"Azərbaycançılıq ideyasının təbliğində yapon təcrübəsindən istifadə etmək müsbət nəticə verə bilər" A- / A+
Əlibəy Məmmədov: "Yaponiyadakı fəaliyyətimi  bu 3 istiqamətdə qurmuşam; elm, siyasət, biznes"
Hər bir xalqın formalaşmasında və inkişafında onun milli ideologiyasının olması əsas şərtdir. Buna görə də müxtəlif xalqlar öz milli ideologiyalarını təbliğ və tətbiq edərək böyük inkişaf yolu keçiblər. Bu baxımdan yaponlar dünyada özünəməxsusluqları ilə seçilirlər. Maraqlıdır, azərbaycançılıq ideyasının təbliğində yapon təcrübəsi nə dərəcədə mümkündür? Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında araşdırmaları davam edir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, vətənpərvər soydaşımız Əlibəy Məmmədovun KANAL 5-ə müsahibəsini təqdim edirik.
Xatırladaq ki, Əlibəy Məmmədov 2012-ci ildən Yaponiyada yaşayır. Yaponiya hökuməti dövlət təqaüdçüsü, Hokkaydo Universitetinin magistr və doktorantı olub. İki il ardıcıl Hokkaydo Universitetinin Xarici Tələbələr Assosasiyasının prezidenti, bir il isə fəxri prezidenti olub. Yapon, ingilis, rus, türk dillərini bilir. Ailəlidir, iki övladı var.
-Əlibəy müəllim, orta və ali təhsilə harada yiyələnibsiz?
-Mən 1988-ci ilin 30 oktyabrında Moskva şəhərində doğulub, Bakı şəhərində isə böyüyüb boya-başa çatmışam. Valideynlərimin hər ikisi Moskva Dövlət Universitetinin Tarix fakültəsinin məzunlarıdırlar. Anam Güntəkin Məmmədova Xətai rayonunda yerləşən 147 saylı texniki-humanitar liseydə tarix müəlliməsi işləyir. Təhsil nazirinin əmri ilə 2009-cu ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. 2010-cu ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. Eyni zamanda 2016-cı ilin sentyabr ayında Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təhsil sahəsindəki uğurlu fəaliyyətinə görə “Tərəqqi” medalına layiq görülüb.
6-cı sinfə kimi Nəsimi rayonunda yerləşən 111 nömrəli məktəbdə, 7-ci sinifdən etibarən Xətai rayonunda yerləşən və respublika səviyyəsində sayılıb- seçilən, ən öndə gedən məktəblərdən biri olan, dahi akademik Azad Mirzəcanzadənin adını daşıyan 147 saylı texniki humanitar liseydə təhsilimi davam etdirmişəm. 2004-cü ildə 10-cu sinifdə oxuyarkən Tarix fənni üzrə Respublika Olimpiadasında 2-ci yerə layiq görülmüşəm. Bundan əlavə, rayon və şəhər miqyasında bir neçə dəfə sertifikatlara layiq görülmüşəm.
2005-ci ildə dövlət imtahanının nəticələrinə uyğun olaraq Bakı Dövlət Universitetinin Şərqşünaslıq (indiki Regionşünaslıq) fakültəsinin yapon dili və ədəbiyyatı bölməsinə daxil oldum. Respublika səviyyəsində ildə 8 nəfər bu ixtisas üzrə təhsil ala bilərdi. O zaman digər heç bir universitetdə yapon dili dərsləri tədris edilmirdi. Yaponiya hökumətinin maliyyə dəstəyi ilə yapon dilini tədris edən yaponiyalı müəllim də məhz BDU-dadır. 2009-cu ildə ali təhsilimi Qırmızı diplomla başa vurdum.
