"Biz azərbaycançılığı təbliğ etməklə özümüzü və dəyərlərimizi yüksəldirik" A- / A+
Arif Quliyev: "Vətəndən kənarda və ümumən bütün azərbaycanlılar arasında azərbaycançılığın mahiyyəti barədə araşdırmalara, qədimlərdən gələn milli-mənəvi dəyərlərimizi genişləndirməyə ehtiyac duyulmaqdadır"Azərbaycançılıq ideyasına elmi yanaşma, onun nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında araşdırmaları davam edir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir.
Layihə çərçivəsində hüquq elmləri doktoru, professor, diplomat, Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Hüquq kafedrasının professoru Arif Quliyevin KANAL 5-ə müsahibəsini təqdim edirik.
Xatırladaq ki, Quliyev Arif Cəmil oğlu 04 iyul 1952-ci ildə Bərdə rayonunun Böyük Qacar kəndində anadan olub. O, 1958-ci ilin sentyabr ayında Bərdə rayonunun Dəymədağıldı kənd məktəbinin birinci sinfinə daxil olub, dördüncü sinfi bitirdikdən sonra Şirvanlı kənd orta məktəbində təhsilini davam etdirib. 1968-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. 1968-ci ilin avqustundan əmək fəaliyyətinə başlayıb, kənd Soveti katibi, komsomol, partiya orqanlarında rəhbər vəzifələrdə çalışıb. İşlədiyi müddətdə bu və ya digər vəzifələrə irəli çəkilib. 1978-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini, 1984-cü ildə Bakı Ali Partiya məktəbini bitirib. Arif Quliyev 1998-ci ildən ailə üzvlərilə birgə Ukraynanın Kiyev şəhərində yaşayır.

-Azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının həmrəyliyində nə kimi rolu var?
-Azərbaycançılıq – Azərbaycan xalqının formalaşmasında mühüm rolu olan milli ideologiya olaraq xalqın milli ruhunu, dilini, adət-ənənəsini, vətənpərvərlik duyğularını özündə ifa etməklə, müasir dünyada yaşayan bütün azərbaycanlıların həyatının, gələcəyinin ən aktual stimulverici məfkurəsinə çevrilmişdir: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir... Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”  deyən Ümummilli Lider yürütdüyü siyasətlə dünya azərbaycanlılarının liderinə çevrilib.
Hər birimizin azərbaycanlı adına, mənəviyyatına layiq olması, vətənpərvərliyi, xalqımızın cəmiyyətdə əsrlərlə mövcud olan nümunəvi davranış ənənələrini qoruması, milli-mənəvi dəyərləri yaşatması və gələcəyə ötürməsi son dərəcə zəruridir. Müasir dövrün tələbinə uyğun olaraq, vətəndən kənarda və ümumən bütün azərbaycanlılar arasında azərbaycançılığın mahiyyəti barədə araşdırmalara, qədimlərdən gələn milli-mənəvi dəyərlərimizi genişləndirməyə ehtiyac duyulmaqdadır.  
Ümummilli liderimiz Heydər Əliyevin “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, - sözləri hər bir azərbaycanlının fəaliyyətinin yaradıcı meyarı olmalıdır. Vətən sözünün Ana və Ata sözləri ilə həmrəyliyi də bu baxımdan əhəmiyyət kəsb edir. Belə fikir mənim üçün müqəddəsdir ki, doğma Azərbaycandan fərqli olarar Vətəndən kənarda hər birimizin fəaliyyəti yalnız azərbaycançılıq dəyərləri ilə genişlənməlidir.
 Azərbaycançılıq ideologiyasının tarixi keçmişimizlə, xalqımızın adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olduğunu da qeyd etmək yerinə düşərdi. Sovet ideologiyasının təsiri ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş Azərbaycan diasporu yalnız ölkəmiz yenidən müstəqillik qazanandan sonra formalaşmağa və inkişaf yolunu tutmağa başlamışdır. Bu baxımdan, XX əsrin 80-ci illərinin sonundan etibarən SSRİ-də aparılan yenidənqurma siyasəti və sosializm rejiminin süqutu xaricdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələr qurması üçün geniş imkanlar yaratmışdır.
