Ermənistan diaspor dayağını necə itirib? A- / A+
Ermənistan dövləti ilə diasporu arasında da narazılıq durmadan artmaqdadır. 44 günlük müharibədə Azərbaycanın Ermənistana vurduğu “dəmir yumruğun” zərbəsi erməni diasporuna da təsirsiz ötüşməyib. İndi Ermənistan dövləti və diasporu bu zərbənin təsirindən ayılıb özünü toparlamağa çalışır. Ermənistanın baş naziri Nikol Paşinyanın məqsədi dünya ermənilərinin diqqətini, əsasən, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə yönəltməkdir. Bunun üçün o, Ermənistanın Diasporla İş üzrə Baş Müvəkkili Zare Sinanyan və Diasporla İş üzrə Baş Müvəkkil Aparatının rəhbəri Sara Anjargolyanı 22-24 yanvar tarixlərində Xankəndinə göndərib. Bu qanunsuz səfərin məqsədi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəsmiləri” ilə görüşlər keçirmək, diasporun ünvanlı yardımının təşkili və müharibədən sonrakı dövrdə mövcud proqramların təkmilləşdirilməsi üçün işlərin planlaşdırılması barədə müzakirələr aparmaq olub.
Z.Sinanyan qondarma rejimin “rəhbəri” Araik Arutyunyanla erməni diasporu ilə iş vektorlarını müzakirə ediblər. “Sputnik Armenia”nın yaydığı məlumata görə, görüşdə A.Artunyan erməni diasporunun yardımının vacibliyini qeyd edib. Müvəkkil öz növbəsində əmin edib ki, qondarma rejim öz problemləri ilə tək qalmayacaq.
A.Arutyunyan Z.Sinanyanla erməni diasporunun ölkədəki ermənilərlə münasibətləri, Dağlıq Qarabağda mənzil tikintisi və evsiz qalmış insanların problemlərinin həlli məsələlərini müzakirə edib.
“Yalnız ümumerməni səyləri ilə “arsaxı” bərpa etmək və inkişaf etdirmək mümkün olacaq. Bu baxımdan Ermənistan-“arsax”-diasporun birgə və əlaqələndirilmiş üçlüyü işi mütləq şərtdir”, - deyə məlumada bildirilir.
Reallıq isə budur ki, müharibədən sonra erməni diasporunda gücsüzlük və məyusluq yaranıb. Bunu Z.Sinanyan və digər erməni rəsmiləri, o cümlədən diaspor üzvləri də dəfələrlə etiraf ediblər. İnsanlar açıq qalmış suallara cavab axtarırlar. Buna görə də dövlətlə diaspor arasında münasibətlər neqativ müstəviyə çıxıb. Paşinyan diasporla münasibətləri yenidən gözdən keçirmək istəyir və aradakı narazılığı qondarma rejim üzərindən düzəltməyə çalışır. Əsl məqsədi isə diaspordan Ermənistana investisiya axınını gücləndirməkdir. Halbuki Paşinyan hakimiyyətə gələndə erməni diasporu onu bəyənmirdi. Paşinyanın təslimçilik bəyanatını imzalaması ona qarşı olan narazı kütləni daha da artırdı. Xüsusən, Rusiyadakı erməni icması ona qarşı sərt çıxışlar edirdi. Rusiyadakı erməni icmasının rəhbəri Ara Abramyan hər zaman onunla bağlı mənfi proqnozlar verib. Onun son Moskva səfərində A.Abramyan Erməni icması baş nazir Nikol Paşinyanın istefasını gözləyir, Moskvaya səfərini yox”, deyə öz “Facebook” profilində etiraz etmişdi. Hətta, A.Abramyan Paşinyanın bu səfəri ilə Rusiyadakı 3 milyonluq erməni icmasını təhqir etdiyini və əsəbləşdirdiyini vurğulamışdı. Ayrıca, erməni icmasının Paşinyanın Moskvada ikən Ermənistanın Rusiya Federasiyasındakı səfirliyi qarşısında etiraz aksiyası da ona olan mənfi münasibətin bariz nümunəsidir. Erməni diasporunun, ümumiyyətlə, Paşinyan ailəsinə nifrəti var. Çünki bugünlərdə Paşinyanın arvadı qızları ilə birgə Moskvaya səfər edərkən hava limanında erməni icmasının üzvləri onları təhqir ilə qarşılayıblar.
Paşinyan hakimiyyətinə və ailəsinə qarşı bu nifrət Qərb və Amerikadakı erməni diasporunda da adekvat formadadır. Münasibətlərin bu həddə gəlməsinə səbəb elə onun öz kadrı olan iqrçi və şovinist Z.Sinanyanın diasporla işi düzgün qura bilməməsidir. Paşinyan hakimiyyətə gələndə erməni diasporu ilə iş sistemini yenilədi. Amma indi də umumilikdə erməni diasporunun fəaliyyətindən narazıdır. Bunu bir neçə dəfə öz çıxışlarında bildirib. Müharibədən sonra isə yenə də ümid yeri kimi erməni diasporuna göz dikib. A.Arutunyan da Ermənistan dövlətindən yox, erməni diasporundan daha çox dəstək gözləyir. Əsas istəyi diaspordan erməni köçkünlərə yardım toplamaq və təmir-bərpa işləri aparmaqdır. Lakin, xaricdəki erməni icması Paşinyana görə qondarma rejimlə əməkdaşlıqda maraqlı deyil.
Bu gün erməni diasporu  dünyada özü haqqında heç də  müsbət imic formalaşdırmayıb. Çünki ermənilər dünyada daha çox təxribatçı, terrorist və separatist fəaliyyətləri ilə tanınıb. Eyni zamanda Ermənistan dövləti ilə diasporun əməkdaşlığının strateji baxımdan sivil formada qurulmaması tərəflər arasında böyük uçurum yaradıb. Məhz buna görə də ermənilər geosiyasi və regional problemlərlə qarşılaşıblar. Belə demək mümkünsə, artıq erməni diasporu Ermənistanın əsas dayağı rolunu oynamır. Bunun da səbəbi Paşınyan hakimiyyətinin yarıtmaz siyasətidir. Ən əsas səbəb isə Vətən müharibəsində Azərbaycan dövlətinin Ermənistan üzərində şanlı qələbəsi  və erməni mifini darmadağın etməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin hərbi, siyasi gücü və dünya azərbaycanlılarının birliyi erməni icmasına dərs, ümumiyyətlə, beynəlxalq aləmə isə dövlət və xalqın sarsılmaz vəhdəti baxımından tarixi nümunə oldu.  
 
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin (DFJD) sədri, diaspor jurnalisti Fuad Hüseynzadə
 
 
 
 шаблоны для dle 11.2
Tarix: 25-01-2021, 14:32







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?