“Mənim qarşımda duran ən böyük vəzifə Azərbaycanın adını daim ucaltmaqdır” A- / A+
Ayan Məmmədli: “Bizim gənclərin azərbaycançılıq ideyası ruhunda böyüdülməsi çox sevindiricidir”
Bu gün xaricdə təhsil alan bir çox gənc musiqiçilərimiz ölkəmizi layiqli şəkildə təmsil edirlər. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında müsahibələri davam edir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Avstriyanın Anton Brükner adına Konservatoriyasının tələbəsi, gənc pianoçu Ayan Məmmədlinin "News12"ə müsahibəsini təqdim edirik.
 Xatırladaq ki, Məmmədli Ayan Eyvaz qızı 04.07.2002-ci ildə Bakı şəhərində  ziyalı ailəsində anadan olub, 2008-ci ildən Türk Dünyası Arşdırmaları Vakfının Bakı Atatürk Liseyində orta ixtisas təhsili, 2009-cu ildən isə T.Quliyev  adına 12 №-li  11 illik musiqi məktəbində fortopiano ixtisası üzrə təhsil alıb. Ayan Məmmədli təhsil aldığı illər ərzində hər iki məktəbdə dərs əlaçısı, məktəb birincisi olub. Musiqi məktəbində təhsil aldığı illərdə  özünü çox fəal ifaçı kimi göstərmiş, məktəb, şəhər və Respublika miqyaslı xeyli sayda tədbirlərdə və bir sıra Avropa  ölkələrində keçirilən müsabiqə və konsertlərdə yüksək səviyyədə çıxışlar etmişdir.
      Ayan Məmmədli həmçinin, Bakı şəhər Mədəniyyət İdarəsinin nəzdində olan “İstedad Mərkəzinin” üzvü və Respublika Uşaq Simfonik orkestrinin solisti kimi, dəfələrlə Bakının 8, 12, 28, 35 saylı musiqi məktəblərində, Şamaxı şəhər Təhsil İncəsənət mərkəzində, Sabirabad rayonunda, Bakının konsert salonlarında - Dövlət Xalçaçılıq muzeyində, dahi müsiqiçi Rastropoviçin, maestro Niyazinin ev muzeylərində, Beynəlxalq Muğam Mərkəzində, Dövlət Kamera və Orqan zalında, Azərbaycan Dövlət Akademik Flarmonuiyasında, Qlobal Bakı Forumunun iştirakçıları üçün Heydər Əliyev Mərkəzinin səhnəsində keçirilən konsertdə, Azərbaycan Respublikasının müxtəlif televiziya proqramlarında, Ü.Hacıbəyov adına Dövlət Simfonik orkestrinin (drijor, Xalq artisti Yalçın Adıgözəlzadə ilə),  Q. Qarayev adına Dövlət Kamera orkestrinin və Respublika Uşaq Simfonik Orkestrinin (driyor Xalq artistləri Fəxrəddin Kərimov və Teymur Göyçayevlə)  müşayiətilə müxtəlif konsertlərdə zəngin proqramla coxlu sayda çıxışlar etmişdir.
      O, 2018-ci ilin 26 may tarixində Niderland Respublikasının Haaqa şəhərində yerləşən Azərbaycan Respublikasının səfirliyində “Xalq Cümhuriyyətinin 100 illik yubileyi”nə həsr olunmuş tədbirə qatılaraq, geniş solo konsertlə çıxış  etdikdən sonra, ona ölkəmizin səfirinin və “ Odlar yurdu” Niderland-Azərbaycan Dostluq Cəmiyyətinin  xüsusi təşəkkür məktubu və mükafat təqdim edilmişdir.
 Ayan Eyvaz qızı Məmmədli 2019-cu ildə orta təhsil və orta ixtisas musiqi təhsillərini əla qiymətlərlə başa vuraraq, Avstriyanın Vyana şəhərində F.Şubert adına musiqi Konservatoriyasına “Fortapiano ifaçılığı” fakultəsinə daxil olub. Həmin universitetin I kursunu bitirdikdən sonra Ayan Məmmədli, çox ciddi imtahan müsabiqəsində böyük uğur qazanaraq, Avstriyanın beş ən yaxşı Konservatoriyasından biri sayılan və dünyanın musiqi paytaxtı hesab olunan Linzin Anton Brükner adına Konservatoriyasının “İfaçılıq (fortapiano)” fakultəsinə daxil olub.