  Baxmayaraq ki, Azərbaycan ziyalıları tərəfindən həmin dövrdə erməni millətçilərinin əsassız iddialarına lazımı cavab verilirdi, lakin Erməni lobbisinin Heydər Əliyev əleyhinə fəaliyyətinin, onun vəzifədən uzaqlaşdırılması üçün məkrli planlar qururdular. M. Qorbaçovun dəstəyi ilə arzularına nail olduqdan sonra  Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə Dağlıq Qarabağda başlayan erməni separatizmi, eləcə də hərbi təcavüzün genişlənməsi ölkəmizi ciddi siyasi və iqtisadi problemlərlə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyasət fəaliyyətində də mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkdi...
Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıya hərbi müdaxiləsi   Azərbaycan xalqının milli həmrəyliyini nümayiş etdirən mühüm hadisələrdən biri kimi müasir tariximizə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı, ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmiş, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını pisləmiş və bu tarixi bəyanat dünyada yaşayan azərbaycanlıları səfərbər edərək ayağa qaldırmışdı...
1990-cı illərdə ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideyasına müraciət edərək onu milli və birləşdirici təlimə çevirməyə çalışmış, məhz onun müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dövründə azərbaycançılıq ideyası məzmunca tamamlanaraq və zənginləşdirilərək, yeni konfiqurasiyada rəsmi dövlət siyasəti səviyyəsində ölkə vətəndaşlarının və bütün dünya azərbaycanlılarının birləşdirici, eləcə də səfərbəredici milli ideyası statusuna qaldırılmışdır.
  Məhz 1991-ci il dekabrın 16-da Ümummilli Liderin təşəbbüsü əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərarına müvafiq, Azərbaycanlıların mənəvi birliyinin rəmzi kimi 31 Dekabrın - Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq   əlamətdar bayram kimi ilk dəfə Naxçıvanda geniş qeyd olunmuşdur.
Azərbaycançılıq ideologiyasını müəyyən edərkən həm də beynəlxalq aləmdə cərəyan edən hadisələri, müasir dünya siyasətinin, qloballaşan və transmilliləşən dünyanın inkişaf meyillərini də nəzərə almaq lazımdır. Ümummilli Liderin sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə ölkəmizin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları səfərbər edərək dünyaya səpələnmiş azərbaycanlılarının milli istinad mənbəyinə çevrilərək məhz buradan qaynaqlanır və bütün dünyada yaşayan soydaşlarımızı bir amal uğrunda birləşdirir.
 Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu,  milli azərbaycançılıq ideologiyasına söykənərək 1995-ci il noyabrın 12-də yaradılan Konstitusiyanın da banisidir. Bu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olaraq ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindəndir. Bu konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə əks etdirərək, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəddir.
Konstitusiya və milli ideologiyanın vəhdətindən bəhs edən Ümummilli Lider öz çıxışlarında vurğulayırdı ki, milli ideologiyamız, ilk növbədə, dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır.
Ulu Öndər çıxışlarında bu məsələyə belə şərh verirdi: “Müstəqil Azərbaycan dövləti bizim üçün ən qiymətli tarixi nailiyyətdir və onun qorunması, əbədiyaşar edilməsi hər bir azərbaycanlının müqəddəs borcudur”. Bunun üçün biz, ilk növbədə, bütün xalqımızı, bütün soydaşlarımızı Azərbaycanın müstəqil dövlətçiliyi ətrafında birləşdirməliyik, gənclərimizi, gələcək nəsilləri dövlətçilik prinsiplərinə sadiq ruhda tərbiyə etməliyik. Məzmunundan da göründüyü kimi, həm Əsas Qanunun, həm də azərbaycançılıq ideologiyasının mərkəzində, hər şeydən əvvəl dövlətçilik maraqları - güclü Azərbaycan dövlətinin yaradılması və bütün sahələr üzrə inkişafının təmin edilməsi prinsipi dayanır. Bu tələblərə uyğun “XALQ-KONSTİTUSİYA-HAKİMİYYƏT” formulası normalarının - ümumazərbaycançılıq (ümumvətəndaşlıq) ideyası baxımından həm də milli birlik və vətəndaş həmrəyliyimizə söykənən prinsiplər olduğunu heç vaxt unutmammalıyıq.
