MÖVSÜMİ QRİPLƏRƏ QARŞI PEYVƏND KORONAVİRUSLA MÜBARİZƏNİ ASANLAŞDIRIR A- / A+
 
Hal-hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də COVİD -19 xəstəliyinin artma tendensiyasını müşahidə edirik.
Əsgər və zabitlərimizin ön cəbhədə mənfur düşmənlərlə döyüşdüyü bir vaxtda həkimlərimiz də arxa cəbhədə gözəgörünməz düşmənlə mübarizə aparmaqdadır. ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev ölkəmizdə koronavirusun indiki durumu ilə bağlı fikirlərini bizimlə bölüşüb. Son həftələrdə koronavirusa yoluxma sayının artdığını söyləyən həkim-rentgenoloq qeyd edib ki, ölkəmiz bu problemlə bu ilin mart ayından rastlaşıbdır: "Dövlətin apardığı operativ tədbirlər sayəsində 1-2 ay öncəyə qədər COVİD - 19-a yoluxmanın həqiqətən azalması səbəbindən sərt karantin rejiminin tədricən yumşaldılması doğru addım idi. Çünki sərt karantin tədbirlərinin birdən-birə yumşaldılması yoluxmada daha çox artıma səbəb ola bilərdi. Həm də bu selektiv açılımlar imkan verdi ki, daha çox hansı fəaliyyət sahələrinin açılmasının yoluxmanı artırdığını müəyyənləşdirək. Beləliklə, yeraltı nəqliyyat olan metronun açılması, uşaq bağçalarının fəaliyyətə başlaması, ümumtəhsil və orta məktəblərin canlı tədrisə keçməsi ilə əlaqədar yoluxmaların sayı artdı. Yaxşı ki, operativ olaraq metronun bağlanılması və məktəblərdə təhsilin distant formaya keçirilməsi barədə yenidən qərar verildi. Amma buna baxmayaraq 2 həftədir ki, yoluxmalar yenə də artır. Yoluxma sayının bəzən 1000-i keçməsi, bəzən isə 500-600 civarında olması aparılan testlərin miqdarından asılıdır. Müşahidələrimizə əsasən deyə bilırik ki, aparılan testlərin təqribən 10 faizində analizin nəticələri müsbətdir. Bu, kifayət qədər ciddi rəqəmdir". Çox həssas bir dönəmdə yaşadığımızı xatırladan A.Əliyev bildirib ki, ordumuzu, əsgərlərimizi qorumaq üçün biz ilk növbədə özümüzü bu virusdan qorumalı, yayılmasının qarşısını almalıyıq. Əgər hərbiçilərimizi yoluxdurarıqsa, daha ciddi problemlərlə üzləşə bilərik: "Düşünürəm ki, maarifləndirmə tədbirlərini artırmalıyıq. Təəssüflər olsun ki, bəzən qapalı yerlərdə, ictimai nəqliyyatda maskasız insanlara və ara məsafəsinin gözlənilməməsinə rast gəlirik. Metrolar işləmədiyindən ictimai nəqliyyatda, xüsusilə, pik saatlarında intervalların daha qısa olması vacibdir ki, çox sıxlıq olmasın". Həkimin sözlərinə görə, əsas yoluxma mənbələrindən biri də yas yerləridir. O, mərasim zallarında məclis keçirməyə icazə verilməsə də, insanların evlərdə toplaşdığını deyir: "Allah şəhidlərimizə rəhmət eləsin, qazilərəmizə şəfa versin. Amma biz bir az sağlam düşüncəli olmalıyıq. İnşallah virus bəlasından qurtarandan sonra şəhidlərimizə yas da saxlayacaq, xatirələrini də əbədiləşdirəcəyik. Müharibə şəraitində daha çox qorunmaqla hərbiçilərimizi də yoluxmadan xilas etməyə çalışmalıyıq. İnsanlar yas yerində ağlayanda ağız suyu, burun suyu və göz yaşı ifrazı artır, danışanda damcı hissələrinin havaya ixracı çoxalır. Ona görə də yas yerində yoluxma halları daha çoxdur. Xatirinizdədirsə, bir neçə ay bundan öncə Kürdəmir rayonunun bir kəndində bir nəfər təqribən 40-dan çox adamı yoluxdurmuşdur. Bu faktorlara xüsusi diqqət yönəltməliyik". İnzibati strukturlar tərəfindən qanuni nəzarətin həyata keçirildiyini bildirən A.