-Sizin üçün azərbaycançılıq nə deməkdir?
-Mən sizin sualınıza cavabımı, Ümummilli liderimiz Heydər Əliyevin bir kəlamı ilə başlamaq istərdim: “Mən hər zaman fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”  Bəli, hələ məktəb illərində bu müdrik kəlam daim mənim qulaqlarımda səslənib və düşünəndə ki, mən də  qədim bir məmləkətin, qədim Odlar  Yurdu olan müstəqil Azərbaycanın vətəndaşı və azərbaycanlıyam, özümü ən xoşbəxt bir şəxs hesab edirəm. Mənim üçün azərbaycançılıq  yalnız bu diyarda doğulmaq yox, eyni zamanda  azərbaycançılıq ideologiyasına sahib olmaqdır. Bu ideologiya mənə məxsus olan ana dilimin,  islam dinimin, milli əxlaq və mənəviyyatımın, xalqımın milli-mənəvi mədəniyyətinin bütün sahələrinə xas olan məfkurəyə sahib olmağım, onu qoruyub, yaşatmağım və inkişaf etdirməyimdir.
-Gənclərin azərbaycançılıq ideyası ruhunda böyüdülməsinin nə kimi önəmi var?
-Qeyd edim ki, bizim gənclərin azərbaycançılıq ideyası ruhunda böyüdülməsi çox sevindiricidir. Bu ideyanın əsas qayəsini təşkil edən  milli mənlik və vətənpərvərlik şüuru ailədən başlayıb, məktəbdə davam etdirilir. Hər bir insanın mənəvi həyatı onun ailəsində aldığı tərbiyə və təhsillə  ölçülür. Milli ənənələr və dəyərlərə söykənən milli ideologiyamıza sadiq olan gəncləri   vətənə bağlayan amillər, onlara aşılanmış sevgi, vətənpərvərlik, humanistlik, dilini və torpağını sevmək və qorumaq kimi ali keyfiyyətlərdir. Bu cür yüksək dəyərləri olan milli ideologiyalı gənclər daha dayanıqlı və vətənə bağlı olur. Keçmişimizdən bu günə miras qalmış mənəvi dəyərlərlə də hər bir Azərbaycan gənci öz vətəni, torpağı, xalqı, milli-mənəvi dəyərlərilə qürur duyur,  hər zaman harada olmasından asılı olmayaraq, onu yaşadır. Çünki, unutmaq olmaz ki, hər bir şəxs milli mənlik şüurunun daşıyıcısıdır. İnsan mənsub olduğu milli gerçəkliyin ayrı- ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, onlarda bir sevinc və fərəh də duyur, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, müxtəlif milli atributlar insanın mənəvi aləminə daxil olub onun milli şüurunun formalaşmasına şərait yaradır. Milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşında olmalıdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra gördüyü ilk iş məhz gənclərlə bağlı islahatların həyata keçirilməsi oldu. 1994-cü ilin iyul ayında ümummilli liderin imzaladığı sərəncamla Gənclər və İdman Nazirliyinin yaradılması, hər il müntəzəm olaraq Gənclər Forumunun keçirilməsi, Gənclər Gününün təsis edilməsivə s. buna əyani sübutdur.  Hesab edirəm ki, bu islahatların hər birində milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi məsələsi hər zaman prioritet olub. Bu siyasətin davamı olaraq cənab Prezident İlham Əliyev tərəfindən yeni islahatlar həyata keçirildi. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Elm Fondu, Bilik Fondu təsis edildi. Bütün yaradılan bu imkanların qayəsində milli mənlik şüurunun inkişaf etdirilməsi dayanır ki, hesab edirəm bunlar da,  gənclərin vətənə bağlanmasında böyük rol oynayır.
-Avstriyada azərbaycançılığı necə təbliğ edirsiniz?