Azərbaycançılıq ideyasının, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi üçün dünyaya səpələnmiş soydaşlarımızın Vətənlə əlaqələrinin, xüsusilə ölkəmizin bütün məsələlərdə milli maraqlarının və tarixən formalaşmış mənəvi dəyərlərinin qorunması məqsədilə diaspor quruculuğu sahəsində bir sıra mühüm addımlar atılmışdır. Bu baxımdan, mənim də iştirakçısı olduğum Ümummilli Liderin 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlarının I Qurultayının keçirilməsi haqqında 23 may 2001-ci il tarixli Sərəncamı diaspor quruculuğu sahəsində həlledici mərhələ oldu. Bu fəaliyyətin nə qədər ciddi və genişmiqyaslı olduğunu “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi bir daha təsbit etdi. Ümummilli Liderin 2002-ci il dekabrın 27-də imzaladığı Fərman diaspor siyasətinin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən etdi. Qanunda Azərbaycan diasporu ilə bağlı təsbit olunmuş maddələrin səmərəliliyinin artırılması, diasporumuzun təşkilatlanması, dünya azərbaycanlılarının birliyinin yaranması, dövlətimizin bu sahədə apardığı siyasətin təbliğinə nail olmaq kimi konkret məqsəd və vəzifələr yer alır. Bir qədər əvvəl isə, 2002-ci il iyulun 5-də ümummilli lider Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” imzaladığı Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur. 2008-ci il noyabrın 19-da isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın sərhədlərindən, eləcə də tarixi torpaqlarından kənarda yaşayan soydaşlarımızın Vətəndən uzaqda milli həmrəylik ətrafında birləşdirilməsi, eləcə də diaspor quruculuğu sahəsində dövlət siyasətinə xidmət edəcək belə bir Komitənin yaradılması məhz ümummilli liderin uzaqgörən şəxsiyyət olması ilə yanaşı, dünya ölkələri üçün də bir nümunəyə çevrildi.
Bu baxımdan ötən əsrin sonları və bu əsrin əvvəlində ümummilli liderimiz   Heydər Əliyevin Ukraynaya  səfərləri zamanı ilk görüşlərini Ukraynada yaşayan soydaşlarımızla keçirməsi həm Ukrayna rəhbərliyi və  ölkə ictimaiyyət tərəfindən  soydaşlarımıza birmənalı diqqət kimi qiymətləndirilirdi.
Bu gün ideoloji dəyərlər, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideyasının rəhbər tutduğu əsas prinsiplər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. 2016-cı il iyunun 3-də Bakıda dövlət başçısının təşəbbüsü ilə (nümayəndəsi olduğum) keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi (nümayəndəsi olduğum)  və qonaq iştirak edirdi. Bu qurultay dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyon nəfərdən artıq azərbaycanlının bir araya gəlməsində mühüm rol oynayaraq azərbaycançılığın böyük tarixi imkanlara, birləşdirmə, səfərbər etmə gücünə malik olduğunu bir daha sübut etmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə diqqəti bir daha cəlb edərək IV Qurultayındakı çıxışında demişdir: “İlk növbədə əlbəttə, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daima   Azərbaycanla bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək. Hazırda xaricdə yaşayan azərbaycanlıların sayı milyonlarla ölçülür. Əlbəttə ki, onlar yaşadıqları ölkələrin vətəndaşlarıdır. Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha da böyük mövqelərə nail ola bilsinlər. Yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol oynasınlar”. Eyni zamanda, dövlət başçısı bildirmişdir ki, “diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalı və bu əlaqələr güclənməli, o cümlədən xarici ölkələrdə dövlət, hökumət, qanunvericilik orqanlarında Azərbaycan diaspor nümayəndələrinin sayı daha da çox olmalıdır”.
