişdi,həkimin verdiyi dərmanları qəbul etmirdi.Anasının dediyinə görə hətta içməyə başlamışdı.Bu,intihar etmək kimi bir şey idi.Anasından bəzi məlumatlar ala bilmişdim.Taleh kəndlərindəki bir qıza vurulmuşdu,qız əvvəllər onunla danışsa da görünür indi onunla aralarında nəsə baş vermişdi.Ona yazdım:”hər qaranlıq gecənin bir sabahı var,yağmurdan sonra mütləq günəş doğur,zülmətdən sonrakı işıq daha güclü,daha nurlu olur.Allah xeyirsizi alıb,daha xeyirli olanı verir,unutma,bu sənin imtahanındır,səbr et,daha gözəlini gözlə”.Cavab yazdı:” Sara bibi,bunlar quru sözlərdi,həyatda başqa cürdü,möcüzələr olmur, həyat amansızdı mənə,getməliyəm,burda bir işim qalmadı daha”Yenə yazdım:”Möcüzələrə inan,heç gözləmədiyin anda həyatın dəyişə bilər,təslim olmaq qorxaqların işidir,sən qorxaq deyilsən mən bilirəm,getmək asandı,sonrasını düşün,səndən qıydığın canın hesabını soruşacaqlar,bunu düşünmüsən?”Ondan cavab gəlmirdi,yazdıqlarım heç nəyə yaramamışdı görünür…
Günlər çox ağır,ləng keçirdi,mən nigaran idim,hər an nəsə bir pis xəbər eşidəcəyimdən qorxurdum.

İki gün sonra ondan cavab gəldi. “Sən haqlıydın,Sara bibi, möcüzələrə inanmaq lazımdı,Allah mənə daha gözəlini verdi, dünən bizə zəng etdilər,mənə donor tapıldı,əməliyyatımın xərclərini xaricdə yaşayan qohumumuz çəkəcək,həyat gözəldir,yaşamağa dəyər”…

Onun yazdıqlarını birnəfəsə oxudum,gözlərim qeyri- ixtiyari səmaya dikildi, bizə gözləmədiyimiz anda möcüzələr bəxş edən,bizi hər dəfə öz varlığına inandıran,bizi sonsuz lütfüylə,mərhəmətiylə xoşbəxt edəni aradım,düşündüm ki,Taleh haqlıdır həyat gözəldir, doğrudan da yaşamağa dəyər...

Sara İbrahim
шаблоны для dle 11.2
Tarix: 4-03-2019, 10:42



Digər xəbərlər




      TAM XƏBƏR
      Facebook
      Foto

      “Bura Vətəndir”-İşğal altında olan Şuşadan ƏN SON görüntülər

      Son xəbərlər
      Sorğu

      Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?