-Mən hazırda Avstriyada dünyanın mədəniyyət paytaxtı sayılan Linzin  ən  nüfuzlu 4-cü  ali məktəbi olan Anton Brükner  adına Konservatoriyasında “Fortapiano ifaçılığı” ixtisası üzrə təhsil alıram. Lakin onu qeyd edim ki, bu ali məktəbə daxil olmamaışdan əvvəl, mən hələ Bakı şəhər T.Quliyev adına 12 saylı musiqi məktəbində təhsil aldığım zamanlarda 8 yaşımdan etibarən dünyanın İtaliya, Avstriya, Rusiya, İngiltərə, Yaponiya, Estoniya, Malta (2 dəfə), Türkiyə, Niderland, Danimarka kimi dövlətlərində dəfələrlə beynəlxalq musiqi yarışmalarının qalibi olaraq, Beynəlxalq Müsabiqələr Laureatı, “Qran Pri” mükafatlarına layiq görülmüşəm. Bu ölkələrdə istər müsabiqələrdə qalib olduğum zamanlarda, istərsə də solo və qala konsertlərdə çıxışlarım zamanı, hər vaxt əziz Vətənimin üçrəngli bayrağını böyük səhnələrdə bi qalib kimi dalğalandırmağa nail olmuşam. Musiqinin dili yoxdur və o sərhəd tanımır deyirlər, lakin mən iştirak etdiyim bütün tədbirlərdə, dünya klassiklərilə yanaşı, böyük Azərbaycan bəstəkarları Ü.Hacıbəyovun, Q.Qarayevin, V.Mustafazadənin əsərlərini dünya tamaşaçıları üçün ifa etməklə, milli musiqimizi qürurla təbliğ etmişəm. 2018-ci ilin may ayında, BMT-nin “Beynəlxalq Ailə günü” münasibətilə, Ümumdünya Beynəlxalq Sülh Federasiyasının Danimarkanın Kopenhagen şəhərində keçirilən beynəlxalq tədbirin tribunasından çııxış edərək, erməni vandalizminin ölkəmizə qarşı işğalçılıq siyasəti, Xocalı soyqırımı törətməklə günahsız azərbaycanlı  ailəsi və gənclərinin soyqırıma uğraması həqiqətlərini tədbir iştirakçılarına çatdırmişam. Hazırda təhsil aldığım Avstriyada, Vyana, Linz, Grass, Salzburq şəhərlərində yaşayan həmyerlilərimiz, orada təhsil alan gənclər və yerli insanlarla mütəmadi əlaqə saxlayır, respublikamızla bağlı keçirilən tədbirlərdə iştirak edir, azərbaycan həqiqətlərini, milli adət-ənənələrimizi, dəyərlərimizi onların arasında təbliğ edirəm. Yerli insanlar arasında yeni gənc dostlarımı milli mətbəximiz, milli musiqimiz, milli bayramlarımız və xalqımın, dövlətimin dünya xalqlarının böyük əksəriyyəti ilə müqayisə olunmayacaq ali keyfiyyətləri ilə tanış etməyə çalışıram. Lakin hazırda mənim qarşımda duran ən böyük vəzifə yüksək təhsilə malik olmaqla, gələcəkdə dünyanın ən böyük səhnələrində və mədəniyyət mərkəzlərində doğma Azərbaycanımı layiqli bir Azərbaycan vətəndaşı kimi təbliğ etmək və onun adını daim ucaltmaqdır!  Çünki hesab edirəm ki,  insan öz milli kökənini unutmamaqla, onu daim yaddaşında saxlamaqla milli vətənpərvərlik və milli mənlik şüuruna sahib ola bilər. Bunsuz mümkün deyil. Bizim Ümumbəşər və qloballığı özündə birləşdirən  milli şüurumuz  Azərbaycanı dünya səhnəsində göstərən aynadır. Hesab edirəm ki, bu qloballaşma dövründə milli kimliyini itirmədən, universal şəxsiyyətə sahib olmaq milli şüuru qoruyub    saxlamaq hər kəsin iradəsinin göstəricisidir. Qlobal avropalaşmaq və amerikalaşmaq mövqeyinin təbliğatını aparanların düşüncəsi mənim üçün qəbuledilməzdir. Hər kəs bilməlidir ki, Vətən üçün milli könüllülük – millətin qəlbində qiyamətə qədər yaşayacaq bir özləm kimi varlığını davam etdirəcək  yüksək dəyərdir. Şəxsinə “Mən azərbaycanlıyam!” xitabı ilə başqa mədəniyyətlərlə ünsiyyət qurmağı bacaran və öz sivilizasiyasına heyranlıq hiss edən vətəndaşlar həmişə öz milli kimlik ləyaqətini müdafiə edənlərdir. Mən də bu gün yaradııcı bir Azərbaycan gənci kimi həmin vətəndaşlardan biriyəm!

Ədil Ədilzadəшаблоны для dle 11.2
Tarix: 2-11-2020, 11:32







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?