Müasir dövrdə milli ideologiya kimi azərbaycançılığın əsas şərtləri bunlardır: tarixi əsaslandırma, maarifçilik, təşkilatlandırma və istiqamətləndirmə. Hazırda xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri, dövlət siyasətinin prinsipləri, Azərbaycanın milli maraqları rəhbər tutulmuş, bu prosesi keyfiyyətcə yeni müstəviyə çıxarmaq məqsədilə diaspor quruculuğu sahəsində nailiyyətləri ilə tanınmış digər xalqların təcrübəsindən faydalanmaqla, tarixi və regional faktorlarla yanaşı, mövcud siyasi reallıqlar, eyni zamanda təsis edilən icmaların fəaliyyət perspektivlərini nəzərə almaqla Diasporla İş üzrə Dövlət Komitəsi daha geniş fəaliyyət göstərir. Heç şübhəsiz ki, Komitənin təşkilatlandırma, təbliğat və maarifçilik meyarlarına söykənən ümumi strategiyası dünya azərbaycanlılarının yeni platformalarda birləşdirməlidir.
Azərbaycanın milli maraqları rəhbər tutulmaqla, diaspor quruculuğu prosesini keyfiyyətcə yeni müstəviyə çıxarmaq məqsədi ilə ötən illərin təcrübəsindən, habelə diaspor quruculuğu sahəsində nailiyyətləri ilə tanınmış başqa xalqların (yəhudi, yunan və s.) təcrübəsindən faydalanmağa, tarixi və regional faktorlarla yanaşı, mövcud siyasi reallıqlar, eyni zamanda, təsis edilən icmaların fəaliyyət perspektivlərini nəzərə almağa səy göstərilir. Azərbaycanlıların kompakt yaşadığı, lakin diaspor təşkilatlarının mövcud olmadığı regionlarda yeni icma və birliklərin təsis edilməsi istiqamətində tədbirlər genişləndirilir, o cümlədən Avropa ölkələrində, Rusiyada, İsraildə, Ukraynada və Gürcüstanda yaşayan azərbaycanlılarla iş davam etdirilməklə yanaşı, lobbi quruculuğu və digər xalqların diaspor təşkilatları ilə əlaqələr sahəsində də mühüm addımlar atılmalıdır.

-Azərbaycançılıq ideoloqiyasının təbliğ olunmasına nə dərəcədə ehtiyac var?
-Azərbaycançılıq ideyası milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Bu baxımdan  müstəqil dövlətçiliyin mövcudluğu, dövrün siyasi reallıqlarını və müvafiq ideologiyasını bütün soydaşlarımız, eyni zamanda diaspor fəaliyyəti ilə məşğul olanların milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmalarına imkan verilməli, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılmalı, respublikamızın nailiyyətləri təbliğ edilməli, dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan səmərəli şəkildə istifadə olunmalıdır.
Azərbaycançılıq ideologiyasında xalqımızın milli maraqlarının və dövlətçilik mənafeyinin əks olunduğunu və böyük tarixi əhəmiyyətə malik olduğunu, milli maraqlara cavab verən azərbaycançılıq məfkurəsinin - dilimizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin yaşadılmasına, eləcə də gənc nəslin bu məfkurə əsasında tərbiyə olunmasına xüsusi xidmət göstərilməlidir.
Eyni zamanda, Heydər Əliyev uzaqgörənliyi və müdrikliyi ilə xarici siyasətin strateji hədəflərini müəyyənləşdirərkən, müasir dövrdə hər bir dövlətin qüdrətinin yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülməlidir. Diaspor təşkilatları daim öz tövsiyələri ilə həmvətənlərimizin Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa istiqamətləndirməyi diqqət mərkəzində saxlamalıdır. Təsadüfü deyildir ki, əsrin əvvəlində Ukraynadakı diasporamızın rəhbəri Tələt Əliyevin  10 ilə yaxın Azərbaycan Respublikasının Ukraynada Fövqəadə və səlahiyyətli Səfiri olması belə amillərin reallığından xəbər verir.
Аzərbaycançılığın müstəqil Azərbaycan dövlətinin ideya əsasını təşkil etməsi, onun bütün dünya azərbaycanlılarının birlik və həmrəylik ideologiyasına çevrilməsi  daima diqqət mərkəzində dayanmalıdir.