2009-2010-cu illərdə Füzuli rayonunda hərbi xidmətə yollanıb, vətənə olan borcumu döyüş meydanında başa vursam da, beynəlxalq səviyyədə bir çox işlərin görülməli olduğunu dərk etməyə başladım. 2010-2012-ci illərdə əsas etibarilə Bakıdakı Yaponiya səfirliyində, ayrı-ayrı şirkətlər tərəfindən bir çox sahələrdə tərcüməçilik fəaliyyəti ilə məşğul oldum. 2010-cu ilin noyabr ayında Yaponiyanın “Fuji Terebi” televiziya kanalı ilə birgə çalışdıq. Bunun nəticəsi olaraq Yaponiyada Azərbaycanla bağlı 5 dəfə xüsusi veriliş yayımlandı.
- Azərbaycançılıq sizin üçün nə deməkdir?
-Hər bir dövlətin ərazi, iqtisadi, milli əsasları olduğu kimi, ideoloji əsasları da olmalıdır. Bu da bir həqiqətdir ki, ideologiyası olmayan dövlətlər tarix səhnəsində müəyyən dövr ərzində mövcud olsalar da, milli maraqları uzunmüddətli təmin edə bilməmiş və tarixin səhnəsindən silinmişdir. Çünki, hər şeydən öncə milli ideologiya vətəndaş həmrəyliyini, ümummilli həmrəyliyi və ictimai ahəngdarlığı təmin edir. Azərbaycançılıq ideologiyası XIX əsrin sonu XX əsrin əvvəllərində təşəkkül taparaq formalaşmış və bir əsr ərzində davamlı təkamül yolu keçmişdir. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi siyasi amillərin təsnifatının, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşıda duran vəzifələrini, onların isə Azərbaycana olan münasibətdə üzərinə düşən öhdəliklərini müəyyənləşdirən konsepsiyadır. Yalnız konkret özünəməxsus ideologiyası olan xalqın milli dövləti ola bilər. Müasir dövrdə azərbaycançılıq ideologiyası Azərbaycan dövlətçiliyinin, müstəqilliyin, burada yaşayan xalqların qardaşlığı və həmrəyliyinin daşıyıcısı kimi çıxış edir.
-Yaponların hər hansı milli ideologiyası varmı?
 -Yaponiyada belə bir milli ideologiya Nihonciron adlanır. Nihonciron (yaponlar haqqında nəzəriyyə) yaponların unikallığı haqqında tədqiqatlar kompleksidir. Bu tədqiqatlar yapon cəmiyyətinin formalaşmasına ciddi təsir etmişdir. XVII əsrdə mədəni hərəkat kimi meydana gəlmişdir. 1853-cü ildə Amerika Yaponiyadan sərhədlərini açmağı tələb edəndə və əks təqdirdə hərbi gücdən istifadə ilə hədələyəndə Yaponiyada güclü bir hərəkat başlayır və yaponların çoxu qeyri-bərabər müqavilələrə yenidən orbaxmağı və xaricilərin ölkədən çıxarılmasını tələb edirlər. Bu zaman bir sıra ictimai xadimlər qeyd edirlər ki, yaponların öz unikal yolu  var. Bu milli ideologiyada bir çox sahələrdə Yaponiya və Qərb müqayisə olunurdu və yaponların hamıdan fərqli oldugu qeyd olunurdu. Məsələn qeyd olunurdu: 1.Yaponların təbiətə münasibəti fərqlidir, onlar daha çox təbiətə qayğı göstərir və təbiətlə harmoniyada yaşayırlar və xaricilərdən fərqli olaraq təbiəti daha gözəl başa düşürlər. 2.Milli geyimləri Kimono unikal hesab olunurdu. Qeyd olunurdu ki, Avropa dəbindən fərqli olaraq Kimono Yaponiyada milli iftixar rəmzi və incəsənət əsəridir. 3.Yapon dilinin də fərqli olduğu, xaricilər tərəfindən çətin qavrandığı və yaponlar bu dili mənimsədiklərinə görə onların beyninin də, başqalarından fərqli olduğu məsələsinə toxunulurdu. Tədqiqatçılar qeyd edirdilər ki, elə bir xalq yoxdur ki,  tamamilə su ilə  əhatə olunsun və 1500 il eyni dildə danışsın. 4.Yapon qidalarının da, fərqliliyi diqqətə çatdırılırdı, həmçinin yaponların bağırsaqlarının da, başqa xalqlardan uzun olmasını qeyd edirdilər və bunu daha çox bitki mənşəli qidaların qəbulu ilə əlaqələndirirdilər. Məhz bu tədqiqatlar nəticəsində Yaponiyaya dünyada çox böyük maraq yarandı. İkinci Dünya Müharibəsinin ilk illərində yaponlar qəddar işğalçı hesab olunsalar da, XX əsrin 70-ci illərində Qərbi Yaponiya mədəniyyətinin unikallığına inandıra bildilər və işğalçı imiclərini sındırdılar. Qeyd edim ki, yaponlar vətənlərini şox sevirlər. İlin demək olar ki, bütün fəsillərində təbii fəlakətlərlə mübarizə aparmalarına baxmayaraq, heç bir halda vətənlərini tərk etmirlər. Təbiətə münasibət, milli mədəni dəyərlərindən qürur duymaları, "Yapon doğulmaq xoşbəxtlikdir" deyə milli mənsubiyyətləri ilə fəxr etmələri bütün dünya üçün örnəkdir deyə, bu təcrübələrdən istifadə etmək müsbət nəticə verə bilər.
