Xadimənin lift altında qalaraq ölməsinə görə iş adamı dindirildi: "Bədbəxt hadisədir" A- / A+


Xadimənin lift altında qalaraq ölməsinə görə həbs edilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan adam ölümünə səbəb olmaqda ittiham edilən Sultanməcid Əzizov və Çingiz Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Məhkəmə prosesində şahid qismində İlham Kərimov ifadə verib.

İlham Kərimov hadisənin baş verdiyi MTK-nın şəriklərindən biri olub.

İş adamı deyib ki, sonradan payını nəsillərindən birinə satıb: "Mən öz payınmı satandan sonra binadakı işlərlə maraqlanmadım. Sultanməcidi binanın işlərinə baxan şəxs kimi tanıyırdım. Sonradan bina sakinləri, mülkiyyətçilər cəmiyyət yaratdılar. Sultanməcid də cəmiyyətin direktoru seçildi. Sultanməcidi həm biz, həm də sakinlər yaxşı adam kimi tanıyırdı. Hadisə baş verəndə mən Bakıda deyildim. Xəbər tutdum ki, lifti təmir edəndə mərhum liftin şaxtasını təmizləyirmiş. Bu, bədbəxt hadisədir. Heç kim istəməzdim ki, belə bir hadisə baş versin. Məhkəmədən də xahiş edirəm ki, qanunlar icazə verdiyi qədər təqsirləndirilən şəxslərə köməklik edilsin".

Suallara cavab verən iş adamı bildirib ki, binada aparılan tikinti işlərindən, liftin quraşdırılmasından xəbərsiz olub. O, pay sahibi olduğunu və görülən işlərə nəzarət etmədiyini deyib.

Təqsirləndirilən Sultanməcid Əzizov son ifadəsində deyib ki, hadisə baş verən binanın komendantı işləyib, sonra isə cəmiyyət yaradıb.

"Binanın vəsaitini yığa bilmirdim. Orada olan bütün işləri özüm tək görürdüm. Həmin gün mərhum Mahirə Yusifova evə tez getmək istədiyini dedi. O, buna görə işi tələsik görməyə çalışırdı. Mərhuma tapşırdım ki, şaxtaya girməsin, çünki biz Çingizlə lifti təmir edirik. Çingizi isə işlər ağır olan vaxtlar çağırırdım".

Suallara cavab verən Sultanməcid Əzizov qeyd edib ki, hadisə baş verən bina 2002-ci ildə tikilib, 2004-cü ildə istifadəyə verilib.

Digər təqsirləndirilən Çingiz Şıxəliyev də ifadəsində hadisə günü baş verənlərdən danışıb.

Onun sözlərinə görə, hadisə günü Sultanməcid Əzizov onu lifti təmir etmək üçün binaya çağırıb, lifti düzəldib, sonra yuxarı qaldırıblar, qəza da lift aşağı enən zaman olub: "Lift dayanmadı. Nə qədər etdimsə, mümkün olmadı. Hələ praktikamda liftlə bağlı belə hal görməmişdim. Mərhum qadının şaxtada oıduğunu bilmirdim. Çünkü Sultanməcid demişdi ki, aşağıda heç kəs yoxdur".

Sualları cavablandıran Çingiz Şıxəliyev bu işi görmək üçün lisenziyasının olmadığını söyləyib.

Qeyd edib ki, 1976-cı ildən 1994-cü ilə qədər lift işində çalışıb: "Bir müddət Rusiyaya getdim, orada çalışdım. Rusiyadan qayıdandan sonra heç kəs işə götürmədi, işsiz qaldım. Mən də lisenziyasız çalışırdım".

Prosesin davamında zərərçəkmişin hüquqi varisi, mərhum Mahirə Yusifovanın qardaşı Arif Yusifov ifadə verib.

O, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını, həmin şəxsləri bağışladığını bildirib: "Onlara yüngül cəza verilsin. Bunlar həbsdə qalsa, guya bacım geri qayıdacaq? Şikayət və tələbim yoxdur".

Növbəti məhkəmə iclası martın 5-də təyin edilib.

Bildirək ki, Bakı şəhər prokurorluğu liftin düşməsi nəticəsində xadimənin ölməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 4-də saat 12 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən, “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan 10 mərtəbəli yaşayış binasında cəmiyyətin idarə heyətinin sədri Sultanməcid Əzizovun texniki təhlükəsizlik qaydalarına əməl etmədən verdiyi göstərişi əsasında lift təmir edilərkən kabinənin 9-cu mərtəbədən şaxtada təmizlik işləri aparan Mahirə Yusifovanın üstünə düşməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

S.Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə digər təqsirləndirilən şəxs isə Çingiz Şıxəliyevdir. O, hazırda polis nəzarətindədir.

шаблоны для dle 11.2
Tarix: 24-02-2019, 17:45







TAM XƏBƏR
Facebook
Foto

Şuşadan ƏN SON görüntülər-

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?