Əliyev ictimai nəzarətin zəruriliyinə də toxunaraq qeyd edib ki, əgər mövcud qaydalara, tövsiyələrə əməl edilməsə, yoluxma sayında artım müşahudə olunsa dövlət tərəfindən karantim rejiminin daha da sərtləşdirilməsi və SMS icazəsinin tətbiqi qaçılmazdır". Müsahibimiz COVİD - 19-un indiki mərhələsini ikinci dalğa hesab etmir: "Biz bunu o zaman ikinci dalğa adlandırarıq ki, eyni karantin rejimində xəstəlik azalsın, sonra yenidən artsın. Faktiki elə deyil axı. Bizdə azalma karantin rejiminin sərtləşdirilməsi hesabına oldu. Karantin rejimi yumşaldıldı və xəstəlik artdı. Bu, ikinci dalğa deyil, birinci dalğanın davamıdır. Digər tərəfdən də, dalğa nisbi xarakter daşıyır. Faktiki mövcud olan problemlə mübarizə aparılır və bu mübarizə bir qədər də intensivləşdirilməlidir". A.Əliyev onu da vurğulayıb ki, yuxarı tənəffüs yollarının hava-damcı infeksiyaları koronavirusdan əvvəl də həmişə payız, qış aylarında artmış olur: " Təəssüf ki, bu pandemiya da payız, qış aylarına qədər uzandı. İnsanlar mövsümi qripə yoluxanda da düşünürlər ki, onlarda koronavirus var. Cəmiyyətdə narahatçılıq doğuran suallardan biri də koronavirusun digər mövsümi qriplərdən necə fərqləndirilməsidir. Doğrusu, fərqləndirmək o qədər də asan deyil. Boğaz qıcıqlanması, burun tutulması və burun axması, öskürək, iybilmənin pozulması mövsümi qriplərdə də müşahidə oluna bilən əlamətlərdir. Təkcə kliniki əlamətlərinə görə bu iki problemi biri-birindən ayırmaq xeyli çətindir. Əgər sadalanan əlamətləri özümüzdə hiss ediriksə, o saat təcili yardım çağırmalı, burun, udlaq və əsnəkdən yaxma verərək ilk mərhələdə onu yoxlamalıyıq. Test analizinin nəticələri müsbət çıxarsa, həkim tərəfindən uyğun tədbirlər görüləcəkdir. Analizin nəticələri mənfi çıxmasına baxmayaraq, 5 gün müddətində narahatçılıq qalarsa, döş qəfəsinin kompüter tomoqrafiya müayinəsi məqsədəuyğundur. Çünki bəzən testin nəticəsi neqativ çıxsa da, aşağı tənəffüz yollarında və ağ ciyərlərdə iltihabi proseslər, "buzlu şüşə" deyilən məşhur əlamətlərin görüntüləri müşahidə olunur". Ölkəmizdə rəsmi səviyyədə pulsuz olaraq mövsümi qrip əleyhinə peyvəndə başlanılmasını müsbət hal kimi dəyərləndirən A.Əliyev bildirib ki, bu zaman ilk növbədə stresdən azad oluruq: "Yəni bizdə mövsümi qripə yoluxmayacağımıza əminlik yaranır. Bununla da "koronavirus, yoxsa mövsümi qrip?" şübhəsini özümüzdən uzaqlaşdırırıq. Eyni zamanda həm koronavirusa, həm də mövsümi qripə yoluxmaqla, iki virusla mübarizə aparmaq məcburiyyətində qalmırıq. Bir sözlə, mövsümi qriplərə qarşı peyvənd koronavirusla mübarizəni asanlaşdırır. Koronavirusun öz peyvəndi də tapılanda, bəşəriyyət bu bəladan da xilas olacaq". İstənilən vəziyyətdə təşvişə düşməyin zərərli olduğunu xatırladan həkim, ancaq boğulma, təngnəfəslik, yüksək temperatur, resperator statusun pozulması hallarında stasionar müalicə almağın vacibliyini vurğulayıb. Xəstəliyi yüngül keçirənlərin özlərini izolyasiya etməklə ev şəraitində müalicəsində heç bir problem görməyən A.Əliyev normal təbii qidalanma ilə, artıq hər kəsin bildiyi 3 əsas sadə qaydanı - tibbi maskadan istifadə, əl gigiyenasına fikir vermək və fiziki ara məsafəsini gözləməklə bu qlobal bəladan qorunmağın mümkünlüyünü deyib.
шаблоны для dle 11.2
Tarix: 5-11-2020, 11:41







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?