  Azərbaycan Respublikasının  dövlət quruculuğu sahəsindəki nailiyyətləri, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirməsi  onu deməyə əsas verir ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursu Prezident İlham Əliyevin davam və inkişaf etdirməsi, eləcə də dinamik, çoxşaxəli və milli maraqlara əsaslanaraq həyata keçirilən siyasət nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin etmişdir.  
 Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər də olduqca təqdirəlayiqdir. Belə ki, Azərbaycanın Birinci vitse-prezidentinin rəhbərlik etdiyi Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət həyata keçirir. Xocalı soyqırımının tanıdılması və soyqırımına siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verir və bu proses genişlənməkdə davam edir. Xüsusi qeyd etmək lazımdır ki, artıq bir sıra ölkələrdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Qarabağ” adlı Azərbaycan məktəbləri fəaliyyətə başlamışdır.
 Prezident İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mili və mədəni irsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlıların mütəşəkkil təşkilatlanması, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mütəmadi tədbirlər görülür. Ötən müddətdə dünyanın mütxəlif ölkələrində təsis edilmiş Koordinasiya şuraları, xaricdəki həmvətənlərimizin istifadəsinə verilmiş Azərbaycan evləri, İnteqrasiya mərkəzləri, Azərbaycan dili məktəbləri bunun bariz nümunələridir.
Amma bu nümunələrin timsalında hesab edirəm Azərbaycançılıq üçün daha dəyərli və xatirələrdə qalmış faktlar haqqında soydaşlarımızın xeyirxah işləri barədə geniş imkanlarımızın tətbiqini genişləndirmək də çox faydalı olardı.
Hal-hazırda  hər hansı bir nümunəvi fəaliyyət tədbirləri  beynəlxalq səviyyədə  dəstək olmadan lazımınca öz dəyərinə layiq ola bilmir. Bu baxımdan azərbaycançılıq ideologiyasının təbliği də mühüm əhəmiyyət kəsb edir. Açıq etiraf etməliyik ki, Azərbaycan qonaqpərvərliyinin səviyyəsinin heç bir ölkədə səviyyəsi ilə qarşılaşmaq mümükün deyildir. Mən fürsətdən istifadə edib SSRİ  və Ukraynanın görkəmli şairi və siyasi xadimi, mərhum Boris Oleynikin bir müdrik sözünü xatırlatmaq istərdim. Boris Oleynik deyirdi: “Allah təala torpaqları böləndə azərbaycanlılara  qonaq gəlir,  onlar qonaqlara diqqət yetirir və bir də çıxırlar ki, torpaqlar bölünüb qurtarıb. Allah təaladan soruşurlar ki, bəs bizə torpaq vermirsiniz. Allah təala deyir ki, bəs  Siz harada idiniz, torpaqları bölüb qurtardm. Bizimkilər deyirlər ki, qonağımız gəlmişdi onlara qonaq kimi qulluq göstərirdik. Allah təala deyir ki, Siz müqəddəs işlə məşlul imişsiniz. Bu torpağı özümə saxlamışdım. Buyurun onu Sizə bağışlayıram....” Görün bizim torpağa nail olmağımızın aforizmi nə dərəcədə qiymətlidir.
Bax biz azərbaycançılığı təbliğ etməklə özümüzü və dəyərlərimizi yüksəldirik. Bunun üçün məsuliyyətli olmaq, qanun və qaydalara əməl etmək, indiki günün tələblərindən tibbi sağlamlıq tələblərini birmənalı yerinə yetirmək də çox vacibdir...
 Bu gün Azərbaycan Respublikası ilə Ukrayna arasındakı münasibətlər dinamik inkişaf yolundadır. İnanıram ki, ənənəvi dostluq əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq uğurla inkişaf edəcək və genişlənəcəkdir.
Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bu çətin zamanda Azərbaycan xalqının dost Ukrayna xalqı ilə həmrəy olduğunun faktları da ürək açandır.
Bu baxımdan unutmamalıyıq ki, Ukraynada da yalnız güclü diaspora malik olmaqla xarici siyasətdə mühüm uğurlar qazanmaq, dünya miqyasında mənafelərimizi hər zaman layiqincə qorumaq, ümummilli problemlərimizin həllinə nail olmağın, öz dilmizi, mədəniyyətimizi, incəsənətimizi, tariximizi lazımi səviyyədə təbliğ edə bilərik.