-Azərbaycançılıq ideyası dünya azərbaycanlıları üçün necə birləşdirici amil ola bilər?
-Azərbaycanlılar dünyanın müxtəlif ölkələrində yaşasalar da, onları bir-birinə bağlayan olduqca möhkəm mənəvi ideoloji vasitələr vardır. Bu ana dilidir, Vətəndir, tarixən formalaşan etnik mədəni sistemdir. Azərbaycançılıq real müstəqilliyə nail olmaq, vahid bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün bir vasitədir. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev hələ Sovet dönəmindən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasına çalışırdı. Zaman keçdikcə diaspor quruculuğu Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məqsəd xaricdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir. Dünya azərbaycanlılarının qurultayları mən deyərdim ki, dünya azərbaycanlılarını birləşdirən əsas amil oldu.
-Azərbaycançılıq ideyası xaricdəki gəncləri Vətənə nə dərəcədə bağlayır?
 -Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri xaricdə yaşayan azərbaycanlıların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 2002-ci ildə Xaricdə Yaşayan  Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin  yaradılması, 2008-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə bu Komitənin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması məhz soydaşlarımızın Vətənlə əlaqələrinin möhkəmlənməsində mühüm rol oynadı. Son dövrdə pandemiya zamanı dövlətimizin xaricdəki vətəndaşlarmıza qayğısı, bütün çətinliklərdə vətəndaşının yanında olması soydaşlarımızın da Vətənə bağlılığını daha artırdı. Nəticədə dünya ölkələrində yaşayan soydaşlarımız böyük aktivlik göstərərək yaşadıqları ölkələrin ictimaiyyətini Ermənistanın işğalçı siyasətinə yönəldə bildi və mən bunu çox böyük bir uğur hesab edirəm. Bununla belə, düşünürəm ki, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində, eyni zamanda xaricdə yaşayan həmvətənlərimizin bu Komitəyə olan ümidlərində müəyyən boşluqlar var. Xaricdə olan bəzi partnyorlarımız elə düşünürlər ki, onlar xaricdə əllərindən gələni edirlər deyə, Komitə onlara müəyyən maddi dəstək göstərməlidir. Faktiki belə dəstək alanların uğursuz sonluqları da artıq cəmiyyətə məlum məsələdir. Mənim hər zamankı, dəyişməz mövqeyim ondan ibarətdir ki, Komitə xaricdə olan vətəndaşlarımıza maddi dəstək göstərməməlidir. Əgər göstərirsə, hansı meyarlar əsasında olduğunu açıq şəkildə izah etməlidir. Digər tərəfdən, xaricdə yaşayan həmvətənlərimiz, müəyyən maddi imkanı olan şəxslər özləri, öz imkanları hesabına Azərbaycan diasporunu təşkil etməli, inkişaf etdirməli, azərbaycançılıq işinə öz töhvələrini verməlidirlər. Bu adi hala çevrilməlidir. Yalnız o zaman biz xaricdə sözün əsil mənasında tam, yetişmiş bir gücə çevrilə bilərik. Düşüncə tərzini dəyişmək lazımdır. Bir çox dostlarımız isə doğrudan da