“Vətən sevgisi bizi ruhlandırır” A- / A+

Yaşar Məsimov: “Azərbaycanlı gənclərin tərbiyəsində ailə tərbiyəsi, milli ənənələrimiz və ümumiyyətlə, azərbaycançılıq ideyası əsas amil olmalıdır”

 Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında araşdırmaları davam edir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Orenburqdakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbəri Yaşar Məsimovun "News12.az"a açıqlamasını təqdim edirik. Xatırladaq ki, Məsimov Yaşar Dursun oğlu 1975-ci ildə Bakı şəhərində doğulub, boya-başa çatıb. 2005-ci ildən Rusiyanın Orenburq şəhərində yaşayır. Diaspor işi ilə yanaşı, xeyriyyəçilik də edir. Orenburqda Azərbaycan həqiqətlərinin təbliğatçılarından biridir. Dəfələrlə sənət festivalları və idman tədbirləri təşkil edib. Bu da yerli əhali və rəsmilər tərəfindən yüksək qiymətləndirilir. Ailəlidir, 3 övladı var.

Yaşar Məsimov deyib ki, milli ideologiya olmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz: "Milli ideologiyanın mahiyyəti, bir xalqın, mövcudluğunun mənasını necə başa düşməsidir. Bu mənada, xalqın qarşıya qoyduğu hədəflərə doğru irəliləməsində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir. Azərbaycan xalqı öz müstəqilliyini əldə etdikdən sonra ozünəməxsus inkişaf yolunu keçməkdədir. Burada başlıca amillərdən biri də azərbaycançılıq ideyasının olmasıdır. Azərbaycançılıq dedikdə mən vətənə sədaqətli olmağı düşünürəm, ona sonsuz dərəcədə bağlı olmağı və onun daima varlığını düşünürəm. Vətən sevgisi bizi ruhlandırır. Fikrimcə, milli ruhu olmayan səxs layiqli vətəndaş ola bilməz. Onun ağrılarını şəxsi ağrıları kimi qəbul etməyən, onun uğurlarına sevinməyən şəxs həyatda bədbəxtdir. Azərbaycançılıq ideologiyasının önəmi də məhz bundan ibarətdir".

 

“Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması üçün azərbaycançılıq ideyasının təbliğ olunmasına böyük ehtiyac var”

 

Onun sözlərinə görə, azərbaycançılığın əsas şərtlərindən biri də milli-mənəvi dəyərlərə bağlı olmaqdır: "Mən çoxuşaqlı ailədənəm. Ailəmizdə milli adət-ənənələrə, islami dəyərlərə, davranış qaydalarına həmişə böyük diqqət yetirilib. Oxuduğum məktəbdə də sevimli müəllimlərimiz milli-mənəvi dəyərlər üzərində tədris prosesini qurmuşdular. Bütün bunlar da mənim azərbaycançılıq ruhunda böyüməyimə əhəmiyyətli dərəcədə təsir edib. Dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, mövcud problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi üçün azərbaycançılıq ideyasının təbliğ olunmasına böyük ehtiyac var".

Yaşar Məsimov Azərbaycanın Orenburqda tanıtımı istiqamətində gördüyü işlərdən də danışıb: “Burada yerinə düşər ki, öz təşkilatımız barəsində məlumat verim. Mənim təşəbbüsüm ilə 2016-cı ildə Orenburq üzrə milli-mədəni muxtariyyət təsis etdik. Bu bizim işlərə pozitiv təkan verdi. Coxlu sayda tədbirlərdə iştirak edərək dogma Azərbaycanı layiqincə təmsil edirik. Fərdi surətdə artıq 10 ildir ki, xeyriyyə aksiyalarında iştirak edirəm. İmkansız ailələrə, maddi vəziyyəti çətin olan insanlara Azərbaycan diasporu adından yardım edirik. Koronavirus pandemiyası da müəyyən fəsadlar yaratdı. Bununla bağlı çətinliyə düşmüş soydaşlarımıza da yaşadıqları yerlərindən asılı olmayaraq maddi kömək göstərdik. Bu işlərimiz, demək olar ki, ənənə halını alıb. Bundan əlavə, Azərbaycan və azərbaycanlılar haqqında Rusiyada nəşr edilmiş “İçəri şəhər Bakı qalası” və “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabların maliyyələşdirilməsində və eyni zamanda da Orenburq şəhərində onların təqdimat tədbirlərini keçirmişik. Onu da qeyd edim ki, bu tədbirlər Orenburq ictimaiyyəti tərəfindən böyük marağa səbəb olmuşdur. Bizim dəvətimizlə bir neçə il bundan əvvəl Dərbənd Dövlət Azərbaycan Dram Teatrının Orenburqda qastrol səfərində oldu. Demək olar ki, bu bir sensasiya kimi qarşılandı. İnsanlar milli tamaşalarımızla yaxından tanış oldular. Bizim tədbirlərdən əlavə, yerli və vilayət hakimiyyət orqanlarının keçirdiyi bütün tədbirlərdə aktiv şəkildə iştirak edirik”.

 

“Orenburqlular Azərbaycanı yaxından tanımaq istəyirlər”

 

O, diaspor təşkilatına rəhbərlik etməyin çox məsuliyyətli iş olduğunu dedi: “Lider gərək xüsusi keyfiyyətləri ilə də seçilsin. Ümumiyyətlə, həm ozü, həm də ailəsi nümunəvi davranışları ilə digərləri ücün ibrət olsunlar. Sizə onu bildirmək istəyirəm ki, övladlarım da milli dəyərlər üzərində tərbiyə olunurlar. Böyük qızım universitet tələbəsidir. Orta məktəbi qızıl medalla bitirmişdir. O biri övladlarım olimpiada və Orenburqda keçirilən çoxlu sayda müsabiqələrin qalibləridir. Əlaçıdırlar. Demək istəyirəm ki, azərbaycanlı gənclərin tərbiyəsində ailə tərbiyəsi, milli ənənələrimiz və ümumiyyətlə, azərbaycançılıq ideyası əsas amil olmalıdır. Ümumiyyətlə, gördüyümüz və görüləcək işlərimiz çoxdur”.

Xatırladaq ki, Yaşar Məsimov tərəfindən Orenburqda Azərbaycanla bağlı olan muzey yaradılıb. O bildirib ki, Orenburqda Azərbaycanımızı xatırladan bir muzeyin olması çoxdankı istəyi olub: “Muzey üçün şəxsi vəsaitimlə Vətəndən əşyalar, eksponatlar gətirdim. Məqsəd vətənimizi təblig etməkdən ibarət idi. Hal- hazırda burada çoxlu sayda eksponatlar var. Bəzi tədbirlərimizi burada keçirdirik. Qonaqlarımızı Azərbaycan tarixi, mədəniyyəti, onun tarixi şəxsiyyətləri çox maraqlandırır. Hiss olunur ki, orenburqlular Azərbaycanı yaxından tanımaq istəyirlər”.

шаблоны для dle 11.2
Tarix: 10-09-2020, 01:41







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?