-Gördüyünüz işlərdə azərbaycançılığı necə təbliğ edirsiniz?    
 -Azərbaycanlıların yaşadığı ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması məqsədilə müvafiq tədbirlərin görülməsi, habelə bu prosesin ideoloji əsaslarını müəyyənləşdirən sənədlərin hazırlanması və təbliğat sahəsində istifadə etmək, Azərbaycan xalqına qarşı törədilmiş terror və soyqırımı aktları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını təmin etmək məqsədilə faktlar barədə elmi-praktiki məqalələr çap etməklə,   azərbaycançılıq ideyası və ölkəmizin milli maraqlarının qorunması ideyalarının birləşdirməsi istiqamətində mühüm addımlar atmağı doğma Vətəndən kənarda ən mühüm vəzifəm hesab edirəm.
Mən ilk dəfə Ukraynaya  1989-cu ildə hərbi kursa göndərilmişdim. Bu zaman mənim otaq yoldaşım Xarkovdan idi. İlk görüşümüz zamanı o bildirdi ki, azərbaycanlılar haqqında heç də xoşa gələn sözlər danışmırlar. Sən buna necə cavab verəcəksən?... Biz danışdıq ki, axşam bu məsələni geniş müzakirə edərik. İlk günümüzün axşam süfrəsində həmin yoldaşım xeyli əlavə materiallarla gəldi... Onları oxuyandan sonra mənə müraciət etdi. Sən nə cavab verərsən?...
 Dedim ki, sizin materiallarda var ki, azərbaycanlılar Sumqayıt hadisələri zamanı bir imkanlı Erməninin varını, dövlətini əlindən alıblar. Cavab verdi ki, xeyr!. İzah etdim ki, birincisi, onlar bu hadisəyə SSRİ təhlükəsizlik orqanları ilə əvvəlcədən hazırlaşaraq öz əmanətlərini bir ay əvvəl lazımınca Əmanət Banklarından götürmüşlər. İkincisi, o zaman texnika indiki qədər deyildi. Azərbaycanın  marağında olardımı Sumqayıt hadisəsini video şəklində çəkib səhəri gün digər ölkələrdə nümayiş etdirsin. Yenə dedi: xeyir. Bəs, bu kimin marağında olar? Cavab verdi ki, ERMƏNİLƏRİN. Məni qucaqladı və dedi ki biz dost olduq....
Səhəri gün hərbi sıramızda həmin materialları bir erməninin üzünə çırparaq dediki, məni aldatmısan!...
Həmin yoldaşım Ukrayna Prezidenti administrasiyasının başçisı olanda keçmiş Səfirimiz məni Ukraynaya dəvət etdi.  Həmin dostum məsləhət bildi ki, Ukrayna Prezidenti yanında Dövlət Quruculuğu Akademiyasında magistratura təhsili alım. Akademiyada ilk günlərdə bir  professor eyni ilə mənə dedi ki, “Azərbaycan mədəniyyətsiz, geri qalmış, demokratiya olmayan ölkıdir...”.
Mən soruşdum, Siz Azərbaycanda olmusunuz, dedi,   xeyir, əgər arqumentin varsa yaz gətir.”