müəyyən səviyyələrdə işlər görsələr də, təbrik edilməyəndə, onların fəaliyyəti onların istədiyi səviyyədə qiymətləndirilməyəndə küsürlər və fəaliyyətlərini dayandırırlar. Bu doğru deyil. Diaspor işinə daxil olan şəxs gərək təkliyi, tənhalığı, qiymətləndirilməməyi də gözə alsın. Çünki bu, demək olar ki, sözün bütün mənalarında könül işidir. Dövlət işi olsa, bunu onsuz da Xarici İşlər Nazirliyi və xaricdə olan səfirliklərimiz yerinə yetirirlər. Diaspor nəyə lazımdır? Bax, bu sualı gərək hər bir xaricdə yaşayan vətəndaşımız özünə versin və ciddi-ciddi düşünsün. Diaspor işi yumşaq güc üzərində qurulmalıdır. Eyni zamanda bu, güclü maddiyyat tələb edən iş olduğuna görə, xaricdə yaşayan biznesmen partnyorlarımız gərək bu işdə yaxından iştirak etsinlər.
 Digər tərəfdən, xaricdə müəyyən uğurlar əldə edən dostlarımız dərhal bunu Azərbaycan mətbuatında yayımlamağa çalışırlar. Bu, doğrudan da gözəl işdir. Amma buna var gücü ilə köklənənlər, olduqları ölkələrdə Azərbaycan işini lazımınca inkişaf etdiməyə də bilərlər. Yaddan çıxarmaq lazım deyil ki, Azərbaycan diasporunun işi xariciləri bu işə cəlb etmək, onların arasında azərbaycançılığı təbliğ etmək olmalıdır. Yoxsa hər dəfə 5-10 azərbaycanlının toplaşıb bir yerdə yemək yeməsi xaricdə diaspor işinə töhvə verə bilməz. Bilirəm ki, çətindir, amma düşüncə tərzini dəyişməyə böyük ehtiyac var.
-Yaponiyada Azərbaycanı necə tanıdır və təbliğ edirsiniz?
-Yaponiyada yaşadığım müddətdə kifayət qədər böyük dövlət tədbirlərində və yarışlarında Azərbaycan haqqında müsbət rəy formalaşmasına nail olmuşam. 2015 və 2016-cı illərdə Sapporoda Azərbaycanın Beynəlxalq Qar Fiqurları Festivalında təmsil olunmasını təmin etmişəm. Azərbaycan ilk dəfə Qız qalası və ətrafında milli geyimdə insanlar sonra isə Heydər Əliyev Mərkəzinin qardan hazırlanmış fiquru ilə təmsil olunmuşdur. Nəzərə alsaq ki, bu festivallarda təxminən 4 milyona yaxın insan iştirak edib və onlar Azərbaycan haqqında məlumatlandırılıb, fikrimcə, çox böyük bir təbliğatdır. 2016-cı ildən Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının rəhbəriyəm. Yaponiyada həm ali, həm də orta məktəblərdə dəfələrlə Azərbaycanla bağlı dərslər keçmişəm. 500-ə yaxın şagirddən təşəkkür məktubları almışam, onlar Azərbaycanın qədim abidələrinə, zəngin təbiətinə vurğunluqlarını qeyd edir və imkan olan kimi Azərbaycana səyahət edəcəklərini vurğulamışdılar.
2017-ci ildən Hokkaydo Universitetində Azərbaycanın Multikulturalizmi dərsləri üzrə müəllim kimi çalışıram. Bu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Hokkaydo Universiteti arasında olan razılaşma əsasında gerçəkləşmişdir. Eyni zamanda Tokio məktəblərində multikulturalizm mövzusunda dərslər keçirəm. Hər il bir neçə yaponiyalı tələbəni Azərbaycana mədəni mübadilə məqsədilə göndəririk.
Dəfələrlə Yaponiyanın "Word İnvestors TV" internet kanalında Konstitusiya günü, 20 Yanvar faciəsi, Müstəqillik günü ilə bağlı çıxışlar etmişəm. 2017-ci ildə Yaponiyanın Kansay televiziyasının Bakı ilə bağlı hazırladığı verilişə yaxından kömək etmişəm. Elmi işim də, ağır yaramız olan Qarabağla bağlı olduğundan həm Yaponiyada həm də, iki dəfə Amerikada, Reno və San-Fransisko şəhərlərində elm adamlarının diqqətini Qarabağa yönəldə bilmişəm. Bu mövzularda Yaponiyanın tirajlarları milyonlarla ölçülən "Tokio", "Hokkaydo", "Mainiçi", "Yomiuri", "Hokuriku", "Nikkei", "Çuniçi" qəzetlərində, eyni zamanda “Yaponiya Mərkəzi Asiya Elmi Jurnalı”, “Sərhəd Araşdırmaları” elmi jurnalında elmi yazılarım,  “Hokkaydo Mərkəzi Avrasiya Tədqiqat Toptantısı”nın 121-ci sessiyasında, “Yaponiya Mərkəzi Asiya Elmi Konfransı”nda, “Yaponiya Siyasət Elmləri Konfransı”nda, “Yaponiya Beynəlxalq Siyasət Elmləri Konfransı”nda, “Rusiya, Şərqi Avropa Elmi Konfransı”nda elmi çıxışlarım olub. Fikirlərim, elmi nəticələrim bir çox xarici dilli məqalə və kitablarda sitat olaraq gətirilib. Ən böyük uğurum 2018-ci ildə Yaponiyada yapon dilində "İndi Azərbaycanın maraqlı olmasının səbəbləri" adlı kitabımın çapı olmuşdur. Bu kitab mənə elə gəlir ki, yaponlar üçün bir bələdçi rolunu oynadı. Məhz bu kitabdan sonra Azərbaycana səyahət edən və Azərbaycanla biznes əlaqələri quran yaponların sayı dəfələrlə artdı. Məni incidən məsələlərdən biri də, Yaponiyada Azərbaycan istehsalı olan məhsullara qonşu dövlətlərlə müqayisədə rast gəlməməyim idi. Bu səbəbdən Yaponiyada Azərbaycanın biznes fəaliyyəti istiqamətində də müəyyən işlər görməyə başladım. Tarixdə ilk dəfə Azərbaycanın keyfiyyətli və ləzzətli təbii balları Yaponiya bazarına çıxdı. Tarixdə ilk dəfə Azərbaycanın üzüm şərabları (“Chabiant” brendi) ən yüksək səviyyədə bütün Yaponiya ərazisində yayıldı. Artıq Azərbaycanın nar və heyva şərabları (Tovuzun “Manat” brendi) da Yaponiya bazarına daxil olur və güclü reklamı gedir. Bütün bunlar bizim tənha qaldığımız zamanda belə, yorulmadan durmadan, təslim olmadan, gecələri yatmadan alın təri ilə gördüyümüz işlərin nəticəsidir. Yorulmadan iştirak etdiyimiz biznes tədbirlərində yaponiyalı biznesmenlərlə yaratdığımız tərəfdaşlığın bariz nümunəsidir. Mən buna qədər də bir çox məqalələrimdə bu haqda qeyd etmişəm, burada da bildirmək istəyirəm ki, diaspor fəaliyyətində elm, siyasət və biznes birlikdə hərəkət etməli və bir-birinə bacardığı dəstəyi göstərməklə yanaşı, bir-birinə mane olmamağa da çalışmalıdır. Tək elm yetməz, tək siyasət də kifayət deyil, ona görə elm və siyasətə, güclü biznes dəstəyi də olmalıdır. Məhz bu səbəbdən mən Yaponiyadakı fəaliyyətimi bu 3 istiqamətdə qurmuşam; elm, siyasət, biznes. Bundan sonra da, Azərbaycanın tanıdılmasına çalışacağam.

Ədil Ədilzadəшаблоны для dle 11.2
Tarix: 10-09-2020, 12:02







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?