Mən bu barədə məlumatlarımı yazıb verdim, bir həftə sonra məni görüşə dəvət edərək bildirdi ki, “Sən məni millilik baxımından tərbiyə etdin. Materialı vermişəm “Politika və kultura” (Siyasət və mədəniyyət) jurnalı redaktoruna, get görüş orada dərc olunacaq”. Həmin material  5-11 sentyabr 2000-ci ildə adı çəkilən jurnalın 32 (67) nömrəsində “Батько нації, або Чому мудрий азербайджанский народ звернувся з проханням до Гейдара Алиева взяти на себе відповідальність за порятунок республіки) (MİLLƏTİN ATASI Yaxud müdrik Azərbaycan xalqı nə üçün Heydər Əliyevə respublikanı xilas etmək məsuliyyətini  öz üzərinə götürmək xahişi ilə müraciət etdi). Jurnal qeyd etmişdir: “Mövzu özü bizi tapdı. “Millətin atası”- bu “Politika və kultura” üçün kifayət qədər   gözlənilməz yazıdır və ukraynadilli bir azərbaycanlı (bu mətnin müəllifi) redaksiyaya gələndən sonra meydana çıxmışdır. O bizi inandırmağa çalışırdı ki, Azərbaycan demokratiyasına  Avropa meyarları baxımından yanaşmaq olmaz, yəni ənənələr, mentalitet başqadır. Arif Quliyevə Vətənindəki demokratik dəyişikliklər barədə öz baxışlarını açıqlamaq təklif olunduqda isə, o nəinki imtina etmədi, əksinə xahişimizi çox səylə yerinə yetirdi”.   Bu məqalə 26 sentyabr 2000-ci ildə “Xalq”, “Azərbaycan”  və “Bakinskiy raboçiy” qəzetlərində də çap olunmuşdur.
2001-ci ildə QUAM toplantısında Heydər Əliyev məni əvvəlcə tanıdığından şəxsən mənə yaxınlaşıb  bu barədə öz xoş sözlərini dedi və Xarici İşlər Naziri Vilayət Quliyevlə, Novruz Məmmədovla və Bəylər Əyyubovla məni tanış etdi.
Sonrakı illərdə Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyində işlədiyim illərdə fəaliyyətimiz nəticəsində azərbaycançılığın bariz nümunəsi olaraq nail olduq ki, Heydər Əliyev Kiyev şəhərinin vəxri vətəndaşı, Ukrayna Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının Fəxri doktoru seçildi. Bakı və Kiyev, Sumqayıt və Çerkası, Şəkir və Nikolayev vilayətinin Zavodskoy rayonu, Qaradağ və İrpen şəhəri ilə dostluq, Bakı Dövlət Universiteti ilə Taras Şevçenko adına Kiyev Dövlət universitetləri, Azərbaycan və Ukrayna Prezidentləri yanında Dövlət idarəçilik Akademiyaları, Bakı və Kiyev tibb universitetləri və c. təhsil müəssisələri, Bakı və Kiyev şəhərləri Təhsil və elm departamenləri arasında əməkdaşlıq əlaqələri  yaradılmışdır. Kiyev şəhərinin 5 ümumtəhsil məktəbində 200 yaxın ukraynalı həmvətənlimiz  müəllimə Səfayə Naibovanının rəbərliyi ilə  fakultetiv qaydada Azərbaycan dili  və mədəniyyəti dəyərlərini öyrənirlər. Ukraynada Nicat Mirzəyevin rəhbərliyi ilə Qafqaz Milli rəqs ansambılı Mədəniyyətimiz dəyərlərini ləaqətlə nümayiş  etdirirlər. Bakı şəhərindəki Ukrayna kruqu və Kiyev prospektləri timsalında Kiyev şəhərində Azərbaycan (talehin hökmü ilə mən həmin küçədə yaşayıram) (keçmiş 26 Bakı Komissarı) və Bakı (keçmiş Şaumyan)  küçələri  adlandırılmışdır... Bu barədə faktları daha xeyli göstərmək olar.
Azərbaycan xalqının ümum milli lideri Hedər Əliyevin  heykəli Milli abidə statusu ilə sərhədimizdən kənarda ilk dəfə olaraq 2004 –cü il iyunun 4-də dövlət dəstəyi ilə Kiyev  şəhərində ucaldılmışdır.
2012-ci il noyabrın 28-də Ukrayna Ali Radasının Qanunvericilik İnstitutunda   “Beynəlxalq terrorizmlə mübarizədə prezidentlik institutu: Ukrayna və Azərbaycan Respublikası qanunvericiliklərinin müqayisəli-hüquqi təhlili” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, dissertasiya işində terrorizmlə mübarizənin beynəlxalq-hüquqi tənzimlənməsi mexanizminin kompleks öyrənilməsinə, terrorizmlə mübarizə sahəsində prezident institutunun fəallaşdırılması modelinin milli xüsusiyyətləri və xarakter cəhətlərinin açılmasına, milli qanunvericilikdə beynəlxalq antiterror normalarının həyata keçirilməsi istiqamətlərinin müəyyən edilməsinə həsr olunmuşdur.
Dissertasiya şurasının sədri, Ukrayna Milli Elmlər Akademiyasının Akademiki, hüquq elmləri doktoru, professor Aleksandr Kopılenkonun uğurlu müdafiə münasibətilə təbrikində də, bu elmi işin Ukrayna və Azərbaycan elminin inkişafına verdiyi böyük töhfəyələr də qeyd edilmişdir.
Bundan sonra Ukrayna rəhbərliyinin təşəbbüsü ilə mənə Ukrayna Prezidentinin Fərmanı ilə 24 avqust 2013 –cü ildə  “Əməkdar Təhsil işçisi”  Fəxri adı verilmişdir. 2016-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq bilinmişəm.
Müntəzəm olaraq Ukraynanın  versii.com, Azərbaycanın azertag.az/ru/, ru.yerveinsan.az və ru.yerveinsan.az  saytlarında  Azərbaycançılıq ideologiyamızın dəyərləri haqqındə elmi məqalələrim çap olunub.
 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş  məqaləmdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və təcavüz siyasətinin 200 illik tarixə malik olması qeyd edilir. Bildirilir ki, 1918-ci il martın 30-31-də bədnam Bakı kommunasının başçıları və şovinist ermənilər müsəlman əhaliyə qarşı tarixdə görünməmiş qırğın törədiblər.
 XIX əsrin ikinci yarısında azərbaycanlılara qarşı soyqırımı planlı bir xarakter aldığı, o vaxtdan etibarən "böyük Ermənistan" şovinist ideyasının təbliği və erməni xalqının tarixinin saxtalaşdırılması başladığını, Azərbaycan, Türkiyə və Gürcüstan ərazilərində "böyük Ermənistan" yaratmaq niyyətində olan daşnakların terror təşkilatları vasitəsilə bir sıra qırğınlar törətmələrini qələmə almışam.
O dövrdə Rusiyada baş verən inqilabi proseslərdən yararlanan ermənilər onlarla kənd və şəhəri etnik təmizləməyə məruz qoyduqları, azərbaycanlıları Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan və digər ərazilərdən qovmaları, 1905-1907-ci illərdə Bakıda başlayan ilk qanlı hadisələrin bir çox Azərbaycan kəndlərini əhatə etməsi, bundan sonra isə minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsi və ata-baba torpaqlarının Ermənistan ərazisinə çevrilməsini işıqlandırmışam.
1998-ci il martın 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” Fərmana əsasən martın 31-i Azərbaycanlıların Soyqırımı günü elan edilməsini, bunun erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olduğunu vurğulamışam.
70 yaxın Ukraynalı azərbaycanlı alimlərimiz mənim rəhbərliyimlə  “Ukrayna Azərbaycanlıları Alimlər Şurası”   İctimai təşkilatı yaratmışlar.
Hal-hazırda 7 elmi jurnalın redaksiya heyyətinin və 3 ixtisas elmi şurasının üzvüyəm. 5 aspirantın elmi rəhbəri, “Xalq diplomatiyası institutu” İçtimai təşkilatının rəhbəriyəm. Bu yaxınlarda Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki seçilmişəm.
 Artıq bu gün Azərbaycan diasporu müdafiədən hücum taktikasına keçmiş, soydaşlarımız dünyanın inkişaf etmiş ölkələrində müxtəlif səviyyəli tədbirlər, təbliğat xarakterli görüşlər keçirməklə müstəqil Azərbaycan Respublikasının mövqeyini, əsas dövlətçilik prinsiplərini irəli sürürlər.  
 Bununla yanaşı, qazanılmış uğurlar və tarixi nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə təkan verməli, habelə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandıraraq ölkəmizin milli maraqları ətrafında sıx birləşməsinə zəmin yaratmalıdır.


Ədil Ədilzadə





шаблоны для dle 11.2
Tarix: 12-09-2020, 00:08







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?